Hz. İsa (ə.s) yer üzünə yenidən qayıdacaq
Hz. İsanın (ə.s) doğulması, həyatı və Allah dərgahına qaldırılması Rəbbimizin təqdiri ilə möcüzəvi şəkildə baş vermiş, bu mübarək peyğəmbərin möcüzəvi həyatı Quranda hərtərəfli təsvir edilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq hz. İsa (ə.s) müxtəlif cəhətləri ilə digər peyğəmbərlərdən fərqli mövqeyə malikdir. Allah`ın üstün elmlərlə dəstəklədiyi bu dəyərli qulu Allah`ın lütfü ilə hələ beşikdə ikən danışmış və Allah`ın lütfü ilə dünyada qaldığı müddətdə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir.
Onun xüsusi mövqeyinin digər dəlili də Allah dərgahına qaldırılması və yenidən dünyaya göndəriləcəyinin Quranda bildirilməsidir.
Quranda inkarçıların hz. İsanı (ə.s) öldürmək məqsədilə tələ qurduğu xəbər verilir. Rəvayətlərə görə, hz. İsanın (ə.s) yanındakılardan birinin xəyanəti ilə Allah`ın elçisini həbs edib romalılara təslim etmək istəyiblər. Bu tələnin sonu Quranda belə bildirilir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)
Ayədə də bildirildiyi kimi, hz. İsanı (ə.s) öldürməyə çalışmış, tələ qurulmuşdur. Ancaq onlar hz. İsanı (ə.s) öldürə bilməmişlər, onun bir bənzərini hz. İsa (ə.s) zənn edərək öldürmüşlər. Allah hz. İsanı (ə.s) diri olaraq Öz dərgahına yüksəltmiş, inkarçıların tələsini boşa çıxarmışdır:
Bir də: “Həqiqətən, biz Allah`ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 157-158)
Romalıların hz. İsanı (ə.s) çarmıxa çəkərək öldürməsi xristianlar arasında yayılıb. Bu yanlış məlumata əsasən, hz. İsanı (ə.s) həbs edən romalılar onu çarmıxa çəkib öldürüblər. Tarixdə bəzi xristian məzhəbləri bunu inkar etsə də, dövrümüzdə, demək olar ki, bütün xristian aləmi hz. İsanın öldürüldüyünü qəbul edir, öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Ancaq Quran ayələrində hz. İsanın (ə.s) ölmədiyi və öldürülmədiyi, inkarçılara onun bənzərinin göstərildiyi, hz. İsanın (ə.s) diri olaraq Allah dərgahına yüksəldildiyi bildirilir:
Bir də: “Həqiqətən, biz Allah`ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” (qatəlna)– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər (ma qatələhu), nə də çarmıxa çəkdilər (ma saləbə). Onlara ancaq (İsanın) bənzəri göstərildi (şubbihə). Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Həqiqətdə onu (İsanı) öldürməmişdilər (ma qatələhu). (Nisa surəsi, 157)
Həmin ayənin davamında hz. İsanın (ə.s) ölmədiyi belə bildirilir:
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rəfəa). Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 158)
Allah insanlara hz. İsanın bənzərini göstərmiş və hz. İsanı (ə.s) inkarçıların qurduğu tələdən qoruyaraq Öz dərgahına yüksəltmişdir. Habelə, Allah hz. İsanın öldüyünü iddia edənlərin, əslində, bu barədə məlumatı olmadığını da bildirir.
Hz. İsanın yer üzünə yenidən gələcəyi müsəlmanlar üçün çox vacibdir. O, Allah`ın möcüzəsi ilə atasız doğulmuş, İsrail oğullarını doğru yola dəvət etmiş, onlara çoxlu möcüzələr göstərmiş peyğəmbərdir. Məsihdir və Qurana əsasən, Allah`ın sözüdür (Nisa surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə Allah`a inanan, eyni əxlaqi dəyərlərə malik, Qurana görə bir-birlərinə sevgi-dostluq baxımından ən yaxın olan (Maidə surəsi, 82) xristianlarla müsəlmanlar arasındakı ixtilaflar aradan qalxacaq və dünyanın bu iki böyük cəmiyyəti birləşəcək. Yer üzündəki üçüncü İlahi dinin mənsubları, yəni yəhudilər də həqiqi Məsihləri olan hz. İsaya iman gətirərək hidayət tapacaqlar (Nisa surəsi, 159). Beləliklə, üç ilahi din birləşəcək, yer üzündə Allah`a iman və Onun peyğəmbəri hz. İsaya itaət təməli üzərində qurulan bir din qalacaq. Bu din Allah`ı inkar edən fəlsəfi cərəyanları və bütpərəst inancları ideoloji cəhətdən məğlub edəcək, beləliklə, dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənçilikdən, zülm və haqsızlıqdan xilas olacaq, Qızıl Əsr başlayacaq, bəşəriyyət sülh və əmin-amanlıq içində xoşbəxt yaşayacaq.