Münafiqlər Allahın əzabından çox inkarçılardan qorxurlar
Münafiqlərin ən əsas xüsusiyyətlərinin başında başqa inkarçılar kimi ağılsızlıqları gəlir. Bəziləri görünüşdə zəkalı ola bilərlər, amma əsla Quranı anlamaq və yaşamaq üçün lazım olan ağıla sahib deyillər. Buna görə də hadisələrə ağılsızlıqla yanaşırlar, Allahı və möminləri də təqdir edə bilmirlər.
Etdiklərindən Allahın xəbərsiz olduğunu zənn edirlər
Allahın özlərindən xəbərsiz olduğunu sanmaq münafiqlərin ən böyük ağılsızlığıdır. Hər şeyi möminlərin üzərindən düşünürlər. Elə güman edirlər ki, möminləri razı salıb inandırsalar, heç bir problem olmadan istədiklərini əldə edə biləcəklər. Halbuki Allah münafiqlərin əməllərindən xəbərdardır. Heç bir hərəkətləri və heç bir düşüncələri Allahdan gizli qalmaz. Ağıllarından keçən və qəlblərində olan hər şeyi Allah əhatə etmişdir. Bir ayədə insanlar belə xəbərdar edilir:
... Onlar sizinlə rastlaşanda: "Biz iman gətirdik!"– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: "Qəzəbinizdən ölün!" Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali-İmran surəsi, 119)
Münafiqlər Allahın onlardan xəbərsiz olduğunu düşünüb bir müddət möminləri aldatdıqlarını zənn edə bilərlər. İkiüzlü hərəkətlərinin qısa zamanda ortaya çıxmaması onları cəsarətləndirə bilər. Münafiqlərin bu yanlış düşüncəsi Quranda belə xəbər verilir:
Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?"– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8) Münafiqlərin dediyi “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” sözü onların nə qədər ağılsız və düşüncəsiz olduqlarını göstərir. Allahın onlara sonsuza qədər vaxt verdiyini, bundan dolayı da ikiüzlülüklərini davam etdirəcəklərini düşünürlər. Halbuki bu əsla belə deyil, Allah onları mütləq üzə çıxaracaq.
Allahın möminlərə dəstək verdiyini anlamırlar
Münafiqlər Allahın onların əməllərindən xəbərdar olduğunu bilmədikləri kimi, möminlərə verdiyi dəstəyin də fərqində deyillər. Möminlərə ancaq xarici görünüşə görə qiymət verirlər. Halbuki Allah möminlərə daim yardım edir, ən çətin görünən vəziyyətdə belə onları müvəffəq edir.
Münafiqlər həqiqətlərdən xəbərsiz olduqları üçün bəzi maddi xüsusiyyətlərə görə özlərini möminlərdən üstün görürlər. Bəzən möminlərdən daha zəngin və ya şöhrətli görünə bilərlər. Elə buna görə özlərini onlardan üstün zənn edirlər. Allah Peyğəmbərimizin (səv) dövründə yaşanmış bir hadisə ilə münafiqlərin ağılsızlıqlarını və Allahın yardımı ilə möminlərin hər şərtdə münafiqlərə və başqa inkarçılara qalib gələcəyini xəbər vermişdir:
Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən alçaqları mütləq oradan çıxardacaqlar!"– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər. (Münafiqun surəsi, 8)
Allahın əzabından çox inkarçılardan qorxurlar
Daha əvvəl də qeyd etdiyimiz kimi, münafiqlər möminlərlə birlikdə olduqları müddət ərzində onlar kimi davranır və onları təqlid edirlər. Lakin möminlərin çətin imtahanı zamanı, yəni inananları ortaya çıxaracaq əsil fədakarlıq və sədaqət dövrlərində münafiqlərin ikiüzlülükləri ortaya çıxır. Bu onların çox qorxaq olduğundan və ayədəki ifadə ilə desək, insanlardan Allahdan qorxan kimi, hətta daha şiddətlə qorxmasından irəli gəlir. Peyğəmbərimizin (səv) dövründə çətin anlarda münafiqlərin əxlaqsızlıqları ayələrdə belə xəbər verilmişdir:
Məgər sən, özlərinə: "Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!"– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər. De: "Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz". (Nisa surəsi, 77) İnsanların arasında: "Allaha iman gətirdik!"– deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: "Biz də sizinlə idik!"– deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? (Ənkəbut surəsi, 10)
Öz aralarında da anlaşa bilmirlər
Birlik və bərabərlik möminlərin ən yaxşı xüsusiyyətlərindən biridir. Münafiqlərdə isə bunun tam əksinədir, öz aralarında da münaqişə və ayrılıq olur. Çünki möminlər kimi yeganə hədəfləri yoxdur, yəni Allahın razılığını qazanmağa çalışmırlar. Ancaq öz mənfəətlərinin arxasınca qaçdıqlarına görə təbii olaraq aralarında anlaşılmazlıq meydana gəlir. Quranda onların bu xüsusiyyətinə belə diqqət çəkilir:
... Çünki onlar anlamayan adamlardır. Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu, ona görədir ki, onlar ağlı kəsməyən adamlardır. (Həşr surəsi, 13-14)
Elə düşünürlər ki, ağıllıdırlar
Münafiqlər möminləri aldatmaqla özlərinin çox ağıllı olduqlarını güman edirlər. Elə düşünürlər ki, möminlər kimi fədakarlıq etmədikləri və Allahın rizasını qazanmadan yaşadıqları üçün qazanc əldə edəcəklər. Halbuki burada ən böyük ağılsızlığa yol verirlər. Onlara dini öyrənib Allahın rizasını və cənnətini qazanmaq fürsəti verilməsinə baxmayaraq, nemətləri görməzlikdən gəlib dünya həyatının yararsız və keçici bəzəyinə göz dikirlər. Buna görə də kiçik mənfəətlər ucbatından böyük əzaba, yəni cəhənnəmə layiqdirlər. Üstəlik dünyada da vicdan əzabı çəkib daim şübhə içində yaşayacaqlar.
Özlərini ağıllı zənn etsələr də, Quranda münafiqlərin, əslində, ağılsız olduqları bildirilir:
Onlara: "Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)