Quran

Allah hər kəsin dualarını qəbul edir


Allah hər kəsin dualarını qəbul edir

Sonsuz mərhəmət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Özünə dua edənlərin duasını qəbul etdiyini bildirir. Bununla əlaqədar ayələrdən biri belədir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.
(Bəqərə surəsi, 186)

Allah ayədə də bildirdiyi kimi, hər kəsə çox yaxındır. O, bütün insanların arzusunu, düşündüklərini, pıçıltı ilə danışdıqlarının hamısını bilir. Dolayısilə, Allah Ona dua edib bir şey istəyən hər kəsi eşidir. Bu, insanlar üçün böyük nemətdir və Allahın rəhmətinin və sonsuz gücünün təzahürüdür.

Allah sonsuz güc və elmə sahibdir və dünyadakı hər şeyin sahibidir. Güclü kimi görünən bütün insanlar, zənginliklər və ehtişamlı göy cisimlərindən tutmuş yerin dərinliyində yaşayan kiçik canlılara qədər hər varlıq Allaha aiddir və Onun iradəsinə tabedir.

Bu həqiqətə iman gətirən insan Allahdan hər şey istəyə bilər və Allahın duasını qəbul etməsini uma bilər. Məsələn, ağır xəstəliyə tutulan insan mütləq bütün tibbi tədbirləri almalıdır. Lakin şəfanı Allahın verdiyini bilib dua etməlidir. Bununla yanaşı, daxilən hər hansı bir əndişəsi olan insan Allahın qəlbinə rahatlıq verib bütün qorxulardan xilas olması üçün dua edə bilər. Həmçinin işdə çətinliklə qarşılaşdıqda yenə Allaha dua etməklə asanlıq istəyə bilər. Bu istəklərin sayını daha da çoxaltmaq olar.

Lakin bu mövzuya aid Quranda bir sirr də vardır. Allah bir ayədə “İnsan xeyir dilədiyi kimi, şər də diləyir” (İsra surəsi, 11) şəklində bildirir. Məsələn, bir şəxs uşaqlarının gələcəyi üçün Allahdan böyük mülk və zənginlik istəyə bilər. Lakin Allah onun diləyində bir xeyir görməyə bilər. Ola bilər ki, zənginlik uşaqların ərköyün böyüyüb sonra da yolunu azmasına səbəb olar. Allah həmin adamın duasını eşidər və ona ən xeyirli şəkildə qarşılıq verər. Yaxud birisi getdiyi yerə tez çatmaq üçün dua edər və yolda tanışına rast gəlib yubanar. Bəlkə də həmin adamdan axirəti üçün faydalı yeni sözlər eşidər. Odur ki, Allah bunu bilir və həmin adamın duasına ən xeyirli şəkildə qarşılıq verər. Yəni ki, Allah o insanı eşidir, amma onun üçün xeyir görmürsə, daha xeyirli olanı yaradır. Bu, çox əhəmiyyətli sirdir.

Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duası gerçəkləşmədikdə Allahın onu eşitmədiyini zənn edir. Bu, çox yanlış və cəhalətli inancdır. Çünki Allah insana şah damarından da yaxındır (Qaf surəsi, 16). O, insanların hər danışığından, hər düşüncəsindən və həyatının hər anından xəbərdardır. İnsan yatarkən belə Allah onun hər halını və yuxuda gördüklərini bilir. Bunların hamısını Allah yaradır. Dolayısilə, insan hər dəfə Allaha dua etdikdə bu duanın bir ibadət olaraq qəbul edildiyini bilməli və duasına ən xeyirli zamanda və ən xeyirli şəkildə qarşılıq veriləcəyinə iman gətirməlidir.

Dua hər insan üçün dəyərli ibadət və böyük nemətdir. Çünki Allah insana dua vasitəsilə Özünün xeyirli və gözəl gördüyü hər şeyə çatmaq imkanı vermişdir. Allah “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi” (Furqan surəsi, 77) ayəsi ilə duanın insanlar üçün əhəmiyyətini bildirir.