Qədər

Gələcək qorxusu vicdana uyğun qərarlar qəbul etməyə mane olmamalıdır


Gələcək qorxusu vicdana uyğun qərarlar qəbul etməyə mane olmamalıdır

İnsanlar iman gətirib həyatlarını Allahın razı olacağı və vicdanlarına uyğun şəkildə yaşamaq istiqamətində qərar verəcəkləri zaman şeytanın müxtəlif təlqin və yalanları ilə qarşılaşırlar. Bu əslində onların səmimiyyətlərini və gerçək fikirlərini ortaya çıxaracaq vacib sınaq və mühüm bir dönüş nöqtəsidir.

 Ya həqiqətən iman edəcək və həyatındakı ən vacib məsələ Allahın sevgisini qazanmaq, Allahın istədiyi kimi yaşamaq olacaq, ya da dünyada necə daha yaxşı yaşamaq olar və necə daha çox gəlir əldə etməyin hesabını apararaq bu mənfəətləri əldə etməyə çalışacaq.

 Məhz bu ikinci variantdakı düşüncəyə qapılan insanlar üçün dünya həyatında yaxşı yaşamağın, onlara görə "olmazsa olmaz" qəbul edilən bəzi dəyərləri var. Hər kəsin çox yaxşı bildiyi kimi, bunlar sərvət, mal-mülk sahibi olmaq, cəmiyyətdə müəyyən mövqe və etibar qazanmaq, elit sayılan mühitə daxil olmaqdır. Bu insanların həyatdakı məqsədləri bu dəyərləri əldə etmək üzərində qurulub. Kiçik yaşlarından etibarən uşaqlarına verdikləri təlqinlər bu məntiqi alıb bu istiqamətdə mübarizə aparmalarına istiqamətlənib.

 İnsanların böyük əksəriyyətində mövcud olan bu dünyagörüşünün arxasında gizlənən həqiqət isə şüuraltındakı "gələcək qorxusu"dur. Şeytan iman və imansızlıq arasında seçim etməkdə olan insanlara bu mühüm həqiqəti unutduraraq yaxınlaşır: dünyadakı maddi-mənəvi hər şeyin yeganə sahibi Allahdır. Heç bir insanın Allahdan müstəqil bir gücü yoxdur. Heç bir insan öz səyi ilə hər hansı bir şeyi əldə etmə gücünə malik deyil. Heç bir insan hiyləgərlik etdiyi və ya mənfəətlərini yaxşı qoruduğu üçün hər hansı bir neməti əldə edə bilməz. Bütün bunlar ancaq və ancaq Allah istəsə, mümkün olar. Allah bir insana zənginlik, gözəllik, ehtişam, mal-mülk, etibar vermək istəsə, bunu istədiyi anda edər. Bu mühüm həqiqət heç vaxt unudulmamalıdır. Əgər bir insan qərarlarını qəbul edərkən hər şeyi yarada biləcək yeganə güc sahibinin Allah olduğunu unudaraq hərəkət edərsə, gücü insanlarda axtararsa, Allah o insana heç vaxt həqiqi xoşbəxtliyi nəsib etməz. O şəxs bəlkə dünyanın bütün maddi nemətlərini əldə edər, amma bu nemətlərin heç biri ona yaşayacağını güman etdiyi gözəl həyatı verə bilməz. Allah ancaq Özünə yönələn, nemətin tək sahibinin Allah olduğunu bilən qullarına nemətin gözəlliyini yaşadır.

 İnanclı bir insanı istiqamətləndirən güc mənfəət deyil, imanı və Allaha olan güvəni olmalıdır. Özünü qoruyacaq, nemət verəcək tək gücün Allah olduğunu bilməli və qərarlarını verərkən, heç bir dünyəvi mənfəət güdmədən, ancaq bu təslimiyyətlə qərar verməlidir.

 Bunu həyatın içindən bəzi nümunələr verərək daha yaxşı başa düşülməsini təmin edə bilərik:

 Bir insanın həyat yoldaşı zəngin, heç bir maddi sıxıntısı olmayan, çox etibarlı biri ola bilər. Ancaq iman gətirmir və ya pis əxlaqlıdır, yaxud da həyat yoldaşına qarşı zorakılıq edir, ona dəyər vermir. Bu insan həyat yoldaşının hərəkətlərinə görə çox pis yaşayır. Ancaq sırf həyat yoldaşından ayrıldığı təqdirdə maddi çətinlik çəkəcəyini düşündüyü üçün doğru olan addımı atmır və bu zülmün əsiri olmağa davam edir
 

Yaxşı bir şirkətdə yüksək maaşla işləyən bir insan iş yerindəki müdirinin korrupsiya ilə məşğul olduğunu, pul mənimsədiyini, vergidən yayındığını və ya digər bir qanunsuzluq etdiyinə şahid olur. Bu məqamda bu həqiqəti açıqlayıb-açıqlamamaq arasında vicdanını sorğu-sual etmək məcburiyyətində qalır. Həqiqətləri desə, işdən qovulacaq, aldığı yüksək maaşı itirəcək və həyatı bu baxımdan çətinləşəcək. Amma əksində də doğru olanı edəcək və dürüst bir davranış nümayiş etdirərək yalana, ədalətsizliyə, qanunsuzluğa ortaq olmamış olacaq.
 

