İnkar edənlər

Allah inkar edənlərin qəlblərinə qorxu salır


Allah inkar edənlərin qəlblərinə qorxu salır

Bir çox ayədə inkar edənlərin qəlblərinə qorxu salındığı belə xəbər verilmişdir:

O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam... ” (Ənfal surəsi / 12)

Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri! (Həşr surəsi / 2)

Bu ayələrdə bildirilənlər Allahın yaratdığı möcüzədir. Allah möminlərə qarşı çıxanların, Allaha və din əxlaqına qarşı mübarizə aparanların qəlblərinə qorxu salaraq onları zəiflədir və mübarizə əzmlərini qırır. Möminlər bu ayələr üzərində düşünməli və özləri üçün ibrət almalıdırlar.

Çünki əvvəlki mövzularda da qeyd etdiyimiz kimi, bütün insanların qəlbi Allahın əlindədir və O hər kəsin qəlbinə istədiyini ilham edir. Möminlərin vəzifəsi insanlara təsir etməyə çalışmaq deyil, yalnızca səmimi olmaqdır. Məsələn, bir möminin vəzifəsidir ki, insanları Allahın ayələri ilə xəbərdar edib qorxutsun. Ancaq o insan din əxlaqı yaxşı izah edildiyinə görə hidayət tapmaz. Ona hidayəti verən Allahdır. Həmçinin mömin özünü təhlükələrdən qoruya və ya düşmənlərini qorxuda bilməz. Lakin Allah möminlərin səmimiyyətləri və Rəbbimizin yolundakı cəhdlərinin əvəzində onları Öz Qatından göndərdiyi yardımlarla qoruyar. Məsələn, bu ayələrdə bildirildiyi kimi, düşmənlərinin qəlblərinə qorxu salar və başlarını öz dərdləri ilə qarışdırar. Beləliklə möminlərin üzərindəki təhlükələri aradan qaldırar.

Allah inkar edənlərin qəlblərinə müxtəlif qorxular sala bilər. Ölüm, gələcək, yaralanma və ya hər hansı bir orqanını itirmə, ac qalma, hər an bir fəlakətlə üzləşmə və ya sevdiklərini itirmə qorxusu kimi yüzlərlə qorxu ola bilər.

İnkar edənlər Allahı özlərinə dost və vəkil etmədiklərinə, əldə etdiklərinin tək sahibi kimi özlərini gördüklərinə, axirətə inanmayaraq dünyaya bağlandıqlarına görə rahatlıqla bu qorxulara düşə bilərlər. Məsələn, qazanclarının pisləşməsi, pulsuz qalmaq onlar üçün ən böyük qorxulardan biridir. Axirətə inanmayaraq dünyaya çox möhkəm bağlandıqlarına görə ölüm onlar üçün son deməkdir. Yox olacaqlarını və hər şeylərini itirəcəklərini düşündükləri üçün ölümdən çox qorxurlar. Bu qorxular isə onları aciz və gücsüz insanlara çevirir. Allah Ona şərik qoşduqlarına görə inkar edənlərin qəlblərinə qorxu salındığını və bu insanların sonunu belə bildirmişdir:

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir! (Ali İmran surəsi / 151)