Cənnətdəkilərin zövcələri
“İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daimi rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik” (“Nisa surəsi”, 57).
Cənnət sonsuz həyatın davam edəcəyi, Allah`ın iman etmiş saleh qullarına mükafat olaraq hazırlanmış möhtəşəm məkandır. Cənnət Qurani-kərimdə təsvir edilərkən əvvəlki səhifələrdə də dediyimiz kimi, içində yaşanılacaq evlərdən, yeyiləcək yeməklərdən, içkilərdən, cənnət əhlinin geyimlərindən və cənnətə xas olan gözəlliklərdən bilgilər verilir. Eynən dünya həyatında olduğu kimi, cənnətdə də davam edən yaşanmış bir həyat vardır. Əlbəttə ki, bu həyat dünya ilə müqayisə edilməyəcək qədər mükəmməldir, ancaq əsas anlamda bənzəyirlər. Bu səbəblə, iman edənlər dünya həyatından axirət həyatına keçdikdə hər hansı bir çaşqınlıq, yadırğama və ya uyğunlaşma çətinliyi ilə qarşılaşmayacaqlar.
Bu sonsuz həyat içində, əlbəttə ki, möminlər dünya həyatında yaşadıqlarına bənzər bir yaşantı sürəcəklər. Yəni qüsursuz gözəllikdə yeyəcək, içəcək və geyimləri olacaqlar, möhtəşəm evlərdə qalacaqlar və əlbəttə ki, zövcələri də olacaqdır. Ayələrdə xəbər verildiyi kimi, Allah`ın onlara vermiş olduğu bir nemət olaraq gözəl zövcələrlə birlikdə cənnətə girəcək və sevinc içində yaşayacaqlar (“Zuxruf” surəsi, 70). Qurani-kərimdə tərif edilən cənnət qadınlarının önəmli bir xüsusiyyəti onların tərtəmiz olmalarıdır. Qurani-kərimdə bu “...orada onlar üçün pak zövcələr vardır...” (“Nisa” surəsi, 57) ifadəsi ilə bildirilir. Dünyaya aid bütün nöqsan, sıxıntı və ehtiyaclar cənnət həyatında tamamən ortadan qaldırılmışdır. Bu vəziyyətə işarə edən bir başqa ayədə: “Şübhəsiz ki, biz cənnət qadınlarını başqa cür (yaradacağıq)” (“Vaqiə” surəsi, 35) - deyə xəbər verilir. Bu yeni yaradılış cənnətə xas üstün və mükəmməl xüsusiyyətlərə, cənnətin mükəmməlliyinə uyğun bir yaradılış olacaqdır.
Cənnətin qüsursuzluğuna və mükəmməlliyinə uyğun yaradılışı düşünəndə cənnətdəki qadınlar haqqında bu xüsusiyyətlər ağla gəlir: saçları hər zaman parlaq və tərtəmizdir. Dəriləri tərtəmiz və hamardır. Vücudlarından nəfis ətirlər yayılır (şübhəsiz ki, ən doğrusunu Allah bilir). Bir hədisdə bu qadınlardan belə bəhs edilir:
“Əgər cənnət qadınlarından bircəsi dünyaya gəlsəydi, dünyanın hər tərəfini (günəş kimi) aydınladar və dünyanı gözəl ətirlə doldurardı” (Rəsuli-Əkrəm (s.ə.v), 72).
Cənnətdə möminlərin evləndirildiyi qadınların digər bir xüsusiyyəti sadəcə onlar üçün yaradılmış həmyaşıd (“Sad” surəsi, 52) olmalarıdır. Qurani-kərimdə cənnətdəki qadınlar “onların yanında gözəl, iri gözlü, baxışları yalnız (ərlərinə dikilmiş) zövcələr olacaqdır” (“Saffat” surəsi, 48) şəklində xəbər verilir. Başqa bir ayədə bu durum belə ifadə edilir:
“O cənnətdə gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins toxunmamış qadınlar vardır” (“Rəhman” surəsi, 56).
Bəzi ayələrdə deyildiyi kimi, sanki örtülü yumurta kimi (“Saffat” surəsi, 49) , ya da sədəf içində gizlənmiş inci (“Vaqiə” surəsi, 23) kimi olmaları da bu qadınların sadəcə ərləri üçün yaradılmış və qorunmuş olduqlarını düşünməyə sövq edir. “Örtülü” ifadəsi onlara toxunmağın çətin, özlərinin isə qiymətli olduğunu göstərir. “Yumurta” və “inci” bənzətmələri ilə isə dərilərinin parlaq və hamar olmasına işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).
Sadəcə olaraq özünə aid olan, yalnız özünə bağlılıq və sevgi göstərən qadına duyulan istək insanın ruhuna çox zövq verən bir duyğudur. Şübhəsiz ki, bu güclü duyğunun qaynağı mömin ruhunun cənnətə görə yaradılmış olmasıdır. İnsan ruhu gözəl danışmaqdan, iltifat etməkdən və hörmət görməkdən çox zövq alır. “Baxışlarını yalnız ərlərinə çevirmiş” cənnət qadınları ilə bu istək artıqlaması ilə yerinə yetirilir. Allah “Rəhman” surəsinin 70-ci ayəsində cənnət qadınlarını xoş xasiyyətli şəklində tərif etmişdir.
