MÜNAFİQLƏR

Münafiqlər təkəbbürlüdürlər


Münafiqlər təkəbbürlüdürlər

Təvazökarlıq, hər zaman xəta edəcəyini qəbul etmək və öyüd-nəsihətləri dinləmək möminin əsas xüsusiyyətlərindəndir. Lakin münafiqlər həm təkəbbürlü olur, həm də özlərini çox bəyənirlər. Öyüd-nəsihət dinləmir, xəta etdiklərini qəbul etmirlər. Ağıllı olduqları və hər şeyin ən doğrusunu bildikləri qənaətindədirlər. Üstəlik Allaha yaxşı bəndə olduqlarını iddia edirlər. Peyğəmbərimizin dövründəki münafiqlərin Peyğəmbərimizin onlar üçün bağışlanma diləməsini qəbul etməmələri təkəbbürlü olduqlarının açıq dəlilidir:

Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. (Münafiqun surəsi, 5)

Bundan başqa, müsəlmanlar onları səmimi mömin olmağa dəvət edib Allahın ayələrini xatırlatdıqları zaman da onlar lovğalanırlar. Qüsursuz olduqlarına inanıb ağılsızlıq edir, insani xətaları belə özlərinə yaraşdırmırlar. Allah onların lovğalığından belə bəhs edir:

Ona: “Allahdan qorx!”– deyildikdə lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir. (Saffat surəsi, 35)

Özlərini bütün xəta və nöqsanlardan uzaq gördükləri üçün etdikləri pislik və əxlaqsızlıqların axirətdəki qarşılığından xəbərsizdirlər. Təkəbbürlülük münafiqləri düşdükləri durumdan xilas olmağa imkan vermir. Möminlər müntəzəm olaraq xətalarını düzəldib kamilləşdikləri halda, münafiqlər məğrur həyatlarına daha da bağlanırlar. Xatırlatma və tövsiyələrdən heç faydalanmırlar. Allah bu vəziyyəti belə xəbər verir:

Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7) Eyni zamanda Quran oxuyarkən ayələri başqalarından bəhs edirmiş kimi şərh edir və ibrətamiz qissələrin hikmətlərini anlamırlar. Quran oxuduqları halda, ölümü, axirəti və cəhənnəmi özlərindən uzaq görürlər. Yaxşı niyyətli olduqlarını düşündüklərinə görə cəzaya layiq olmadıqlarını zənn edirlər.

Münafiqlər təkəbbürlərindən möminləri özlərindən aşağı görürlər. Malik olduqları hər hansı xüsusiyyətlərinə, məsələn, zənginlik, şöhrət, mövqelərinə görə təkəbbürlənir və bunlara sahib olmayan mömini özlərindən aşağı görürlər. Halbuki üstünlük yalnız təqva ilədir. Möminlər belə dünyəvi üstünlüklərə əhəmiyyət vermir, insanlara puluna, şöhrətinə görə deyil, imanlarına görə dəyər verirlər. Bu səbəbdən belə xüsusiyyətlərə görə təkəbbürlülük göstərən şəxslər möminlərin arasında dərhal nəzərə çarpırlar.