MÖMİNLƏR

Təvəkkül dərin imanlı möminlərə xas bir xüsusiyyətdir


Təvəkkül dərin imanlı möminlərə xas bir xüsusiyyətdir

Təvəkkül dərin imanlı, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan möminlərə xas bir xüsusiyyətdir. Dərk edənlər üçün təvəkküldə önəmli sirr və hikmətlər vardır. Təvəkkül Allaha və yaratdığı qədərə tam təslimiyyət və inamın adıdır. Allah insanlar da daxil olmaqla canlı və cansız bütün varlıqları bir qədərlə yaratmışdır.

Məsələn, Günəşin, Ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik qarışqanın, budaqdan düşən tək bir yarpağın, stolunuzun üzərindəki bir toz dənəsinin, yolda gedərkən ayağınıza dəyən daşın, on il öncə aldığınız paltarın, soyuducunuzdakı şaftalının, valideynlərinizin, qohumlarınızın, məktəb yoldaşlarınızın, sizin, qısası, hər kəsin və hər şeyin Allah qatında milyonlarla il öncə təyin olunmuş bir qədəri vardır. Hər bir varlığın qədəri Allah qatında Lövhi-Məhfuz adlı bir kitabda yazılıdır. Kimin nə zaman öləcəyi, hansı yarpağın nə zaman hansı sürətlə yerə düşəcəyi, soyuducudakı şaftalının nə vaxt və hansı nöqtəsindən çürüməyə başlayacağı, daşın ayağınıza ilişmədən qabaq keçirəcəyi mərhələlər, ümumiyyətlə, böyük-kiçik hər hadisə bu kitabda yazılıdır.

Möminlər qədərə iman gətirirlər və Allahın yaratdığı qədərin ən xeyirli və ən gözəl olduğunun fərqindədirlər. Bu səbəbdən də hər an təvəkküllüdürlər.Yəni hadisələri Allahın bir hikmətlə yaratdığını və başlarına nə gəlir gəlsin, Allahın bunda bir xeyir dilədiyini bilirlər. Məsələn, ağır xəstəliyə tutulmaq, çox çətin və mərhəmətsiz bir düşmən ordusu ilə üz-üzə gəlmək, günahsız olmasına baxmayaraq, iftira ilə qarşılaşmaq kimi insanın ağlına gələ biləcək ən qorxulu hadisələr belə möminləri əsla təlaş və qorxuya salmır. Onlar Allahın özləri üçün təqdir etdiyini səbir və mətanətlə gözləyirlər. İman gətirməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələrdən, əksinə, böyük zövq alarlar. Çünki ən qorxulu görüntü və söhbətləri belə Allah hələ insan doğulmadan öncə qədərində onun imtahanı üçün yaratmışdır. Bunları səbir və təvəkküllə qarşılayanlar, Allaha və Onun yaratdığı qədərə təslim olub inananlar Allahın razılığını və sevgisini qazanacaq və qarşılığında sonsuzadək cənnətdə yaşayacaqlar. Möminlər həyatları boyunca təvəkkülün verdiyi rahatlığı və sevinci yaşayırlar. Bu Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir. Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir: Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali-İmran surəsi, 159) Təvəkkül haqqında Quranda başqa mövzu isə tədbirdir. Quranın bir çox ayəsində möminlərin müxtəlif mövzularda necə tədbir almalarından bəhs edilir. Allah alınan tədbirin qədəri dəyişməyəcəyini, ancaq bunların bir ibadət olaraq qəbul ediləcəyini də bir çox ayədə insanlara sirr olaraq bildirir. Hz. Yaqubun (əs) oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardında təvəkkülü xatırlatması buna bir misaldır:

O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər” (Yusuf surəsi, 67)

Hz. Yaqubun (əs) sözlərindən də göründüyü kimi möminlər mütləq hər mövzuda tədbir alırlar. Ancaq Allahın özləri üçün təqdir etdiyini dəyişdirə bilməyəcəklərini də bilirlər. Məsələn, bir insan yol hərəkəti qaydalarına çox diqqət etməli və maşınını təhlükəli sürməməlidir. Bu özünün və digər insanların həyatı üçün vacib tədbir və ibadətdir. Ancaq əgər Allah bu insan üçün yol qəzasında ölməyi yazıbsa, alacağı heç bir tədbir onun ölümünün qarşısını ala bilməz. Bəzən bir insanın aldığı tədbir və ya gördüyü iş onu xilas etmiş kimi görünə bilər və ya insan ani bir qərarla bütün həyat tərzini tamamilə dəyişdirə bilər, bir başqası tutulduğu ölümcül xəstəliyə güc və iradə göstərərək qalib gələ bilər. Ancaq bütün bunlar o insanların qədərlərində olduğu üçün belədir.

Bəzi insanlar bu kimi hadisələri “qədərinə qalib gəldi” və ya “qədərini dəyişdirdi” kimi çox bəsit, məntiqsiz və yanlış düşüncə ilə qiymətləndirirlər. Halbuki heç bir insan Allahın özü və başqaları üçün yazdığı qədəri dəyişdirə bilməz. Heç kəs belə bir gücə sahib deyildir. Əksinə hər bir varlıq Allahın yaratdığı qədər qarşısında acizdir və təbii olaraq da qədərinə təslimdir. Sadəcə bir çoxları bunu qəbul etmək istəmir. Qədərin varlığını inkar etmək də onun qədərindədir, əslində. Belə ki, xəstəlikdən və ya ölümdən qurtulan, ya da həyat tərzini tamamilə dəyişən insanlar hamısı qədərlərində olduğu üçün bunları yaşayırlar. Allah bir ayədə bu barədə belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki,Biz onu yaratmamışdan əvvəl o,Yazıda (müəyyən edilmiş) olmasın.Şübhəsiz ki,bu,Allah üçün çox asandır.(Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə (həddindən artıq) sevinməyəsiniz deyə (belə izah edir).Allah heç bir özündən razını,özünü öyəni sevmir.(Hədid surəsi,22-23)

Ayədə də bildirildiyi kimi, insanın qarşılaşdığı hər hadisə Allah qatında bir kitabda öncədən təyin edilmiş bir yazıdır və Allah bu səbəbdən insana itirdiklərinə görə kədərlənməməsini buyurur. Məsələn, böyük bir yanğında və ya girdiyi ticarət mərkəzində bütün varını itirən bir insan bunu qədərində olduğu üçün yaşayır. Bunun qarşısını almaq və ya qabaqlamaq mümkün deyil. Nəticədə bunun üçün kədərlənməsi də mənasızdır.

Allah insanları qədərlərində təyin etdiyi bir çox hadisələrlə sınayır. Bu hadisələrdə təvəkkül edənlər Allahın razılığı və sevgisini qazanırlar. Təvəkkülsüzlük edənlər isə həm dünya həyatını sıxıntı, narahatlıq və bədbəxtliklə keçirir, həm də axirətdə sozsuz bir əzabla qarşılaşırlar. Təvəkkül insan üçün həm dünyada, həm də axirətdə böyük qazanc və asanlıqdır. Allah təvəkküllə bağlı sirləri möminlərə bildirərək onların üzərindən yükləri qaldırmış və dünyadakı imtahanlarını asanlaşdırmışdır.