AXİRƏT

Bağlı qapıların arxasındakı əbədi həyat


Bağlı qapıların arxasındakı əbədi həyat

Kafirlər cəhənnəmə girdikdən sonra cəhənnəmin qapıları onların üzünə bağlanacaq və onlar ən dəhşətli mənzərələrlə qarşılaşacaqlar. Bir azdan oda atılacaqlarını və əbədi olaraq orada qalacaqlarını dərk etmişlər. Qapıların bağlanması artıq xilas olmağın və ya qaçışın mümkün olmadığını göstərir. Allah inkarçı kafirlərin vəziyyətini belə təsvir edir:

"Ayələrimizi  inkar edənlər isə sol tərəf sahibləridir! Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!" ("Bələd" Surəsi, 19-20)

Kafirlərin qarşılaşdığı əzab Quran ifadəsi ilə desək, "böyük əzab" ("Ali-İmran" Surəsi, 176), "şiddətli əzab" ("Ali-İmran" Surəsi, 4), "qəzəbli əzab"dır ("Ali-İmran" Surəsi, 21). İnsanın dünya həyatında malik olduğu düşüncə cəhənnəm əzabını tam olaraq dərk etmək iqtidarında deyil. Bir neçə saniyə oda və qaynar suya dözə bilməyən insan əbədi davam edəcək cəhənnəm əzabını zehnində lazımi qədər canlandıra bilməz. Hətta dünyadakı odun əzabı cəhənnəm əzabının şiddəti ilə müqayisə edilə bilməz. Allahın əzabı misilsizdir:

"O gün etdiyi əzabı heç kəs edə bilməz! Günahkarları heç kəs onun kimi zəncirləyə bilməz!" ("Fəcr" Surəsi, 25-26)

Quranda bildirildiyinə görə, cəhənnəmdəki həyat hər bir anının çoxcəhətli işgəncələrlə dolu olduğu bir həyatdır. Cəhənnəm həyatı təhqir və alçaldılmadan, rəzalətdən, səfalətdən, fiziki və psixoloji əziyyət və işgəncələrdən ibarətdir. Əlbəttə, cəhənnəmdəki əzabı dünyada olan heç bir əzabla müqayisə etmək mümkün deyil.

Cəhənnəm əhli bütün beş hissiyyat orqanı ilə əzab çəkir. Gözü dəhşətli və iyrənc mənzərələrin şahidi olur, qulağı qorxunc və əzabverici uğultular, gurultular, səs-küylər, iniltilər, qışqırıqlar eşidir, burnu ən pis və ürəkbulandırıcı qoxularla dolur, dili ən iyrənc dadları, ən dözülməz acılıqları hiss edir, dərisi və bütün vücudu, bütün hüceyrələri yanır, qovrulur, parçalanır, şiddətli əzablar içində qıvrılır. O, ölüb yox ola bilmir. Quranın ifadəsi ilə "alova nə dərəcə dözümlüdür" ("Bəqərə" Surəsi, 175). Dəriləri təzədən gəlir, əzabda da heç bir dayanma və azalma olmadan eyni işgəncə sonsuza kimi davam edər. Allah bir ayədə inkarçı kafirlərlə bağlı belə buyurur:

"Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!" ("Tur" Surəsi, 16)

Cəhənnəmdə fiziki əzablar kimi şiddətli mənəvi əzablar da var. Kafirlər burada alçaldılır, rəzil olur, peşman olur, onlara xor baxılır, çarəsizliyini və ümidsizliyini düşündükcə bu əzabları daha da artır. Bu əzabın əbədiliyini gözü önünə gətirdikcə daha da ağır duruma düşüb məhv olur. Belə ki, əzab milyon il sonra, milyard il sonra və ya trilyonlarla il sonra bitsəydi, bu, onun üçün böyük bir ümid və sevinc mənbəyi olardı. Lakin əzabın bir daha bitməyəcəyini, cəhənnəmdən çıxmağın qeyri-mümkün olmasını bilməyinin ona verdiyi ümidsizlik hissi dünyadakı heç bir hisslə müqayisə edilə bilməyən bir hissdir.

Quranın bildirdiklərindən aydın olduğuna görə, cəhənnəm pis qoxulu, dar, gurultulu, qaranlıq, hisli, dumanlı, yarıqaranlıq və səs-küylü küçələri, hüceyrələri qovuran istiliyi, ən iyrənc yemək-içməkləri, odlu geyimləri ilə əbədi olan əzabın olduğu bir məkandır.

