Qədər

Allah´dan nemət istəyərkən o neməti təqdir edən əxlaqı da istəmək lazımdır


Allah´dan nemət istəyərkən o neməti təqdir edən əxlaqı da istəmək lazımdır


Hətta dünyada ən çətin şəraitdə yaşayan insan da saymaqla bitməyəcək qədər çox nemətə malikdir. Ancaq bir çox insanlar bu nemətləri görməkdənsə, çatışmazlıqları görməyə meyil edirlər. Onları əhatə edən yüzlərlə gözəlliyi unudub sahib olmadıqları nemətlərə görə kədərlənirlər. Çox pis vəziyyətdə olduqlarını və dünyadakı gözəlliklərdən məhrum qaldıqlarını düşünürlər. Bütün həyatlarını bu çatışmazlıqları və nemətlərdən məhrum qaldıqlarını düşünərək keçirirlər. Onlar bütün diqqətlərini bunlara yönəldərkən, əslində, hər an özləri üçün nə qədər nemət yaradıldığını bilmirlər.

Əlbəttə ki, dünyadakı hər insan eyni şəraitdə yaşamır. Birində olan nemət digərində olmaya bilər. Biri ağır xəstə ikən, digəri sağlam ola bilər. Biri çox varlı ikən, digəri çox kasıb ola bilər. Bir-biri ilə müqayisə edildiyi zaman insanların sahib olduqları nemətlər çox fərqlidir. Bütün bunlarda hamı üçün böyük xeyir və hikmətlər var. Ancaq bunları nəzərə almasaq da, insanların sahib olduqları nemətlər o qədər çoxdur ki, insan Allah’ın bu böyük lütfü sayəsində çox sevinməli və xoşbəxt olmalıdır. Uca Rəbbimiz insanlara bəxş etdiyi nemətləri saymaqla bitirə bilməyəcəklərini Quranda xəbər vermişdir:

Əgər Allah’ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.(“Nəhl” surəsi, 18)

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.(“İbrahim” surəsi, 34)


Bütün bu nemətlərin içərisində Allah’ın yaratdığı çox böyük bir sirr var. İnsan sahib olduğu gözəllikləri görməsə, Allah’ın onun üzərindəki lütfünü təqdir etməsə və sadəcə çatışmazlıqları düşünsə, xoşbəxt ola bilməz. Çünki Allah ona daha çox nemət nəsib etsə, hətta çatışmadığını düşündüyü nemətləri də istədiyi şəkildə versə, bu insan (sahib olduğu əxlaqa görə) yenə başqa çatışmazlıqlar görəcək və yenə əlindəkilər ilə qane olmaq əvəzinə, kədərlənəcək. Çünki bu insanın əsl çatışmazlığı sahib olmadığı nemətlər deyil, Allah’ın rəhmətini, sevgisini, lütfünü təqdir etməməkdir. Buna görə də dərin əxlaqa yiyələnmədikcə, bütün dünya nemətləri ona verilsə də, yenə nemətin sevincini yaşaya bilməyəcək.

Neməti təqdir edən, gördüyü hər gözəllikdə Allah’ın sevgisini hiss edən, Allah sevgisindən içi sevinclə coşan bir insan isə hətta dünyanın ən pis şəraitində yaşasa da, çox xoşbəxt olar. Yaşadığı bu xoşbəxtlik heç bir dünyəvi nemətlə müqayisə edilə bilməz. Bu insanın yaşadığı sevinc, rahatlıq heç vaxt tükənməz. Çox çətin vəziyyətdə və sıxıntı içərisində olsa da, sadəcə bir nemətin varlığının mənəvi həyəcanını ömrünün sonuna kimi yaşayar. Ona bu neməti bəxş etdiyi üçün Allah’a sevgi ilə, səmimi şəkildə, dərindən şükür edər. Sadəcə o nemətin varlığı ilə Allah’ın sevgisini, sonsuz lütfünü, rəhmətini, dostluğunu, yaxınlığını, qoruyuculuğunu hiss etməyin sevincini yaşayar. Ən çətin anlarda da Allah’ın onunla birlikdə olduğunu, ona şah damarından daha yaxın olduğunu, səmimi olduğu müddət ərzində ona ən yaxın dost olduğunu və köməyini əsla əsirgəməyəcəyini bilməyin xoşbəxtliyini yaşayar. Sadəcə bu mənəvi həzzin varlığının belə dünyada özü üçün yaradılmış ən böyük nemətlərdən biri olduğunu düşünərək Allah’a dərindən və səmimi şəkildə şükür edər.

