AXİRƏT

Möminlərlə inkar edənlərin ölüm formaları fərqlidir


Möminlərlə inkar edənlərin ölüm formaları fərqlidir

Bir çox insanın ölümlə bağlı bilmədiyi sirri Allah Quranda xəbər vermişdir. İnsanın gerçək ölümü ilə, yəni ölüm anında gördükləri ilə digər insanların kənardan müşahidə etdikləri eyni deyildir. Allah bunu ayələrdə belə bildirir:

Can boğaza yetişdiyi zaman – həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. (Vaqiə surəsi / 83-85)

Allah, həmçinin, ölüm anında inkar edənlərin şiddətli qorxu və iztirab çəkdiklərini də qeyd etmişdir.

Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur” – söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm” – deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” – dediklərini bircə görəydin. (Ənam surəsi / 93)

Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi / 85)

İnkar edən insanın yatağında rahatlıqla öldüyünü görə bilərik. Ölüm anında heç bir ağrı hiss etmədiyi, çətinlik çəkmədiyi və gözlərini yavaşca yumduğunu zənn edə bilərik. Halbuki Allah inkarçının ölümünün böyük iztirab və ağrılarla baş verdiyini bildirmiş və ölüm mələklərinin də onların canlarını alma şəkli ayələrdə qeyd edilmişdir:

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. (Məhəmməd surəsi / 27-28)

Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. (Ənfal surəsi / 50-51)

Möminlərin ölümləri isə çox rahatdır. Məsələn, peyğəmbərlə birlikdə döyüşə gedən və orada xəncərlə öldürülən mömin, əslində çox rahat və qorxu hiss etmədən ölüm anını yaşayır. Allahın ayədə bildirdiyi kimi, onların canları sakitcə alınacaq və mələklər tərəfindən salam və müjdə ilə qarşılanacaqlar.