Qədər

Bir gün yox, bir ömür boyu şükür etmək


Bir gün yox, bir ömür boyu şükür etmək

İnsanların bir çoxu xoş xəbər aldıqda, ya da çox sevdikləri bir əşyaya sahib olduqda, yaxud da gözləmədikləri bir anda gözəl bir hadisə ilə qarşılaşdıqda sevinir və Allaha şükür etməyə başlayırlar. Yalnız sevindirici xəbər aldıqda və ya müsbət bir şey olduqda Allaha yönəlib şükür etmək lazımdır? Şükürün yeri və zamanı varmı? Allahın qullarına əmr etdiyi bu ibadətin hikmətləri nələrdir, Quranda necə bildirilir?

İnsanın Allaha qarşı hər an minnətdar olması və bu hissin söz və əməllə ifadəsi olaraq bilinən şükür ibadəti Quranda tez-tez diqqət çəkilən və ömür boyu yerinə yetirilməli olan çox vacib ibadətdir.

Halbuki insanların bir qismi şükür etməyi fərqli şəkildə qavrayır və yalnız xoşlarına gələn nemətlər və ya hadisələr qarşısında şükür etməli olduqlarını düşünürlər. Halbuki şükür insanın başına nə gəlirsə-gəlsin, həyatında müsbət və ya mənfi nə olursa-olsun, qeyd-şərtsiz Allaha minnətdar olması, Ondan gələn hər şeyi gözəl görməsi, Allahın yaratdığı hər hadisədə bir xeyir olduğunu bilərək və qədərə razı olaraq Ona boyun əyməsidir.

Bu məqamda bir sual yarana bilər. İnsanın öz lehinə olan bir hadisə qarşısında şükür etməsi normaldır, amma əleyhindəki bir vəziyyət qarşısında necə və niyə şükür etməlidir?

İnsanın hər bir vəziyyətdə şükür edə bilməsi, Allaha çox dərin və qarşılıqsız sevgi bəsləməsi Onun uca vəsflərini çox yaxşı qavraması ilə birbaşa əlaqəlidir. Allahı tanıyan, Allahı çox sevən, eşqlə Allaha bağlı olan bir insan Ona olan sevgisini hər fürsətdə dilə gətirmək istəyər. Şükür Allaha olan heyranlığın ifadə etmə formalarından biridir. Hər an, hər saniyə qəlbində bəslədiyi bu coşğunu daimi olaraq anlatmaq, ifadə etmək istəyidir. Nəfəs almadan necə ki, yaşaya bilmirsə, Sevgilisini yada salıb şükür etmədən də yaşaya bilməz. Çünki ruhu, qəlbi, bütün mənliyi hər an Allahı hiss edir, Allahın varlığının sonsuz dəlillərini idrak edir. Hər baxdığı yerdə Onu görür və Onun sonsuz sənətinə, gücünə olan heyranlığını hər an zikr etmək istəyir. Bu şövq təbii olaraq insanı şükür etməyə yönəldir.

Digər tərəfdən Allah aşiqi bir insan hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyinin, bunların heç birinə özünün gücü çata bilməyəcəyini və yalnız Onun diləməsi ilə bu nemətlərə qovuşa bildiyinin fərqindədir. Hər şeyin, hər nemətin yalnız Allahdan olduğunu bilir və hər nemətin şükrünü etməyə çalışır. Sevgilisi olan Allah onu sevməkdən yorulmadığı kimi, o da Allahı sevməkdən yorulmur. Allah ona nemət verməkdən bir an belə yorulmadığı kimi, o da Allaha təşəkkür etməkdən yorulmur.

Şükür etməyin bir mənası da Allahdan razı olmaq, Allah nə verirsə, onunla xoşbəxt olmaqdır. Az imkan verdisə, ondan da məmnun olmaq, az gözəllik yaratdısa, onu böyük gözəllik olaraq görməkdir. Kiçik bir süfrəsi də olsa, Allah aşiqi onunla xoşbəxt olar. Bir gözü yoxdursa, digər gözü olduğu üçün şükür edər. İki gözü də görməsə, nəfəs ala bildiyinə, yemək yeyə bildiyinə, əllərindən istifadə edə bildiyinə sevinər. Hər şəraitdə halına şükür edər. Sevgilisi olan Allahı zikr edib ucaldar.

