Dünya həyatı əsl həyatımız deyil
Bir çox insan dünyada qüsursuz və mükəmməl bir həyatın qurula biləcəyinə inanır. Vacib maddi imkanların əldə ediləcəyi təqdirdə bu dünyadakı həyatın insanı tamamilə razı və xoşbəxt edə biləcəyini düşünür. Geniş yayılmış fikrə görə, insan maddi baxımdan zəngin olarsa, bu zəmində ailə qurarsa, cəmiyyətdə güclü mövqeyə sahib olarsa və digər insanların qarşısında hörmət qazanarsa, qüsursuz həyata sahib olmuş olar. Bu anlayış Quranda qəti şəkildə rədd edilir. Əksinə, Qurani-Kərimdə dünyada sürdüyümüz ömrün əsla nöqsansız, mükəmməl olmayacağı bildirilir. Çünki həyat belə qurulmuşdur.
"Dünya" kəlməsinin kökü çox önəmli bir məna verir. Bu kəlmə ərəbcə "dəniy" sifətindən əmələ gəlmişdir. "Dəniy" isə alçaq, zəlil, bəsit, dəyərsiz kimi mənalara gəlir.
Necə ki, Qurani-Kərimdə dünya həyatının dəyərsizliyi, əhəmiyyətsizliyi tez-tez vurğulanır. Dünya həyatını gözəlləşdirdiyi düşünülən zənginlik, ailə, mövqe, mənsəb, müvəffəqiyyət kimi amillər Qurana görə müvəqqəti və aldadıcı səhnədən başqa bir şey deyil. Allah bir ayədə dünya həyatı haqqında bunları bildirir:
“Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir.” (Hədis surəsi, 20)
Başqa ayələrdə də insanın dünya həyatına görə necə aldanması belə göstərilir:
“Lakin siz dünyanı üstün tutursunuz, halbuki axirət daha xeyirli və daha sürəklidir.” (Əla surəsi, 16-17)
Ayələrdə də bildirildiyi kimi, sözügedən insanlar dünya həyatını axirətdən üstün tuturlar. Bunu edərək Allaha iman gətirmir və Qurani ayələrindən üz çevirirlər. Qurani-Kərimdə bu insanlar:
"Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanlar” (Yunis surəsi, 7) şəklində təqdim edilməklə hər birinin sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqları bildirilir. Əlbəttə, dünya həyatının əskiklikləri bu dünyada gözəl şeylərin heç olmaması mənasına da gəlmir. Əksinə, Allah dünyada cənnəti xatırladacaq qədər bir çox gözəl nemətlər yaratmışdır. Lakin bu gözəlliklərlə yanaşı, cəhənnəmə aid olan nöqsanlar da vardır.
Dünyada imtahan edilmək üçün cənnət və cəhənnəmə aid xüsusiyyətlər birlikdə yaradılmışdır. Beləliklə, möminlər həm cənnət və cəhənnəm haqqında fikirləşir, həm də dünyadakı qısa və keçici həyata yönəlmək əvəzinə həqiqi, qüsursuz və əbədi həyat olan axirət həyatına yönəlirlər. Allahın qulları üçün seçdiyi həyat məhz axirət həyatıdır. Axirət Qurani ayələrində insanların həqiqi və əbədi yurdu olaraq tərif edilir.
Ancaq yuxarıda da bildirdiyimiz kimi, bəzi insanlar dünyada mükəmməl həyat qurulacağını zənn edir, dünya həyatına aid olan böyük nöqsanların isə təbii olduğunu düşünürlər. Məsələn, xəstə olmaq onlara təbii hal kimi görünür. Yorğunluq, sıxıntı kimi anlayışlar da eyni şəkildə təbii qarşılanır. Əslində isə Allah dünya həyatına aid bütün nöqsanları çox böyük hikmətlərlə yaratmışdır. İnsanın vəzifəsi bu hikmətlər üzərində dərindən düşünmək və bunlardan özü üçün nəticə çıxarmaqdır.
