MÖMİNLƏR

Ümidvar olmağın təməli: qədərə təslim olmaq


Ümidvar olmağın təməli: qədərə təslim olmaq

Bir çox insan başına gələn ani və gözlənilməz hadisələr qarşısında tez-tez ümidsizliyə qapılır. Məsələn, işində uğursuz olan, çox sevdiyi bir əşyanı itirən, ya da imtahandan kəsilən bir insan əgər bu məsələləri həyatının məqsədi halına gətiribsə, heç gözləmədiyi bu nəticələrin öhdəsindən gələ bilmir və çox kədərlənir.

 Çünki bütün ümidlərinin, hədəflərinin, hadisələrin öz nəzərində tutduğu kimi baş verəcəyini güman edir. Amma hər zaman həyatı planlaşdırdığı kimi getmir. Həyatın axarı içərisində gözləmədiyi bir çox hadisə ilə də qarşılaşa bilir.

 Məsələn, memar olmağı çox istəyən biri memarlıq imtahanlarına çox yaxşı hazırlaşmış, gələcəklə bağlı bütün planlarını gələcəkdə memar olacağını düşünərək etmişdir. Amma heç gözləmədiyi bir hadisə baş vermiş və memarlıq yerinə başqa bir fakültəyə qəbul olunmuşdur. Memar olmağı planlaşdırarkən çox fərqli bir peşənin təhsilini almaq məcburiyyətində qalmışdır.

 İdmanla məşğul olan və həyatı boyu idmanla bağlı fəaliyyət göstərəcəyini planlaşdıran insan da gənc yaşında xəstəlik keçirərək idmanla əlaqəsini kəsmək məcburiyyətində qala bilər. Ya da etina ilə yeni evini dizayn etdirən insan o evdə heç yaşamadan evini satmaq məcburiyyətində qala bilər.

 Yaşadığı həyat boyu bunlara bənzər bir çox gözlənilməz hadisə insanın başına gələ bilər. Əslində, bir an sonra nə baş verə biləcəyi, insanın nə ilə qarşılaşacağı məlum deyil. Bu məqamda tək bilinməli olan, insanın yaşayacaqlarını, daha o doğulmadan yüzlərlə, hətta milyardlarla il əvvəl müəyyən olmasıdır. Daha doğru bir ifadə ilə insanın yaşayacağı hər an "zamansızlıqda" bəllidir. İnsan həmin gün, həmin saat gəldikdə o hadisəni mütləq yaşayacaq. Bu onun taleyidir. Allahın müəyyən etdiyi qədər mütləq baş verəcək. Bu vəziyyəti gündəlik həyatdan bir misalla belə izah edə bilərik:

 Zehnimizdə iki avtomobilin bir-birilə toqquşduğu anı canlandıraq. Hər iki tərəfin də tez çatmaq istədikləri yerlər var. Bəlkə evdə özlərini gözləyən ailələrinə, bəlkə də etmək məcburiyyətində olduqları işlərinə getmək istəyirlər. İki tərəf də müəyyən saatda evindən çıxmış, maşınına minmişdir.

 Bəlkə də, qəzanın olduğu küçəyə girmədən əvvəl qısa tərəddüd anı yaşamış, ən sonunda da hadisənin olduğu küçəyə çıxmağa qərar vermişlər. Sürücülərdən biri və ya hər ikisi də həyatları boyu maşınlarını çox diqqətli istifadə edən, tədbirli insanlar ola bilərlər. Ancaq bu zaman biri gözünü yoldan ayırıb musiqinin  səsini azaldır və ya hər hansı bir məsələ ilə məşğul olur. Hər şey o hadisənin olması üçün xüsusi planlaşdırılıb. Hər detal insanları o hadisəyə aparır.

 Adətən baş verənlər bir an içində baş verir. Avtomobillərin bir-biri ilə toqquşması, gözlənilməz hadisənin baş verməsi çox qısa müddətdə gerçek olur. Halbuki o hadisənin hər detalını qədərdə Allah yaratmışdır. Sürücülərin  qəza anında nəzərlərinin dağılmasına, radioda səslənən musiqiyə, qəzanı törədənlərin geyimlərinə qədər hər şey qədərdə daha əvvəldən hazırdır. Qəzanı törədəcək insan o gün o paltarı geyinər, evdən çıxar, qəzanın olduğu küçəyə girər və o qəzanı mütləq törədər. Heç bir şey o qəzanın baş verməsini əngəlləyə bilməz.

 Allah bu şəkildə təqdir etmişdir. Bu nöqtədə, "kaş o küçəyə girməsəydim", "kaş musiqinin səsini azaltmasaydım" kimi məntiqlər irəli sürmək çox xətalı olacaq. Bu yanlış dünyagörüşü ilə təəssüflərin, peşmançılıqların sonu da gəlməz. Qəzanın səbəbi axtarılsa, bir çox səbəb göstərmək olar. Ancaq işin əsli odur ki, o hadisə qədərdə səbəbləri ilə birlikdə hazır yaradılıb.

