Kütləvi qətliamların baş verməsi
Mehdidən əvvəl genişmiqyaslı qətliamların baş verəcəyi böyük bir fitnə olacaq. (Əl-Kavlül-muhtasar Fi Alametil-Mehdiyyil-Müntazar, səh. 37)
Peyğəmbərimizin (səv) Mehdinin (əs) gəlişi ilə bağlı hədislərinin böyük bir qismində Mehdinin zühurundan əvvəl dünyada qarışıqlıq, xaos və narahatlığın olacağı bildirilir. Bu dövrün əsas xüsusiyyətlərindən biri də müharibələr və qarşıdurmalarla yanaşı, kütləvi qətliamların baş verməsidir. Hədisdə qətliamların genişmiqyaslı olacağına, yəni bütün dünyanı əhatə edəcəyinə diqqət çəkilir.
Ötən əsrdə iki böyük dünya müharibəsi yaşanmış və 65 milyon insan həyatını itirmişdir. 20-ci əsrdə siyasi səbəblərlə qətlə yetirilən insanların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu, əvvəlki əsrlərlə müqayisədə çox yüksək rəqəmdir.
Bu gün dünyanın hər yerində qanlı müharibələr və qarşıdurmalar hələ də davam edir. Bu müharibələrin ortaq xüsusiyyəti isə, hədisdə də bildirildiyi kimi, kütləvi qətliamların baş verməsidir.
Yaxın tarixə nəzər salanda xeyli insanın həyatını itirdiyi qətliamların baş verdiyinin şahidi oluruq. Məsələn, Bosniya müharibəsi qadın, uşaq, yaşlı demədən minlərlə insanın qətlə yetirildiyi müharibə kimi tarixə keçmişdir. 1940-cı illərdən bəri Fələstin xalqına qarşı həyata keçirilən "etnik təmizləmə" əməliyyatı isə daha uzunmüddətli qətliam siyasətidir.
Əfqanıstan, İraq, Suriya, Yəmən, Liviya, Pakistan, Somali, Fələstin kimi Yaxın Şərq və İslam ərazilərini hədəf alan son 15 ilin müharibələrində həyatını itirən insanların sayı milyonlarladır. 20 mart 2003-cü ildə İraqda kütləvi qırğın silahının olduğu bəhanəsi ilə ABŞ və İngiltərə rəhbərliyində başlayan İraq müharibəsi və sonradan 2011-ci ilə qədər ölkədə mövcud hərbi işğal dövründə böyük əksəriyyəti mülki şəxs olan 1 milyondan çox iraqlı həyatını itirmişdir. 20-ci əsrin ən qanlı qətliamlarından biri olan Xocalı soyqırımı zamanı yüzlərlə vətəndaşımız şəhid olmuşdur.
Dünyanın dörd bir yanında baş verən müharibələr axırzamanın nə qədər dəhşətli olacağından xəbər verir.