Maddi imkanı yerində olmayan və ölümcül bir xəstəliyə tutulmuş olan bir yaxınının müalicə xərclərini ödəyəcək gücdə olan bir insan vicdanında bu mühakiməni etmək məcburiyyətində qalır. "Onsuz da qısa müddət sonra böyük ehtimalla öləcək olan bir insan üçün bütün sərvətini xərcləməyə ehtiyac varmı?". Bunun əvəzinə pulu yox imiş kimi davranıb, ya da başqa bir bəhanə ilə bu insandan üz döndərmək ona daha yaxşı bir yol kimi görünür. Çünki əks təqdirdə əmək sərf edib topladığı mal-mülk ona görə, məntiqsiz bir şəkildə yox olmuş olacaq.
 

Nümunə göstərilən bu insanlar Allaha güvənib-güvənməmək arasında tərəddüd edirlər. Halbuki özünə nemət verəcək olanın ancaq və ancaq Allah olduğunu bilən bir insan bir an belə düşünmədən doğru olan davranışı edər. Bilər ki, dürüst olduğu, Allahdan yana olduğu, vicdanlı davrandığı təqdirdə, Onu Allah qoruyacaq və ona ehtiyacı olan neməti başqa bir yoldan nəsib edəcək.

Əlbəttə ki, təvəkkül insanın məntiqsiz şəkildə heç bir səbəbə sarılmadan, heç bir səy göstərmədən dayanıb ehtiyacı olan şeyi əldə etməyi gözləməsi deyil. Amma səmimi insanın hər zaman, hər məsələdə heç vaxt imtina etməyəcəyi bir ölçüsü var. Hansı vəziyyətlə qarşı-qarşıya olursa-olsun,  qarşısındakı variantlar arasından mütləq Allahın ən razı olacağı və vicdanına ən uyğun olanı seçməlidir. Mənfəətinə ən uyğun olanı və ən məntiqli görünəni seçməli deyil.

Allah Quranda bu yüksək əxlaq anlayışını dərk etməyimiz üçün bir çox nümunə vermişdir:

Fironun xanımı Misirə və içərisindəki misilsiz sərvətə sahib olan Fironu inkar etdiyi üçün heç düşünmədən tərk etmişdir. Xoşbəxtliyi, neməti, sərvəti özünə verə biləcək yeganə gücün yalnız Allah olduğunu bilərək bir anda bütün bu sərvətdən üz çevirmişdir.

Yenə Peyğəmbərimizin (səv) dövründə İslamla tanış olan əshabələr heç düşünmədən bütə sitayiş edən ailələrinin onlara verəcəyi imkanları tərk edərək Peyğəmbərimizin (əv) yanında olmuşlar.

Hz. Yusif Misirdə bir vəzirin sarayında yaşayarkən bütün bu imkanları bir anda tərk etmiş, Allahın razı olmayacağı bir mühitdə olmaqdansa, vicdanının səsinə qulaq asmış və illərlə zindanda qalmağı üstün tutmuşdur. İnsanlara maddi-mənəvi hər cür neməti verə biləcək yeganə gücün Allah olduğunu bilərək, Allaha güvənərək hərəkət etmişdir. Belə ki, bu əxlaqı nəticəsində Allah onu Misirə hökmdar etmişdir. 

Firon hz.Musa və qövmünü iki dəniz arasında sıxışdırdığı zaman hz. Musa Fironun ordularına, gücünə baxıb aldanmamış, Allaha güvənib Allahdan yana olmuşdur. Allah bu əxlaqına qarşılıq möcüzə yaradaraq peyğəmbəri və inananları xilas etmiş, Firon və ordularını isə suda boğmuşdur. 

Məhz bütün bu nümunələr bizə Allaha güvənib Allahdan yana, vicdandan yana hərəkət edib düzgün qərarlar verdikdə, Allahın mütləq bizə bir yol açacağını göstərir. 

Allah bir ayədə bizə bu həqiqəti belə xatırladır:

 Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)