Möminlərin qadınlarının sadəcə olaraq ərləri üçün yaradılmasının başqa bir göstəricisi isə “çadırlarda gözlərini (yalnız ərlərinə) dikmiş hurilər vardır” (“Rəhman” surəsi, 70) ayəsindən də anlaşıldığı kimi, bu qadınların xüsusi şəkildə qorunmasıdır. Necə ki, bir başqa ayədə “onlara ərlərindən əvvəl heç bir ins-cins toxunmamışdır” (“Rəhman” surəsi, 74) şəklində bildirilir. “Vaqiə” surəsinin 36-cı ayəsində isə: “Onları bakirə qızlar etdik” , - deyilərək bu ifadə təsdiqlənir. Allah cənnətdəki möminləri və onların zövcələrini kölgəliklərdəki taxtlar üzərində sevinc və xoşbəxtlik dolu bir həyatda (“Yasin” surəsi, 55-56) təsvir edir.
Cənnətdə bütün möminlərin zövcələri vardır, hamısı da onların arzuladığı xüsusiyyətlərə sahib olaraq mükəmməl bir biçimdə yaradılmışlar. Ərlərini sevmələri (“Vaqiə” surəsi, 37) o qadınların dünyadakı cahiliyyə xüsusiyyətlərini daşımadığını göstərir, onların var-dövlət əldə etmə, gələcəyinin dərdini çəkmə kimi niyyətlərə deyil, sadəcə Allah rizasına söykənən bir sevgiyə bağlı olduqlarına işarə edir.
Cənnətə xas bir xüsusiyyət olaraq Allah qadınların sima gözəlliyinə: “Cənnətlərin hamısında xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır” (“Rəhman” surəsi, 70) - deyərək diqqət çəkir. Qadınların üzündə ruhi təmizliklərini göstərən daxili gözəlliyin parıltısı var. Bu ifadə ilə görünüş olaraq son dərəcə simmetrik, orijinal, qüsursuz və hamar üzə sahib olduqlarına işarə edilməsi mümkündür. Bu orijinallıq gözün rənginə, burunun quruluşuna, çənəyə, almacıq sümüklərinə, qısası, üzün hər bölümünə aiddir. Necə ki, ayədəki “...Biz onları iri gözlü hurilərlə evləndirəcəyik” (“Tur” surəsi, 20) şəklindəki xatırlatma ilə üz gözəlliyinə və gözlərə diqqət edilmişdir.
Həqiqətən də, taxtlar üzərində, ya da kölgəliklərdə qarşı-qarşıya oturub söhbət edərkən baxışlar üzə dikiləcək. Qarşımızdakı ilə danışarkən onun üzünə baxarıq. Allah`ın anıldığı gözəl yerdə xoş söhbətlər içində olan, cəlbedici şeyləri anladan çox gözəl üzlü bir hurini dinləmək, onunla söhbət etmək insana müqayisəedilməz dərəcədə böyük zövq verəcəkdir. Cənnət qadınlarının nöqsansızlığı, əlbəttə ki, yalnız simaları ilə bitmir. Onlar başdan-ayağa möhtəşəm və fərqli yaradılmışlar. “Nəbə” surəsinin 33-cü ayəsində “sinələri yenicə qabarmış həmyaşıd qızlar” deyilir. Həmyaşıd olduqlarına diqqət çəkilən digər ayədə “...onların yanında gözlərini yalnız ərlərinə dikmiş həmyaşıd zövcələr olacaqdır” (“Sad” surəsi, 52) ifadəsi keçir. Əbədi həyatda yaş məsələsi olmadığına görə, bu ifadə cənnətdəki qadınların və kişilərin bir-birinə çox uyğun yaradıldığını göstərir.
Qurani-kərimdə cənnət qadınları üçün istifadə edilən bənzətmələrdən biri də yaqut və mərcandır (“Rəhman” surəsi, 58). Gözə son dərəcə xoş gələn bu zərif və qiymətli daşlar cənnət qadınlarının nəzəri cəlb edəcək gözəlliklərini vurğulayır. Yaqut və mərcan bənzətmələrindən hurilərin dərilərinin bəyazla qarışıq qırmızı rəngini tərif üçün istifadə edildiyi də düşünülə bilir.
Qurani-kərimdəki bu cür bənzətmələr və xüsusi təsvirlər sayəsində möminlər Allah`ın onlar üçün necə möhtəşəm əvəz, qarşılıq, mükafat hazırladığını anlaya bilərlər, Allah`ın rizası, rəhməti və cənnətinə qovuşmaq üçün daha çox dua edər və bunları qazanmaq üçün daha çox çalışmağa səy göstərərlər.
Unutmayaq ki, nemətlərlə dolu olan cənnət Allah`ın Qurani-kərimdə möminlərə bildirdiyindən kənarda təxəyyül edilməyəcək və insan düşüncəsinin həddinin fövqündə olan xüsusiyyətlərə sahibdir. Daha öncə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi saysız nemətlər cənnətdə Allah tərəfindən möminlərə onların əməllərinə görə veriləcək.