Qədər

Olub bitənləri gələcəkdən seyr etmək


Olub bitənləri gələcəkdən seyr etmək

İman gətirən insanın yer üzündə imtahan edildiyini bilməsi hadisələri gələcəkdən izləməsinə də şərait yaradır. Bəs "olub bitənləri gələcəkdən seyr etmək" nə deməkdir?

Bir insanın qarşısına nə qədər böyük çətinlik və sıxıntı çıxsa da, bu vəziyyətin tamamilə keçici olduğunu bilməlidir. Məsələn, bir insan etmədiyi bir şeyə görə günahlandırılıb haqsızlığa məruz qala bilər. Ancaq həqiqətin ortaya çıxacağı zaman mütləq gələcəkdir. Əgər haqsızlığa məruz qalan insanın çəkdiyi cəzası dünyada sona çatmayıbsa belə, hesab günü ona qarşı ədalətli davranmayan şəxslər mütləq etdiklərinin qarşılığını görəcəklər. Eynilə, haqsızlığa məruz qalan insan da bu vəziyyətə səbir etdiyi üçün hesab günü gözəl qarşılıq üçün ümid edə biləcək. Zaman sürətlə keçir və dünyadakı hər hadisə kimi bu hadisə çox qısa zamanda sona çatacaq. Bundan əlavə, Quranda müsəlmanlar üçün hər çətinliklə bərabər bir də asanlıq yaradılacağı xəbər verilmişdir:

“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.” (Şərh surəsi, 5-6)

İman gətirən insan Rəbbimizin sonsuz ədalətinə güvənir, çətinliyin ardınca gələcək asanlığı gözləyir və düşdüyü vəziyyətə görə ümidsizliyə qapılmır. Yaşadığı çətinliklərin istər dünyada, istərsə axirətdə qarşısına gözəllik kimi çıxacağını unutmur. Bax bu da insanın olub bitənləri gələcəkdən izləməsidir.

Müsəlman qədərin izləyicisi olduğunu bilir. Bu sirrin verdiyi gözəllik olaraq da hər şeyi böyük təvəkkül, təslimiyyət və səbirlə izləyir. Hadisələrin necə inkişaf edəcəyi ilə bağlı da hər hansı müdaxilə, maneə və ya qarşısını almaq imkanı olmadığının şüurundadır. "... Olar ki, xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilər də, siz bilməzsiniz." (Bəqərə surəsi, 216) ayəsini qətiyyən ağlından çıxarmır. Çünki Allah qullarına, "əgər iman gətirmişlərsə", başlarına gələn hər bir müsibətin sonunda mütləq gözəllik və xeyir olacağını müjdələmişdir. Bu müsibətlər möminin nəfsini tərbiyələndirməsinə, imani mövzularda dərinləşməsinə, əxlaqını gözəlləşdirməsinə, yetkinləşməsinə və cənnətdəki dərəcəsinin artmasına bir vasitədir. 

Bunuda unutmamaq lazımdır ki, bu yalnız Allah`a səmimi iman gətirən və qədərə təslim olan insanların daimi yaşaya biləcəkləri ruh halıdır. Dindən uzaq yaşayan insanlar isə qarşılaşdıqları hadisələrdə qədərə olan təslimiyyətsizliklərinə görə ümidsizliyə, qorxuya, həyəcana qapılır və heç cür çıxış yolu tapa bilməyəcəklərini düşünürlər. Axirətlə bağlı ümidləri də olmadığı üçün daima narahat yaşayırlar. Belə insanların yaşadıqları vəziyyət bir ayədə belə xəbər verilmişdir: 

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

Ayədə bildirilən sıxıntılı vəziyyət belə insanların qədərə təslim olmadıqlarından qaynaqlanan, özlərinə etdikləri zülümdür. Sonsuz ağıl və qüdrət sahibi olan Allah`ın insanın qədərini istiqamətləndirməsi, hər şeyin hakimi olması iman gətirən insan üçün çox böyük nemətdir. Ancaq imanı zəif olan və ya iman gətirməyən insanlar bu nemətin qədrini bilmirlər. Buna görə də qədərə təslim olmur və həyatları boyu hər an çətinliklərə məruz qalırlar. Əslində, bu vəziyyət təvəkkülsüzlüyün mənəvi cəzası kimi dünyada verilən qarşılıqlardan biridir. Bu insanlar özlərinə bilərək zülmedirlər:

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunus surəsi, 44)