MÖMİNLƏR

Gələcək qorxusu vicdana uyğun qərarlar qəbul etməyə mane olmamalıdır


Gələcək qorxusu vicdana uyğun qərarlar qəbul etməyə mane olmamalıdır

İnsanlar iman gətirib həyatlarını Allahın razı olacağı və vicdanlarına uyğun yaşamaq istədikləri zaman şeytanın hiyləsi və müxtəlif təlqinləri ilə qarşılaşırlar. Bu, əslində onların səmimiyyətlərini və həqiqi düşüncələrini göstərəcək bir sınaqdır.

Ya həqiqətən iman gətirəcək və həyatındakı ən vacib məsələ Allahın sevgisini qazanmaq, Allahın istədiyi kimi yaşamaq olacaq, ya da dünyada daha yaxşı necə yaşamaq olar və daha çox necə yarar əldə edə bilər  ̶  deyə öz mənfəətini güdəcək.

İkinci düşüncəyə qapılan insanlara görə, həyatda yaxşı yaşamaq  üçün “çox vacib” bəzi dəyərlər var. Hər kəsin yaxşı bildiyi kimi, bunlar sərvət, mal-mülk sahibi olmaq, cəmiyyətdə müəyyən mövqe və etibar qazanmaq, elit sayılan təbəqəyə daxil olmaqdır. Bu insanların həyatdakı məqsədləri bu dəyərləri əldə etmək üzərində qurulub. Kiçik yaşlarından etibarən uşaqlarına da bu məntiqlə yaşamalı olduqlarını təlqin edərək istiqamətləndirirlər.

İnsanların böyük əksəriyyətinin sahib olduğu bu düşüncə tərzinin arxasında gizlənən həqiqət isə şüuraltındakı "gələcək qorxusu"dur. Şeytan iman və imansızlıq arasında seçim etməkdə olan insanlara bu mühüm həqiqəti unutduraraq yaxınlaşır: dünyadakı maddi-mənəvi hər şeyin yeganə sahibi Allahdır. Heç bir insanın Allahdan müstəqil gücü yoxdur. Heç bir insan öz səyi ilə hər hansı bir şeyi əldə edə bilməz. Hiyləgərlik edərək, yaxud mənfəətlərini qoruyaraq hər hansı bir nemətə sahib ola bilməz. Bütün bunlar ancaq Allah istəsə, mümkün ola bilər. Allah bir insana zənginlik, gözəllik, ehtişam, mal-mülk, etibar vermək istəsə, bunu  istədiyi an yaradar. Bu mühüm həqiqət heç vaxt unudulmamalıdır. Əgər bir insan qərarlarını qəbul edərkən hər şeyi yarada biləcək yeganə güc sahibinin Allah olduğunu unudub hərəkət edirsə, gücü insanlarda axtarırsa, Allah o insana heç vaxt həqiqi xoşbəxtliyi nəsib etməz. O şəxs, bəlkə də, dünyanın bütün maddi nemətlərini əldə edə bilər, amma bu nemətlərin heç biri ona umduğu gözəl həyatı verə bilməz. Allah ancaq Özünə yönələn, mülkün tək sahibinin Allah olduğunu bilən qullarına nemətin gözəlliyini yaşadır.

İnanclı bir insanı istiqamətləndirən güc mənfəət deyil, imanı və Allaha olan güvəni olmalıdır. Onu qoruyan, nemət verən yeganə gücün Allah olduğunu bilməli və qərarlarını verərkən heç bir dünyəvi mənfəət güdmədən, ancaq bu təslimiyyətlə qərar verməlidir.

Buna həyatımızdan bəzi örnəklər vermək daha yaxşı başa düşülməsinə vəsilə olar:

Bir insanın həyat yoldaşı zəngin, heç bir maddi sıxıntısı olmayan, çox etibarlı bir insan ola bilər, amma iman gətirmir və ya pis əxlaqlıdır, yaxud da həyat yoldaşına qarşı zorakılıq edir, ona dəyər vermir. Bu insan həyat yoldaşının rəftarına görə çox pis yaşayır, ancaq həyat yoldaşından ayrılsa, maddi çətinlik çəkəcəyini düşündüyü üçün doğru olan addımı atmır və bu zülmün əsiri olmağa davam edir.

