QURANDA MÜSƏLMANLARIN DUALARI
Bəqərə surəsi 200-202:
Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər. Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!
Bəqərə surəsi 285:
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”
Bəqərə surəsi 286:
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
Ali-İmran surəsi 8:
Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!
Ali-İmran surəsi 9:
Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!
Ali-İmran surəsi 16:
O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.
Ali-İmran surəsi 147:
Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.
Ali-İmran surəsi 191:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
Ali-İmran surəsi 192:
Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
Ali-İmran surəsi 193:
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
Ali-İmran surəsi 194:
Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”
Maidə surəsi 83:
Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!
Əraf surəsi 47:
Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər.
Yunus surəsi 85:
Onlar dedilər: “Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalım tayfanın əlində sınağa çəkmə!
Yunus surəsi 86:
Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”
İsra surəsi 107:
(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
İsra surəsi 108:
Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər.
Kəhf surəsi 10:
(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” – demişdilər.
Kəhf surəsi 24:
Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!” – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə vesin!)” – de.
Muminun surəsi 109-110:
Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.
Muminun surəsi 118:
(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!
Nur surəsi 47:
(Münafiqlər: ) “Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər.
Furqan surəsi 74:
Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.
Furqan surəsi 65:
Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
Zuxruf surəsi 12-14:
Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səyyar olduğunuz gəmiləri və heyvanları yaratdı. Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”
Həşr surəsi 10:
Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”
Təhrim surəsi 8:
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
Fələq surəsi 1-5:
(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
Və bir də paxıllığı tutanda paxılın şərindən!”