Nefs insana bütün gücü ilə pisliyi əmr edir
İnsanların ən böyük səhvlərindən biri hər şeyin səbəblərə bağlı olduğunu düşünmələridir. Məsələn, mallarını Allah yolunda xərclədikdə pullarının qalmayacağını zənn edirlər. Halbuki Allahın yaratmasında onların bilmədikləri bir sirr vardır. Allah infaq edənlərə dünyada və axirətdə verdiyi nemətini artıracağını bildirmişdir. Əlbəttə ki, Allah bunları səbəblərə bağlı olaraq göstərir. Məsələn, infaq etdiyi üçün bərəkəti artan insanın işləri yolunda gedir, asanlaşır və qazancı artır. Ya da azğın birisini mülayim sözlə razı sala bilməyəcəyini zənn edib, ona qarşı yalnızca güc tətbiq etməklə nəticə əldə edəcəyini düşünə bilər. Halbuki Allahın əmrinə tabe olan insan üçün Quranda bildirilən sirlər tək çarədir.
Allah Quranda bunlara bənzər daha bir sirr vermişdir:
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. (Mücadilə surəsi / 11)
Allah bir məclisdə yeni gələnlər üçün və ya sıxlığın azaldılması üçün yer açmaq lazım olduqda, möminlərin bu göstərişə dərhal tabe olmalarını əmr edir. Bu həm incə düşüncə, həm fədakarlıq, həm də itaət göstəricisidir. Allah bu davranışın əvəzində möminlərə genişlik verəcəyini və onları dərəcələrlə ucaldacağını bildirir. Hər bir insanın niyyəti və qəlbi Allahın əlindədir. Allah hər hansı davranışdan razı olduqda o insana hər cür nemət və gözəllik bəxş edər. Buna görə də möminlər hər şeyin nəticəsini və qarşılığını Allahdan gözləyirlər. Birisinə yer verərkən insanların təşəkkür və minnətdarlığını deyil, Allahın razılığını, qəlblərinə verəcəyi rahatlığı və genişliyi, həmçinin dərəcələrlə ucalmağı ümid edirlər.