HAYY - Diri, hər şeyi bilən və hər şeyə gücü çatan
İnsan acizdir və çox az şeyə gücü çatır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarı şüurlu halda keçir. İnsan bu dövr ərzində qulluğa möhtac olur. Bundan sonra isə həyatının böyük hissəsini öz bədəninə baxmaqla, təmizlənməklə keçirir. Əgər bu sadalananları etmək istəməsə və təxirə salsa, qısa müddət ərzində pis vəziyyətə düşür.
Bundan əlavə, insanın yuxu kimi böyük bir acizliyi var. İnsan ömrünün təqribən üçdə birini yuxuda keçirir. Yuxuya ayırdığı vaxtda hər hansı bir işlə məşğul olmaq istəsə belə, buna bir-iki gündən artıq tab gətirə bilmir. Hətta 24 saat yatmayan insanın şüurunda bulanıqlıq, qavrayışında yavaşlama olur. Gündəlik gördüyü işləri yerinə yetirməkdə, hadisələri mühakimə etməkdə, hətta danışmaqda çətinlik çəkir, bildiklərini unudur.
İnsan və digər bütün canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. O daima diri, hər cür acizliklərdən uzaq, hər şeyə qadir və bütün yaradılanlar üzərində hakimdir. Allah hər şeyi bilir, yuxulamır və mürgüləmir. O, yaratdıqlarına müxtəlif acizliklər verərək bunların şüurunda olub yalnız Ona qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edir. Belə olduqda, insan Allah diləmədikcə heç bir şeyə gücü yetməyəcəyini, həyatının bir saniyə belə davam etməyəcəyini bilib Rəbbimizə yönəlməlidir. Allahın Hayy isminin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:
Sən əsla ölməyən və daim diri olan (Allah’a) təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan surəsi, 58)
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. (Ali İmran surəsi, 2)