MÜNAFİQLƏR

Fiziki və mənəvi cəhətdən murdardırlar


Fiziki və mənəvi cəhətdən murdardırlar

Münafiqlərin "cahiliyyə dini"ndən olduqlarını daha əvvəl qeyd etmişdik. Bu batil dini yaşayanlar Allahın insanlar üçün seçib bəyəndiyi həyat tərzindən uzaq həyat yaşayırlar. Bu həyatın qayda-qanunlarını isə şeytanın ilhamı ilə müəyyənləşdirirlər. Bir-birlərini maddi meyarlara görə dəyərləndirmələri, bir-birlərinə həsəd aparmaları və yüzlərlə əxlaqsız hərəkətləri bu batil dinin əsasını təşkil edir.
Bu davranışlar nəticəsində çox çirkin cahiliyyə ruhu meydana çıxır. Bu, daim pis işlər təşkil edən, hadisələrdəki xeyir və hikməti heç vaxt görə bilməyən, insanların əleyhinə fəaliyyətlər təşkil edən və şeytanı xatırladan bir ruhdur.
Bu cür çirkin mənəviyyata sahib olan münafiqlər haqqında Allah belə hökm verir:
 
"Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları (günahların) cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır". (Tövbə surəsi, 95)
 
Yuxarıdakı ayədən də aydın olduğu kimi, bu insanlar fiziki olaraq da murdardırlar. Çünki mənəvi və fiziki gözəllik bir-biri ilə əlaqəli iki anlayışdır. Mənəviyyatı murdar olanın, əlbəttə, həyatı da murdar olacaq. Həmçinin, Allah onların qəlblərindəki xəstəliklərə görə murdarlıqlarını daha da artırdığını bir ayədə belə bildirir:
 
"Qəlbində xəstəlik olanlara gəlincə, (o surə) onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər".(Tövbə surəsi, 125)
 
Qəlblərindəki xəstəlik səbəbindən ruhlarındakı qaranlıq üzlərinə də əks olunur. Quranda Allahın bildirdiyi kimi, bu insanların "üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür." (Yunus surəsi, 27) Möminlərə verilən "nur" baxanlara fərahlıq verdiyi halda, münafiqlərin üzündəki qaranlıq ifadə xüsusilə diqqət çəkir.