DİGƏR varlıqlar

Şeytanın gücü zəifdir


Şeytanın gücü zəifdir

Unutmaq olmaz ki, şeytanın Allahdan müstəqil gücü yoxdur. Şeytanı Allah yaratmışdır və Onun idarəsi altındadır. Düşmənçiliyi yalnız insana qarşıdır.

Şeytanın Allahdan müstəqil gücə sahib olduğunu düşünənlər isə yanılırlar. Bu insanlar şeytanın Allaha qarşı mübarizə apardığını zənn edirlər. Nəticə etibarilə, o da Allahın yaratdığı bir varlıqdır və Onun izni ilə fəaliyyətini davam etdirir. Ona verilən möhlət bitəndə cəzasını çəkmək üçün azdırdığı insanlarla birlikdə cəhənnəmə atılacaq.

Mən cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam! (Sad surəsi, 85)

Unutmamaq lazımdır ki, şeytanın möminlər üzərində gücü yoxdur. Şeytanın gücü yalnız Allahın müəyyən etdiyi, daha doğrusu, cəhənnəm üçün xüsusi olaraq yaratdığı insanlar üzərində etibarlıdır.

Şeytan Allahın mömin olaraq yaratdığı bir qulu əsla sapdıra bilməz. Yalnız möminin dünya həyatındakı imtahanın tələbi olaraq kiçik səhvlər etməsinə səbəb ola bilər. Şeytanın təsiri yalnız qəlblərində xəstəlik olanlar üzərindədir. Bu həqiqət Quranda belə bildirilir:

Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

Bir başqa ayədə möminlərin şeytan tərəfindən azdırılmayacaqları belə bildirilmişdir.

Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər. (İsra surəsi, 65)

Şeytan da yaradılmış bir varlıq olduğuna görə, hər şeydə olduğu kimi, onun yaradılışında da sonsuz hikmət var. Şeytanla birlikdə böyük bir insan kütləsinin cəhənnəmə sürüklənməsi qiyamət günü möminlərin Allaha şükürlərini, cənnətə duyacaqları sevinc hissini artıran bir ünsürdür.

Şeytan, eyni zamanda, mömin birliyin içində gizlənən münafiqlərin ortaya çıxmasını təmin edir. Bu insanları təsiri altına alaraq, möminlər əleyhinə fəaliyyət göstərmələrinə səbəb olur. Beləliklə, münafiqlər mömin birliyi içində gizlənə bilməyərək özlərini ifşa etmiş olurlar. Möminlər də onlara sığınmağa çalışan bu qrupu asanlıqla təsbit edirlər. Şeytanın fəaliyyətlərinin və münafiqlər üzərindəki təsirinin fərqinə varan möminlərin (Quranda keçən bir ayənin təcəllisini gördükləri üçün) imanları və Allaha yaxınlıqları artır:

(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz  və ürəkləri qatı olanlar üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar haqqdan uzaq bir nifaq içindədirlər. Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc surəsi, 53-54)

Bu, mömin birliyinin içində bir növ təmizlik mənasını verir. Allahın şeytana möhlət verməsinin  hikmətlərindən biri də budur. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana) belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)

Cahiliyyə cəmiyyətinin bilmədiyi başqa bir məqam isə şeytanın hökmranlıq gücünün olmamasıdır. O, insanı yalnız dəvət edir. Əgər bir insanın qəlbində xəstəlik varsa, bu çağırışa tabe olar. Yoxsa şeytanın insanlar üzərində elə bir təsirli gücü yoxdur. Ona uyanların, hətta tapınanların hamısının, əslində, nə qədər böyük qəflət içində olduqlarını bilir. Şeytanın qiyamət günü edəcəyi etiraf ayədə belə xəbər verilir:

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 22)