Ancaq bəzi insanlar var ki, Allahı çox sevdiklərini və Ondan gələn hər şeyə razı olduqlarını dilləri ilə söylədikləri halda, həyatlarında əleyhlərinə kimi görünən ən xırda bir hadisə olduqda, məsələn, istədikləri bir şeyi əldə edə bilmədikdə, sevdikləri insan sevgilərinə qarşılıq vermədikdə, zəhmətlərinin qarşılığını görə bilmədiklərini düşündükdə, planlaşdırdıqları istirahətə gedə bilmədikdə, gözlənilməyən bir hadisə qarşısında pul itirdikdə, sağlamlıqlarını itirdikdə, çox hazırlaşdıqları imtahandan keçə bilmədikdə və buna bənzər mənfi kimi görünən hadisələrlə qarşılaşdıqlarında münasibətləri birdən-birə dəyişir. Üsyan və bədbinlik hissi içərisində düşüncələri anidən mənfi hal almaya başlayır. "Başqaları sağlam olduğu halda, sənin sağlamlığın niyə pozuldu?", "niyə hər kəs rahat yaşayarkən sən çətinlik çəkirsən?", "hər kəsin işi rahat gedərkən niyə sənin işlərində problem çıxır?", "bu qədər əmək sərf etdiyin halda, layiq olduğun qarşılığı niyə görmürsən?" kimi sualları təkrar edərək özlərini sanki bir müammanın içinə salırlar. Bu kimi mənfi düşüncələrə qapıldıqca doğrunu və yanlışı ayırd edə bilməyəcək səviyyəyə gəlirlər. Bu insanların əslində bir problemi var: Allahı lazımi şəkildə tanımamaq, Onun hər şeyi yaratmağa qadir olduğu gerçəyinin şüurunda olmamaq, Onu yetərincə sevməmək, Onun istər özü, istərsə bütün kainat üzərindəki qoruyuculuğunu, sevgi və mərhəmətini anlamamaq. Allahı bütün vəsfləri ilə tanıyan, Onun hər şeyi hikmət və xeyirlə yaradan və qullarını çox sevən olduğunu bilən bir insan isə mənfi kimi görünən heç bir hadisə qarşısında sarsılmaz və Allaha olan güvənini itirməz. Onun bütün bu neqativ düşüncələrə, digər sözlə vəsvəsələrə verəcək bir cavabı var: “Rəbbim nə yaradırsa, xeyirlə, gözəlliklə yaradır. Mütləq bu hadisədə də mənim üçün xeyir var, gözəllik var”.

Bu bir təsəlli deyil, həqiqətdir. Allah hər şeyi xeyir və hikmətlə yaradır. Heç bir şeyi qullarının çətinlik çəkməsi və ya sıxıntıya düşməsi üçün yaratmaz. Dünya imtahan yeri olduğu üçün insanın bu dünyada kamilləşməsi və cənnətə gedəcək əxlaqa çatması lazımdır. Bu əxlaqı qazanması üçün də bəzən çətinliklərlə, xəstəliklərlə, əzab və sıxıntılarla, yoxsulluqla tərbiyə edilməsi şərtdir. Bu səbəblə hər insan müxtəlif imtahanlarla tərbiyə edilir.

Allah aşiqi bir insan bu həqiqəti bilərək başına gələn hər hadisədə səbir göstərir, nə ilə qarşılaşırsa-qarşılaşsın, Allaha şükür edir və qədərini izləməyə davam edir. Qarşılaşdığı hadisələrin hikmətini dərk etməsə belə, "Allahım, Sən bunu mütləq bir hikmətlə yaratdın. Mənə verdiyin hər şeydən razıyam, verəcəyin hər bir xeyirə möhtacam" deyər. O inancla dayanmadan Allaha dua edib minnətdarlığını dilə gətirər.

Çətinlik anında nankorluğa düşənlərdən olmamaq üçün bu dünyanın imtahan dünyası olduğunu dərk etmək, imtahan anlarını yaxşı qiymətləndirmək, Allahın yaratdığı hər hadisəni şükürlə qarşılamaq lazımdır. Çətinlik və çətinliklərin ardındakı gözəl hikmətləri görməyə çalışmaq, şükür ibadətini haqqı ilə yerinə yetirməyə də səbəb olacaq.