Cəhənnəmdə olan şəraiti bəzi cəhətlərdən nüvə müharibələrindən sonrakı həyatı təsvir edən filmlərdəki qaranlıq, ən pis, iyrənc, boğucu şəraitlərə bənzədə bilərik. Əlbəttə, belə bir məkanda buna uyğun həyatdan da danışmaq olar. Cəhənnəm əhli eşidir, danışır, münaqişə edir, qaçmağa çalışır, odda yanır, əzabın yüngülləşməsini istəyir, susur, acıyır, peşmançılıq çəkir. Şüuru çox açıqdır.

Belə şəraitlərdə cəhənnəm əhli pis və iyrənc məkanlarda heyvanlar kimi yaşayır. Qida kimi yalnız zəqqum ağacını və ya darı tikanını tapırlar. İçmək üçün isə irin, qan və qaynar sudan başqa heç bir şeyləri yoxdur. Bu vaxt od onları hər tərəfdən əhatə edir. Yanan dərilərinin yerinə yeniləri yaranır. Beləliklə, odun verdiyi əzab azalmadan, daim davam edir. Dəriləri tökülmüş, ətləri yanmış, daxili orqanları qarışmış, bütün vücudları yanmış, qan və irin içində olduqları halda zəncirlənir və qamçılanırlar. Boyunduruğa salınır, əlləri boyunlarında cəhənnəmin içərilərinə atılırlar. Zəbani mələkləri tərəfindən odlu yataqlarda yerləşdirilirlər, üzərlərinə örtülən örtüklər də oddandır. Bu əzabdan xilas olmaq üçün daim fəryad edir, yalvarırlar, lakin onlara heç bir cavab verilmir. Heç olmasa bir günlüyə də olsa əzablarının yüngülləşdirilməsini istəyirlər, lakin müqabilində yenə də alçaldılma və əzab görürlər. Cəhənnəmin bu günləri dünyanın 24 saatlıq günlərinə də əsla bənzəməz.

Cəhənnəmdə baş verəcək bütün hadisələr gerçəkdir. Bu gün bizim yaşadığımız həyatdan da realdır.

Allaha onun tam olaraq istədiyi kimi deyil, birtərəfli ibadət edənlər ("Həcc" Surəsi, 11); "necə olsa da Allah bağışlayar" deyərək günah əməllər görüb müəyyən qədər əzab gördükdən sonra xilas olacaqlarını zənn edənlər ("Ali-İmran" Surəsi, 24); Allahdan başqasına ibadət edənlər; pul, mövqe, karyera kimi anlayışları həyatlarının əsas məqsədi halına gətirənlər; Allahın dinini öz istəklərinə görə dəyişdirənlər; Quranı öz şəxsi mənfəətlərinə görə şərh edənlər; imandan sonra yoldan azanlar, qısası, bütün inkarçılar, bütün müşrik və münafiqlər cəhənnəmə atılacaqlar. Allahın bu qəti sözü gerçəkləşəcək:

"Əgər biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: "Cəhənnəmi mütləq bütün (inkar edən) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq demişəm!" ("Səcdə" Surəsi, 13)

Bu insanlar da elə cəhənnəm üçün xüsusi olaraq yaradılmışdır:

"Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" Surəsi, 179)

Bütün bu hallarda artıq əbədi olaraq cəhənnəm əhlinin halına acıyacaq, onları oddan xilas edəcək, onlara kömək edə biləcək heç bir insan ola bilməz. Kafirlər yaddan çıxarılmalarının, tək qoyulmalarının, atıldıqlarının iztirabını çəkirlər. "Bu gün bax burada onun yaxın bir dostu yoxdur" ("Haqqə" Surəsi, 35). Qarşılarında isə yalnız əbədi həyatlarında onlara saysız əzab və işgəncələr verəcək "zəbanilər" adlandırılan əzab mələkləri var. Cəhənnəm əhlinə əzab vermək vəzifəsi daşıyan bu mələklər zərrə qədər də olsun mərhəmət hissinə malik deyil. Bunlar olduqca amansız, sərt, güclü və dəhşətli mələklərdir. Onlar aləmlərin Rəbbi olan Allaha iman gətirməyənlərdən layiq olduqları şəkildə intiqam almaq üçün yaradılıblar və öz işlərini qüsursuz şəkildə yerinə yetirirlər. Zəbanilərin cəhənnəm əhlindən kiməsə "iltimas" (güzəşt) etməsi, əzabı azaltması, inkarçı kafirləri gözlərindən yayındırması əsla mümkün deyil.

Hər bir insan belə bir təhlükə ilə qarşılaşa bilər. Əgər onu yaratmış Allaha nankorcasına qarşı çıxıb ən böyük günahı işləyərsə, o, cəhənnəm əzabı ilə cəzalandırılacaq. Bu səbəbdən də Allah insanları bu mövzuda xəbərdar edir:

"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir" ("Təhrim" Surəsi, 6)

"Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq!" ("Ələq" Surəsi, 15-18)