Peyğəmbərlər

Hz. İsanın (ə.s) həyatı, mübarizəsi və üstün əxlaqı


Hz. İsanın (ə.s) həyatı, mübarizəsi və üstün əxlaqı

Tarixi mənbələrə əsasən, hz. İsa təqribən 2000 il əvvəl yaşamış Allah`ın dünyada və axirətdə seçdiyi elçisidir.

Allah`ın üstün xüsusiyyətlər bəxş etdiyi, əbədi cənnət yurdu ilə müjdələdiyi bu dəyərli elçisinin gətirdiyi haqq dinin adı bu gün yer üzündə qalsa da, özü təhrif olunmuşdur. Allah`ın hz. İsaya vəhy etdiyi İncilin də sadəcə adı qalıb, ancaq əsli yoxdur. Xristian mənbələri təhrif olunmuşdur. Ona görə, bu gün hz. İsa haqqında doğru məlumatları bu mənbələrdən əldə etmək mümkün deyil. Hz. İsa haqqında doğru məlumatı ancaq Allah`ın qiyamətə qədər qoruyacağı Qurandan ala bilərik. Quranda hz. İsanın doğulması, həyatı, bu müddətdə başına gələn hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox mövzudan bəhs edilmişdir. Hz. İsanın yəhudilərə necə təbliğ etdiyi də bir çox nümunə ilə xəbər verilmişdir. “Ali-İmran” surəsində Rəbbimiz belə buyurur:

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah`dan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! (Çünki) bu, düz yoldur”. (Ali-İmran surəsi, 50-51)

Hz. İsanın bu dəvətini yəhudilərin çoxu qəbul etməmiş, ancaq az sayda həvari ona tabe olmuşdur. Quranda bu səmimi insanlar haqqında belə bildirilir:

İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allah`ın  yardımçıları! Biz Allah`a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali-İmran surəsi, 52-53)

Əhdi-cədidə (Bibliyanın ikinci hissəsi) görə, hz. İsa yanında 12 tələbəsi ilə birlikdə Fələstinin hər tərəfinə səyahət etmişdir. İnsanları Allah`a iman gətirməyə dəvət etmək üçün səyahət edərkən Allah`ın izni ilə müxtəlif möcüzələr göstərmişdir. Xəstə, şikəst insanları, cüzam xəstəliyinə tutulanları sağaltmış, anadangəlmə korların gözlərini açmış, ölüləri diriltmişdir. Bu möcüzələr Quran ayələrində belə xəbər verilir:

“Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah`ın izni ilə quş olar. Allah`ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali-İmran surəsi, 49)

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim... (Maidə surəsi, 110)

Hz. İsa böyük möcüzələr göstərmiş, insanlar onun möcüzələrindən çox təsirlənmişlər. Ancaq hz. İsa daima bu möcüzələrin Allah`ın izni ilə baş verdiyini bildirmişdir.

Maneələrə baxmayaraq, təzyiq və zülm altında yaşayan xalqın arasında hz. İsaya inananların sayı artmağa başlamışdı. Bu dövrdə hz. İsa və həvariləri bütün ətraf qəsəbələri və şəhərləri dolaşmışlar. Bu zaman rahiblər illərdir davam etdirdikləri adət-ənənələrinin batil cəhətlərini açıqlayan, səhv yolda olduqlarını izah edən, onları ancaq Allah`a iman gətirib Allah üçün yaşamağa çağıran hz. İsaya tələlər hazırlamağa başlayırlar.

Quranda hz. İsanın Allah dərgahına qaldırıldığı və ona bənzər birisinin hz. İsa zənn edilərək öldürüldüyü xəbər verilmişdir. Hz. İsa bütün peyğəmbərlər kimi qövmünü Allah`a iman gətirməyə, könüldən təslim olub Allah`ın rizasını qazanmaq üçün yaşamağa, günahlardan və pisliklərdən çəkinməyə, yaxşı işlər görməyə dəvət etmişdir. Onlara dünya həyatının müvəqqəti, ölümün yaxın olduğunu xatırlatmış, axirətdə hər insanın bütün əməllərinə görə sorğu-sual olunacağını bildirmişdir. İnsanları ancaq Allah`a ibadət etməyə və ancaq Allah`dan qorxub-çəkinməyə çağırmışdır. İncildə də bu mövzularla bağlı çoxlu sayda öyüd-nəsihətə rast gəlmək mümkündür. Hz. İsa İncildəki ifadə ilə imanı az olanlara öyüd verir, insanlara Allah`ın hakimiyyətinin yaxın olduğunu müjdələyir və onları Allah`dan bağışlanma diləməyə dəvət edir.

Hz. İsa hz. Musanın şəriətinə, yəni əsl Tövratın hökmlərinə bağlı qalmış, yəhudilərə də bu hökmlərdən uzaqlaşdıqlarına, hökmləri qeyri-səmimi, göstəriş məqsədilə yerinə yetirdiklərinə görə xəbərdarlıq etmişdir. Əhdi-cədidə əsasən, ona qarşı çıxan yəhudilərə: “Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o, Mənim barəmdə yazıb” (Yəhya, 5:46) - demişdir. Hz. İsa insanları əsl Tövrata dəvət etmişdir. Matta İncilində hz. İsanın müqəddəs qanuna, yəni hz. Musanın şəriətinə tabe olmaq üçün əmr etdiyi belə bildirilir:

... Mən onları ləğv etmək üçün yox, tamamlamaq üçün gəldim... (Matta, 5:17)

Quranda da hz. İsa haqqında belə xəbər verilir:

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah`dan qorxun və mənə itaət edin. (Ali-İmran surəsi, 50)