MÖMİNLƏR

Əsl dinclik təvəkküldədir


Əsl dinclik təvəkküldədir

Əslində insanlar kiçik yaşlarından etibarən bir-birlərinə güvənərək yaşamaq istəyirlər. Hər şeylərini sığortalamaq məcburiyətində hiss edirlər özlərini.

Çünki insanın nəfsində hər an başına pis bir şey gəlmə qorxusu var. Ölənə qədər də insan bu hisslə mübarizə aparır.

Ya ən yaxınlarının ona arxadan zərbə vuracağından şübhələnir, ya malını itirəcəyindən qorxur, ya da xəstələnib öləcəyindən qorxur. Amma dünya həyatındakı imtahanın bir tələbi olaraq nəfs daima inamsızlıq, narahatlıq, təşviş hissləri ilə doludur.

Ailə, məktəb, evlilik, iş həyatında da daima bir çəkişmə, yarış və o yarışın tələbi olaraq kirli rəqabət ruhu yaşanır. İnsanlar rahat yaşamaq, dostluq qurmaq, bir-birləri ilə sevinclərini, üzüntülərini paylaşmaq istəyirlər. Amma bu səmimiyyəti yaşayacaq zəmin yoxdur. Güvən hissi get-gedə zədələndiyi, yara aldığı üçün insanlar artıq tədbir alaraq özlərini bunlardan sığortalamağa çalışırlar.

Güvənmədikləri üçün heç bir şeyin ləzzətini doyunca yaşamırlar. Həyatlarına hər an bir narahatlıq hakimdir.

Hər hansı bir insanı nəzərdən keçirək: illərlə işləyir, pul qazanır və xəyalını qurduğu ev alır. O ev aldığı ilk gündən etibarən təşviş yuvasına çevrilir. O evi qorumaq üçün evi alarkən çəkdiyi əziyyətdən daha artığını çəkməli olur. Evin hər yerinə təhlükəsizlik kameraları yerləşdirir. Həyətin dörd tərəfi tikanlı məftillərlə, hündür divarlarla əhatə edilir. Bu da kifayət etmir. Həyətə mühafizə üçün it qoyulur və qapının üstündə «Diqqət! İt var» yazılı tabellər asılır. Amma bu da kifayət etmir...

İllərlə yatmadan, dincəlmədən, bəlkə də yemədən, içmədən işləyib aldığı ev bir neçə saniyəlik zəlzələ ilə yerlə bir ola bilər. Ən xırda bir qıvılcımla bütün ev bir anda külə dönə bilər. Bunları düşünməyə başladığında insanların gözünə yuxu getmir. O zaman sığorta şirkətlərinə müraciət edirlər. Ən azından hər hansı bir ziyan dəydikdə onu aradan qaldıracağını düşünüb rahat olmaq istəyirlər. Rahat, komfortlu yaşamaq üçün alınan ev hər an bir hadisə baş verib insanın başına iş açacaq üzüntü mənbəyinə çevrilir. İnsanlar hər an başlarına nə gələcək bilmir deyə mallarını sığortalamaqla məşğul olurlar.

Belə ki, insanlar artıq evlənəcəyi insanla belə evlilik müqavilələri imzalamağa başladılar. Əgər bir gün ayrılsalar, qarşı tərəfə malları keçməsin deyə tədbir olaraq bu müqaviləni imzalayırlar. Bir gün mütləq o sevginin, məhəbbətin, dostluğun yox olacağı ehtimalı ilə alınan tədbirdi bu. “Həyatım, canım” deyəcəyi, bir ömür boyu eyni yastığa baş qoymağa niyyət etdiyi, sirdaşı olacaq bir insana belə etibar etməməkdən irəli gələn bir hərəkətdir. Özünü sığortalama, gələcəkdə aldadılma riskini aradan qaldırmaq üçün təhlükəsizlik tədbiridir sanki. Amma eyni zamanda insanların güvənsizlikdən nə qədər əziyyət çəkdiklərini göstərmək baxımından da çox mənalıdır.

