Qədərə təslimiyyətin əhəmiyyəti
Allah bir başqa ayəsində isə, “Biz həqiqətən də, hər şeyi qədər ilə yaratdıq.” (Qəmər surəsi, 49) deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyaların, günəşin, ayın, dağların, ağacların, hər varlığın Allah qatında əvvəlcədən müəyyən edilmiş qədəri var. Məsələn, sınan bir antik vaz qədərində müəyyən edilmiş anda sınıb. Bir neçə yüzillik tarixi olan bu vaz hələ ilk dəfə istehsal ediləndə kimlərin onu istifadə edəcəyi, hansı evin hansı guşəsində hansı əşyalarla birgə duracağı bəlli olaraq yaradılıb. Vazın quruluşu, üzərindəki hər rəng qədərdə əvvəlcədən müəyyən edilmişdir. Vazın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən necə qırılacağı da Allah`ın hafizəsində yaşanmış olaraq mövcuddur. Hətta vazın ilk emal edildiyi an, ilk dəfə satılmaq üçün vitrinə qoyulduğu an, bir evin guşəsinə qoyulduğu an və sınaraq parça-parça olduğu an, qısası antik vazın yüzillər boyu mövcud olduğu hər an, Allah qatında tək bir an kimi mövcuddur. Vazı sındıran insan bir neçə saniyə bundan əvvəl belə bundan xəbərsiz olduğu halda, Allah qatında o an yaşanmışdır və bilinirdi. Buna görə də, Allah insanlara itirdiklərinə görə kədərlənməmələrini bildirir. Çünki bu qədərdə vardır və insanların da bunu dəyişdirmək ixtiyarı yoxdur. İnsanlar qədərlərində baş verən hadisələrdən ibrət götürməli, bunlardan dərs çıxarmalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daima qədərlərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını qoruyan Rəbbimizə yönəlməlidirlər.
Bu vacib həqiqətdən xəbərsiz yaşayan insanlar isə bütün həyatları boyu narahatlıq və qorxu içində olurlar. Halbuki, hər insanın hələ tək bir hüceyrə olduğu halından ilk dəfə oxuma, yazma öyrəndiyi ana, universitet imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətlərdə nə işlər görəcəyinə, hansı sənədlərə neçə dəfə qol çəkəcəyinə, harada və necə öləcəyinə qədər hər an Allah qatında bəllidir. Bu hadisələrin hamısı Allah`ın hafizəsində gizli olaraq mövcuddur. Bir insanın orta məktəb və universitet həyatı, 35 yaşını qeyd etdiyi anı, işinə başladığı ilk günü, ölərkən mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allah`a hesab verdiyi anlar da daxil olmaqla bütün həyatı tək bir an kimi Allah qatında mövcuddur.
Bir halda ki hər an Allah qatında yaşanmış, görülmüş və Allah`ın hafizəsində hazır olaraq mövcuddursa, belə bir həyat üçün narahat olmaq, qorxmaq, kədərlənmək böyük bir qəflətdir. Nə qədər cəhd etsə də, nə qədər qayğılansa da, bir insanın özü də, ailəsi də, yaxınları da onlar üçün Allah qatında hazır və yaşanıb bitmiş həyatı yaşayacaqlar.
Buna görə də, ağıl və vicdan sahibi hər insan bu həqiqəti qavrayaraq, Allah`a və Allah`ın yaratdığı qədərə qəlbən təslim olmalıdır.