"Allah məni bağışlayar" deyərək özlərini aldadanlar
İnsanların çoxu Allahın varlığını bilir və qəbul edir, amma Onun qüdrətini lazımi şəkildə təqdir etmirlər. Yanıldıqları mövzu isə Allahın varlığı deyil, Onun isimləridir. Məsələn, Allahın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də inkarçılardan intiqam alan, onlara əzab verən isimlərini düşünmürlər.
Allahı lazımi şəkildə təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allahın qadağan və haram etdiyi hər cür günahı edib, sonra da "Allah bağışlayar" kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə də şeytan insanlara həmişə bu istiqamətdən yaxınlaşır və insanların özlərini "yəqin ki, bağışlanaram" düşüncəsi ilə aldatmalarına səbəb olur.
Din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış fikirlə hərəkət edir və davamlı olaraq Allahın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə "Allah bağışlayar" düşüncəsi ilə hərəkət edirlər. Halbuki, bu düşüncəyə sahib olan insanlar böyük yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayıcıdır, ancaq eyni zamanda da sonsuz ədaləti ilə hər hərəkətin əvəzini əksiksiz verəndir. Əlbəttə yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da hesab günündə də hər kəs layiq olduğu qarşılığı görəcək. Bu həqiqət Quranda belə bildirilir:
Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə Surəsi, 21-22)
Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə Surəsi, 281)
Ancaq bunu da qeyd etmək lazımdır ki, əlbəttə hər insan yaşadığı həyatda səhv edə bilər və etdiyi günahlardan, etdiyi səhvlərdən ötrü peşman ola bilər. Çünki insan səhv etməyə meyilli varlıqdır, heç bir insan qüsursuz deyil. Buna görə insan dünyada olduğu müddətdə bağışlanmaq üçün Allaha tövbə etməlidir. Allah hər insana ölənə qədər tövbə imkanı vermişdir. Amma Quranda hansı tövbənin səmimi tövbə olduğu və qəbul ediləcəyi də xəbər verilib. Tövbənin şərtinin səmimiyyət olduğunu Allah aşağıdakı ayələri ilə bildirir:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa Surəsi, 17-18)
O halda insanın bir səhvə yol verdiyində buna əhəmiyyət verməyib "bağışlanaram", "yəqin ki, Allah bağışlayar" kimi düşünməməli, dərhal səmimi şəkildə Rəbbimizə yönəlməli və səhvini düzəltmək üçün tövbə etməlidir. Əsas odur ki, insan Allaha qarşı səmimi qul olsun. Ancaq bundan sonra Allahın bağışlamasını ümid edə bilər. Ancaq səmimiyyətsiz şəkildə davranaraq Allahdan çəkinmədən və bağışlanma da diləmədiyi halda "Allah bağışlayar" kimi üslub və məntiqi mənimsəyənlər gözlədikləri nəticə ilə qarşılaşmaya bilərlər.
Buna görə diqqət edin! "Allah bağışlayar" məntiqi ilə özünüzü aldadaraq bilə-bilə Allahın məmnun olmayacağı həyat yaşamayın. Əks halda sonsuz həyatınızı öz əllərinizlə böyük təhlükəyə atarsınız.