Belə ki, insanı xoşbəxt edən nemətlər və ya nemətlərin çoxluğu deyil, neməti təqdir edən əxlaqıdır. İnsanın bu əxlaqı əldə etmədən nemətlərin varlığı ilə həqiqi mənada xoşbəxt olması mümkün deyil. Allah’ın Quranda “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (“İbrahim” surəsi, 7) ayəsi ilə xəbər verdiyi sirr də elə budur. Nemətə şükür etmək neməti təqdir edən əxlaqı yaşamaqdır. Yoxsa iman gətirməyən bir insan da nemətə sevinə bilər. Ağlı zəif olan bir insana da hədiyyə verəndə sevinər. Amma bu sevinc düşünmədən əldə edilən, sadəcə sahib olunan maldan və mənfəət qazanmaqdan qaynaqlanan refleksdir. Həqiqi sevinc Allah sevgisi ilə, ağılla, iman şüuru ilə yaşanan sevincdir. Belə ki, mömin əlindəki nemətlər ilə bu sevinci yaşayıb-yaşamadığını nəzərdən keçirməlidir. Əgər insan nemətin sadəcə maddi sevincini yaşayırsa, deməli, düzəltməli olduğu çox böyük bir problemi var və həyatını təcili şəkildə nəzərdən keçirməlidir. Çünki bu, Allah’a layiqincə şükür etməmək, neməti haqqı ilə təqdir etməmək və nemətə nankorluq etmək mənasını verə bilər (doğrusunu Allah bilir). İnsan əlindəki saysız-hesabsız nemətlər ilə xoşbəxt olmayıb, sadəcə çatışmazlıqları görüb bunlara kədərlənirsə, bu nankorluğuna görə Allah ona bu cür qarşılıq verə bilər. Allah Quranda bu haqda insanları xəbərdarlıq etmişdir:

Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!(“Bəqərə” surəsi, 152)

... Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.(“Şura” surəsi, 48)

Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? “Səba” surəsi, 17)

Qoy ölsün (kafir) insan! O, necə də nankordur!(“Əbəsə” surəsi, 17)

Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir.(“Adiyat” surəsi, 6-7)

Onların bağışlanması üçün dua etsən də, etməsən də, onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allah’ı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.(“Tövbə” surəsi, 80)


Belə ki, insan gün ərzində ancaq müəyyən miqdarda yemək yeyə bilər. Gündə 3-4 qabdan çox yemək istəsə də, yeyə bilməz. Yüzlərlə paltarı olsa, daim dəyişdirsə, yenə gün ərzində ancaq müəyyən sayda paltar geyinə bilər. Yüzlərlə evi, maşını olsa, eyni anda bunlardan sadəcə birindən istifadə edə bilər. İstədiyi yerə tətilə getmək imkanı olsa, eyni anda sadəcə bir məkanda ola bilər. Heç yatmasa belə (bu qeyri-mümkündür) gün ərzində sadəcə 24 saat bu nemətlərdən faydalana bilər. İnsan dünya həyatında maddi nemətlərlə xoşbəxt olacaq şəkildə yaradılmamışdır.

Allah sevgisindən qaynaqlanan nemət sevinci isə hər an, hər şəraitdə və sonsuza qədər yaşanan böyük lütfdür. İnsanın ətrafında Allah sevgisinin nümunələrini görməsi bu əxlaqı yaşayan insan üçün çox böyük bir lütfdür. Çünki bu, böyük sevinc və xoşbəxtlik qaynağıdır. Ona görə də insan nemətin varlığını və ya çatışmazlığını deyil, bu əxlaqa yiyələnib-yiyələnmədiyini düşünməlidir.