MÖMİNLƏR

Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir


   Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir

Bəzi insanlar istəmədikləri hadisələr baş verəndə buna tərslik deyirlər. Ancaq bu insanlar baş verən bir hadisəni “tərslik” kimi qəbul etsələr də, əslində ən doğrusu qədərdə o hadisənin elə o şəkildə olmasıdır.

Biri ilə görüşməlisiz, amma o, görüşə vaxtında gəlməz. Çox gözəl bir iş görərsiniz, amma qarşınızdakı insan bunu layiqincə qiymətləndirməz. Çox əmək sərf edərək qarşınızdakı insana gözəl bir hərəkət edərsiniz, həmin insan bunun heç fərqində olmaz. Saatlarla bir yeri təmizləyib tərtəmiz edərsiniz, biri gəlib çirkləndirər. Yuxunuz gələr, ancaq biri gəlib düşüncəsizcə səs-küy salar. Çətin vəziyyətinizdə birindən kömək istəyərsiniz, həmin insan sizi yaddan çıxarar. Vacib bir şey əmanət edərsiniz, qarşınızdakı insan onu itirər.

İllərlə universitet imtahanına hazırlaşarsınız, axırıncı gün xəstələnib imtahana gedə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, anidən üstünüzə bir şey tökülər. Alış-verişə gedib bahalı bir şey alarsınız, evə gəldikdə aldadıldığınızı anlayarsınız. Çantanıza yüksək məbləğdə pul qoyarsınız, biri gəlib pul kisənizi oğurlayar. Maşın sürənkən biri maşınınızı vurar, yaxud da tələsirsiniz, amma tıxaca görə saatlarla gedəcəyiniz yerə gedib çata bilməzsiniz. Yaxınınız birdən xəstələnər, ancaq təcili yardım vaxtinda gələ bilmədiyi üçün xilas ola bilməyib vəfat edər. Xəstəliyinizə görə xəstəxanada müalicə alarsınız, amma ehtiyatsızlıqdan vücudunuza başqa mikrob düşüb yeni xəstəliyə tutularsınız…

Bir çox insan belə tərsliklərə görə zərər çəkdiyini düşünür və ya bunların səbəbkarının başqaları olduğunu zənn edir. Əsəbləşir və əsəbini həmin təqsirkar gördüyü insanın üstünə tökürərək deyinirlər. Sanki həmin insan o xətanı, yaxud düşüncəsizliyi etməsəydi, hər şey istədikləri kimi baş verəcəkdi. Halbuki bu, çox yanlış düşüncədir. Əgər insan bu gerçəyi qavrasa, həyata baxışı bütün dəyişər.

İman olmadıqda insan bədbinliyə və ümidsizliyə məhkum olur

Gün ərzində insanları kədərləndirən, əsəbləşdirən, tərslik kimi görünən hadisələrin hikmət və xeyirlərini Allah o anda göstərsə, insan kədərlənməyin nə qədər yanlış olduğunu anlar və əksinə sevinc içində olar. Qədər insana bir bütün olaraq göstərilsə və ya tərslik kimi görünən hadisələri qədərində yazıldığını görmüş olsa, baş verənlər üçün kədərlənməz.

İnsanların çoxu doğum, ölüm, əcəl, ruzi kimi hadisələrdən başqalarının (haşa) qədərində olmadığını, tərslikdən, tədbirsizlikdən meydana gəldiyini, dolayısı ilə də qədərlə əlaqəli olmadığını düşünürlər. Halbuki bu səhv düşüncə onları üsyana aparır, onların kədərlənmələrinə səbəb olur. Bundan başqa bütün hadisələri əlehlərində dəyərləndirmələri də onlara əzab verir. Bunun nəticəsində də  emosional insanların sevincli ruh halları çox qısa və anlıq olur. Nəyəsə çox sevindikdən qısa müddət sonra kədərlənəcəkləri bir şey düşünüb bədbin ruh halına yenidən geri qayıdırlar.

Bütün bunlar din əxlaqından uzaq yaşamağın qaçınılmaz nəticələridir. İman olmadıqda insan bədbinliyə və ümidsizliyə məhkum olur.

Allah insanı dünyada bəzi sıxıntı və çətinliklərlə imtahan edə bilər. Ancaq mömin Qurandan xəbərsiz insanlar kimi, Allahın imtahan üçün yaratdığı sıxıntılar qarşısında kədərə və bədbinliyə qapılmaz, hisləri ilə davranmaz. Çünki bilir ki, Allah onun bu sıxıntı qarşısında necə davranacağını yoxlayır. Bu gerçəyi bilən bir müsəlmanın sıxıntı, çətinlik və ya tərslik deyə bir düşüncəsi yoxdur. Hətta bunların hamısı ona Allahdan bir hədiyyədir. İmanının artmasına, təvəkkülün gözəlliyini və qədərin rahatlığını yaşamasına səbəbdir.

Bir toz zərrəsi belə Allahın xəbəri olmadan hərəkət edə bilməz

Dünyada olan hər şey yalnız Allah istədiyi üçün baş verir. Əgər bir insanın həyatı boyu yaşadıqları bir video kasset kimi düşünülsə, bu videoya hər baxdıqda mütləq eyni görüntüləri izlədiyimiz kimi, insan həyatının da bundan fərqi yoxdur. Belə ki bu film yüzlərlə il qorunub saxlansa, yüzlərlə il sonra yenidən video seyr edilsə, yenə eyni film olacaq. İnsanın ömür boyu yaşayacaqları da bunun kimidir, əsla dəyişməz bir bütündür. Əgər bir insanın gedəcəyi yerə gecikməsi lazımdırsa, mütləq gecikəcək. Bunun səbəbi nəqliyyat ola bilər, xəstəlik ola bilər, unutqanlıq ola bilər, amma nəticə əsla dəyişməz. Eynilə ölüm vaxtı gələn bir insanın ölümünə də heç bir şey mane ola bilməz. Təcili yardım gecikə bilər, yol nəqliyyat hadisəsi baş verə bilər, həkimin ehtiyatsızlığı ola bilər, amma bu nəticə mütləq baş verəcək. İnsanın gün ərzində qarşılaşdığı hadisələrə qarşı baxışı çox fərqli olmalıdır. Əgər bir insanın pul kisəsi oğurlanırsa, deməli, o insan o pula sahib olmamalıdır və Allah bunun üçün bir səbəb yaradıb. Əgər universitet imtahanına gedə bilmirsə, deməli, Allah o il həmin insanın universitetə qəbul olmamasını, başqa bir şeylə məşğul olmasını istəyib. Əgər qarşı tərəf gecikdiyi üçün görüş baş tutmursa, bu, Allah bu görüşün olmamasını istədiyi üçündür.

Allah istəmədiyi təqdirdə heç kim gecikə bilməz, heç kim unuda bilməz, heç kim ehtiyatsızlıq edə bilməz, heç kim bir şeyi yanlış anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxac yarada bilməz…

Bu mövzuda ancaq bir şeyi bilmək lazımdır:

İnsanın başına gələn hər hadisəni yaradan Allahdır və Allah təqdir olunmuş bir şey üçün mütləq bir səbəb yaradır.

Ancaq bu səbəb əsla öz-özünə meydana gəlmir. Allah istəməsə, heç kimin bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu gerçəyi bu şəkildə bildirir:

Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, hikmət sahibidir. (İnsan surəsi, 30)

Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz! (Təkvir surəsi, 29)

... Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır. (Saffat surəsi, 96)