 Bu həqiqətlə ilk dəfə üz-üzə gələn insan "bəs, onda nə edə bilərəm" deyə düşünə bilər. Bir halda ki, hər şey qədərdə hazır yaradılıb və hamısını Allah bilir, bu vəziyyətdə insan necə davranmalıdır?

 Yuxarıdakı sualların cavabı hər şeyin ən doğrusunu öyrəndiyimiz Quranda bizə çox açıq şəkildə açıqlanmışdır. İnsanın özü üçün hazırlanan qədərə təslim olması, yaşadıqlarında hər zaman xeyir axtarması, kədərlənməməsi, ümidsizliyə qapılmaması və hər şərtdə şükür edən qul olması Qurana görə ən gözəl və ən doğru davranış olacaq:

 De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

 Allah bütün kainatı, planetləri, günəşi, ayı, ağacları, okeanları, insanları, heyvanları, bir sözlə canlı cansız hər şeyi yaradan olduğu kimi, bütün hadisələri də ən incə detallarına qədər yaradandır. Bu həqiqət Quranda belə bildirilir:

 Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.(Ənam surəsi, 102)

 Allaha iman gətirən, axirətin varlığına inanan və Allahdan qorxan müsəlman hər şeyi yaradan Rəbbimizə özünü təslim edər. Yəni başına gələn hər şeyə qarşı çox səmimi və itaətkar olar, heç bir şeydən ümidsizliyə qapılmaz. Çünki hər şey Allahın nəzarətindədir. Rəbbimiz isə onun ən böyük dostu və vəkilidir. Müsəlman Allahdan gəldiyinə iman gətirdiyi üçün hər hansı bir hadisə qarşısında təşvişə, ümidsizliyə qapılmasının çox yanlış olacağını bilir. Allahın yaradılışının mükəmməlliyinin fərqindədir. Üzləşdiyi hadisənin ən mükəmməl şəkildə yaradıldığını düşünür. Bəzən hadisələr öz əleyhinə yönəlmiş kimi görünsə belə o bunların hamısında özü üçün bir xeyir olduğunu bilir.

 Möminlərlə qədərə təslim olmayan insanların hadisələr qarşısında verdikləri reaksiyalar bir-birindən çox fərqli olur. Məsələn, mömin özü üçün çox xeyirli olacağını düşündüyü iş görüşməsinə gecikə bilər və bu səbəbdən iş imkanını itirmiş ola bilər.

 Ancaq qədərin davam etdiyini çox yaxşı bildiyi və cəhd etdiyi halda görüşməyə gecikməsinin Allahın nəzarətində olduğunu bildiyi üçün "deməli bu iş mənim üçün xeyirli deyilmiş" deyə düşünür və hadisənin o şəkildə baş verməsinə şükür edir. Allahın özü üçün daha xeyirli nəticə yaradacağını ümid edir. Görüşə gecikmə səbəbi olaraq tıxacı və ya partlayan təkərini düşünməsinin çox xətalı olacağını bilir. Belə ki, Allah istəsə tıxac olmaz, təkər partlamaz.

 Tıxac, partlayan təkər və ya buna bənzər şərtlər əlbəttə ki, insanın gedəcəyi yerə gecikməsinin görünüşdə olan səbəbini təşkil edirlər. Ancaq bu səbəblərin arxasındakı həqiqət insanın illər əvvəl özü üçün ən xeyirli şəkildə hazırlanmış qədəridir. Yuxarıdakı nümunədə Allah həmin insanın taleyini "o görüşdə iştirak etməyəcək" şəkildə yaratmışdır. Buna görə də heç bir halda iştirak etməsi mümkün deyil.

 Əgər hər hansı bir maneə yaranırsa, bütün bunlar Allah möminlərə xeyir dilədiyi üçün olur. Bunu təslim olmuş insanın tam qavraması üçün Allahı əsl mənada dost və vəkil seçməsi və Ona səmimiyyətlə yönəlməsi lazımdır.

 Allahın Quranda insanlara əmr etdiyi əxlaq modelinin ən mühüm xüsusiyyətlərindən biri insanın -hansı şəraitdə olursa olsun- heç bir zaman ümidsizliyə və mənfi düşüncəyə qapılmamasıdır. Ümidsizlik imansızlığın, ya da zəif imanın göstəricisidir. Hadisələri Allahın yaratdığını, hər şeyin bir tale üzərində baş verdiyini dərk edə bilməməyin nəticəsidir. Bu, Allahın Quranda xüsusi diqqət çəkdiyi yanlışdır. Çünki ümidsizliyin əsasında Qurana müxalif ruh və düşüncə tərzi dayanır. Bu da Allahın qadağan etdiyi davranışdır. Qurana baxanda Allahın bir çox ayədə insanlara təvəkküllü və ümidvar olmağı, hər hadisəni xeyir gözü ilə qarşılamağı tövsiyə etdiyini görürük.