Yaxşı bir şirkətdə yüksək maaşla işləyən bir insan iş yerindəki müdirinin korrupsiya ilə məşğul olduğuna, pul mənimsədiyinə, vergidən yayındığına, yaxud başqa qanunsuz işlər gördüyünə şahid olur. Bu vəziyyətdə həqiqəti açıqlayıb-açıqlamamaq arasında vicdanını sorğu-sual etmək məcburiyyətində qalır. Həqiqətləri desə, işdən qovulacaq, aldığı yüksək maaşı itirəcək və həyatı çətinləşəcək. Əks halda isə doğru olanı edəcək və dürüst davranaraq yalana, ədalətsizliyə, qanunsuzluğa göz yummamış olacaq.

Maddi imkanı yaxşı olmayan və ölümcül xəstə olan bir yaxınının müalicə xərclərini üzərinə götürə bilən bir insan vicdanı ilə bu mühakiməni etmək məcburiyyətində qalır: "Onsuz da qısa müddət sonra böyük ehtimalla öləcək bir insan üçün bütün sərvətimi xərcləməyə ehtiyac varmı?"

 Bunun əvəzinə pulu yox imiş kimi davranıb, ya da başqa bir bəhanə ilə bu insandan üz döndərmək ona daha yaxşı yol kimi görünür. Əks təqdirdə əmək sərf edib topladığı mal-mülkünü xərcləmək, onun fikrincə, məntiqsizlikdir.

Nümunə göstərilən bu insanlar Allaha güvənib-güvənməmək arasında tərəddüd edirlər. Halbuki insan özünə nemət verənin yalnız Allah olduğunu dərk etsə, bir an belə düşünmədən vicdanı ilə hərəkət edər. Bilər ki, dürüst, vicdanlı olduğu və Allah rizasını düşündüyü təqdirdə Allah onu qoruyacaq və ona ehtiyacı olan neməti mütləq nəsib edəcək.

Əlbəttə ki, təvəkkül insanın heç bir səbəbə sarılmadan, səy göstərmədən dayanıb ehtiyacı olan şeyi əldə etməyi gözləməsi deyil. Lakin səmimi insanın ölçüsü hər vəziyyətdə Allahın razılığına uyğun davranmaqdır. Allah Quranda bu üstün əxlaqı dərk etməyimiz üçün bir çox nümunə vermişdir:

Fironun Misirin hakimi olmasına baxmayaraq, xanımı onu Allahı inkar etdiyi üçün tərk etmişdir. Xoşbəxtliyi, neməti, sərvəti özünə verən yeganə gücün Allah olduğunu bilərək bir anda bütün bu sərvətdən üz çevirmişdir.

Yenə Peyğəmbərimizin (səv) dövründə İslamla tanış olan səhabələr heç düşünmədən bütə sitayiş edən imkanlı ailələrini tərk edərək Peyğəmbərimizin (səv) yanında olmuşlar.

Yusif Misirdə bir vəzirin sarayında yaşayarkən bütün bu imkanları bir anda tərk etmiş, Allahın razı olmayacağı bir işi etməkdənsə, vicdanının səsinə qulaq asmış və illərlə zindanda qalmağı üstün tutmuşdur. İnsanlara maddi-mənəvi hər cür neməti verənin Allah olduğunu bilərək, Allaha güvənərək hərəkət etmişdir. Belə ki bu əxlaqına görə Allah onu Misirə hakim etmişdir.

Firon hz.Musa və qövmünü iki dəniz arasında sıxışdırdığı zaman hz.Musa fironun ordularına, gücünə baxıb aldanmamış, Allaha güvənmişdir. Allah bu əxlaqına qarşılıq möcüzə yaradaraq peyğəmbəri və inananları xilas etmiş, firon və ordularını isə suda boğmuşdur.

Məhz bütün bu nümunələr bizə Allaha güvənib, Ona təslim olub, vicdana uyğun qərarlar verdiyimizdə Allahın mütləq bizə bir yol açacağını göstərir.

 Allah bir ayədə bizə bu həqiqəti belə xatırladır:

Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)