MÜNAFİQLƏR

Münafiq kimdir?


Münafiq kimdir?

 

Quranda münafiqlər iman gətirmədikləri halda, iman gətirmiş kimi görünən, ona görə də aralarında yaşadıqları möminlərdən mənfəət əldə edəcəyini düşünən ikiüzlü insanlar kimi tərif edilirlər. Allah münafiqlərin fitnə-fəsad törədən olduğunu və möminlər arasında fitnə çıxarmağa çalışdığını, yəni möminlər arasındakı birliyi pozmaq üçün gizli fəaliyyət göstərdiyini bildirmişdir. Bu xüsusiyyətlərinə görə də onlar "nifaq (ayrılıq, fitnə-fəsad) salan" mənasını verən "münafiq" adlandırılırlar.

Münafiqlərin digər mühüm xüsusiyyəti möminlərin bəzi çətinliklərlə üzləşdiyi dövrlərdə həqiqi üzlərini göstərmələri, başqa vaxtlarda isə özlərini büruzə verməmələridir. Möminləri aldatdıqlarını düşünən bu insanlar, əslində, özləri yanılırlar. Allah aşağıdakı ayələrdə münafiqlərin yanıldığını belə bildirmişdir:

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allah`a və qiyamət gününə iman gətirdik", - deyirlər. Onlar elə güman edirlər ki, Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə surəsi, 8-10)

Din və axirət haqqında hər şeyi öyrəndikləri, elçini görüb tanıdıqları və möminlərlə birlikdə yaşadıqları halda, alçaqlıq edərək təkəbbürdən və dünyəvi mənfəət üçün imandan üz çevirmələri, fitnə çıxarmaları, elçiyə və möminlərə düşmənçilik etmələri, inkarçıların yanına gedib onları möminlərə qarşı təşviq etmələrinə görə, Allah onlara ən böyük əzabı vəd etmişdir:

Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan! (Nisa surəsi, 145)