İnsan heç bir zaman xəstə olmayacaq, heç bir zaman yorulmayaq, heç vaxt yatıb dincəlmək məcburiyyətində qalmayacaq, heç bir yorğunluq hiss etməyəcək qədər güc və enerjiyə sahib ola bilərdi. Allah istəsə idi, insanı bütün bu nöqsan və əskikliklər olmadan yarada bilərdi. Ancaq Allah bu şəkildə yaratmaqla insana onun (insanın) acizliyini və zəifliyini göstərir.
İnsan dünya həyatının hər anında öz acizliyi və zəifliyi ilə dəfələrlə üzləşmək məcburiyyətində qalır. Əvvəlcə, çox dəyər verdiyi bədəni ona bu vəziyyəti davamlı xatırladır. İnsan hər səhər yuxudan oyandıqda yeni günə üzü şişmiş formada başlayır. Ağzında xoş olmayan qoxu olur, həmçinin üzü, saçı və bədəni kirli olur. Yuyunmadıqca çölə çıxa bilmir. Üstəlik, bu təmizliyi gün ərzində tez-tez təkrarlamalı olur. Çünki üstündən bir neçə saat keçdikdən sonra səhər etdiyi təmizlik yoxa çıxır. Bir neçə gün təmizlik etməsə, ətrafındakıları narahat edəcək bir vəziyyətə düşür.
İnsan bədəni daş, metal kimi möhkəm maddələrdən deyil, çox davamsız bir maddədən- ətdən yaradılmışdır. Bu ətdən olan bədən incə dəri ilə örtülür. Hər an kiçik bir qəza ilə bu dəri yırtıla bilər. Ət də öz quruluşuna görə son dərəcə davamsızdır. Bəsit zərbələrdən zədələnir, forması dəyişir, qaralır və yaralana bilir. İnsan yaşlandıqda əvvəlki şuxluğu və canlılığı itir, büzüşməyə və təravətini itirməyə başlayır. İnsan öldükdən sonra isə çürümə prosesləri başlayır. Torpağa qoyulduqdan bir neçə həftə sonra bədən parçalanmağa başlayır, qurdlanır, bakteriyalar tərəfindən yeyilir və torpağa qarışır.
Yuxarıda bildirdiyimiz kimi, bütün bunlar insana acizliyini göstərmək və dünyanın əskik xüsusiyyətlərini xatırlatmaq üçün xüsusi olaraq yaradılmışdır. Elə isə insan ət yerinə sağlam və təmiz maddədən yaradıla, ağrı-acıdan, xəstəlikdən və pislikdən tamam uzaq tutula bilərdi. Bütün bunlar, əslində, insanın Allaha nə qədər möhtac olduğunu, dünyanın "qüsurlu" yer olduğunu göstərmək və insana öz acizliyini hiss etdirmək üçün belə yaradılıb.
İnsan bu nöqsanlara baxaraq həm öz acizliyini, həm də digər insanların dünya həyatındakı gücünün nə qədər müvəqqəti olduğunu anlaya bilir. Gözündə böyütdüyü insanlar da onun elə özü qədər aciz, nöqsanlı və qüsurlu insanlardır.
Ancaq insanların çoxu bunları anlamır, əskiklikləri və qüsurları görmür, buna görə də dünya həyatı ilə razılaşır. Əslində, bu, çox böyük ağılsızlıq və cəhalətin əlamətidir.
Quranda bu insanlar belə təsvir edilir:
"Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!. Onların bilik səviyyəsi budur...." (Nəcm surəsi, 29-30)
Ayədə də bildirildiyi kimi, axirətlə bağlı qəflətdə olub dünya həyatına bağlanmaq "elm" sahibi olmamağın nəticəsidir.
O halda, öyrənməli olduğumuz "elm" nədir? "Dünya həyatına bağlanmamaq" üçün öyrənməli olduğumuz elm Allahın bizlərə vəd etdiyi cənnətin bilgisidir. İnsanın cənnətdən bəhs edən Qurani-Kərim ayələri haqqında elmə sahib olması və bu ayələr üzərində dərindən düşünməsi bu istiqamətdə atılacaq ən vacib addımdır.
Allah Quranda əsl yurdu belə bildirir:
“Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!” (Ənkəbut surəsi, 64)