Təkcə malı problem deyil. Yaşlandıqca bədənini də qorumalı olduğunu düşünür. İnsanlar bədənlərinin içində anbaan nələr baş verdiyindən xəbərsizdirlər.

Bunu düşünmək də çox əziyyət verir insanlara. Hər an xərçəng xəstəliyinə tutula biləcəyini, şikəst qala biləcəyini düşündükcə insanların rahatlığı pozulur. Gedib sağlamlıqlarını da sığortalayırlar. Çünki xəstələnməyəcəklərinə dair heç bir zəmanətləri yoxdur. Mütləq sağlamlığı üçün bir yerə pul yatırmalıdır. Bunun sıxıntısı da ömür boyu davam edir. Ölüm qorxusundan daha şiddətli məşəqqətə çevrilir sağlamlığa xərclənən pullar.

İnsanlar onları əhatə edən güvənsizliyə görə mənəvi rahatlıq tapa bilmirlər. Adətən də həll yolunu da başqa yollarda axtarma xətasına düşürlər. Zənn edirlər ki, malları güvəndə olduda, sağlamlıqları yerində olduqda xoşbəxt olacaqlar. Halbuki dincliyin, xoşbəxtliyin əsas açarı Allaha təvəkkül etməkdir. Allaha güvənməkdir. İnsan hər şeyin hər an Allahın nəzarətində olduğunu, bir yarpağın belə Allahın icazəsi olmadan düşə bilməyəcəyini, Allahın «Ol» deməsi ilə hər an şeyi yaratmağa qadir olduğunu düşündükdə ruhu rahatlıq tapır.

Həyatımızda qarşılaşdığımız müsbət və ya mənfi bütün hadisələri ən incə təfərrüatına qədər imtahan olmağımız üçün Allah yaradır. Biz görə bilsək də, görməsək də hər şərdə bizim üçün xeyir, gözəllik gizlidir. Bizim əsl qoruyucumuz, hamimiz Allahdır. Evimizi qoruyan sığorta şirkəti, qapımızda hürən it və ya kameralar deyil. Allah bizim evimizi qoruyur. O tədbirləri vəsilə edir. Bədənimizi qoruyan, xəstə olduqda bizə şəfa verən Allahdır. Sığorta şirkəti və yaxud həkimlər deyil. Səbəblərə sarılıb tədbir almaq vacibdir, ibadətdir. Amma bütün tədbirləri alıb sonra Allaha təvəkkül edirik. Ondan sonra bir problem olsa, Allahın bunu bizi sınamaq üçün yaratdığını düşünüb səbir edirik. Çünki Allah qədərdə bizim üçün bir xeyir istəsə, buna mane olan yoxdur. Bizim üçün bir çətinlik istəsə, bunun da qarşısını alacaq yoxdur. Allahın qədərdə təqdir etdiyi nədirsə, dünyanın bütün tədbirlərini də alsaq, həmin hadisə mütləq baş verəcək. Əksi mümkün deyil.

Malımız, canımız, sağlamlığımız, həyat yoldaşımız, uşağımız hər şeyimiz Allaha məxsusdur. Bunları bizə nemət olaraq verən Allahdır, imtahan olaraq bizdən alacaq olan da Allahdır. Bu məlumata sahib olmağın və iman gətirməyin rahatlığı insanın ruhunu sakitləşdirir, başqa müvəqqəti tədbirlər yox. Belə ki, Allah bir ayədə bu şəkildə bildirir:

2/155- Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!

Buna görə də bizə düşən hər şeyin Allahın nəzarətində olduğunu bilib Allaha tam güvənməkdir. İnsanın ruhundakı inamsızlıq, narahatçılıq, təşviş hissinin tək dərmanı məhz Allaha təvəkkül etməkdir.