İSLAMİ hökmlər

Səbir və qətiyyətdə yarışmaq


Səbir və qətiyyətdə yarışmaq

Din əxlaqından uzaq cəmiyyətlərdə səbir etmək və dözmək çox vaxt eyni mənada başa düşülür. Dözmək sıxıntılara, xoşa gəlməyən hadisələrə əziyyətlə qatlaşmaqdır. Halbuki, Quranda bildirildiyi kimi, səbir möminə sıxıntı yaşatmır.

Mömin yalnız uca Allah`ın rizasını qazanmaqdan ötrü səbir edir. Səbir etdiyi üçün də əsla sıxıntı yaşamır, əksinə Rəbbinin rizasına uyğun əxlaq göstərdiyi üçün mənəvi həzz duyur. Quranda möminlərin səbir ibadətində yarışdıqları bildirilir:

“Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allah’dan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali İmran surəsi, 200)

Gözəl əxlaqlı möminlər Allah yolunda apardıqları fikri mübarizədəki qətiyyətlərində də bir-birləri ilə yarışırlar. İnsanlara yaxşılığı əmr edib, pislikdən çəkindirir və gözəl əxlaqa dəvət edirlər. Allah Quranda möminlərin qəlblərində qətiyyət və səbiri möhkəmləndirdiyini belə bildirir:

“...Onların qəlbinə qüvvət verdik.” (Kəhf surəsi, 14)

Cahil cəmiyyətlərdə bəzi insanlar səbir etməyi çətinliklərə, sıxıntılara dözmək kimi dəyərləndirir və xoşagəlməyən hadisələrə xeyirlə yanaşmır, sadəcə qatlaşırlar. Allah Quranda səbrin iman gətirməyənlərə sıxıntı verdiyini xəbər verir:

“Səbir etmək və namaz qılmaqla (Allah`dan) kömək diləyin! Həqiqətən, bu, (Allah`a) itaət edənlərdən başqa (hamıya) ağır gəlir.” (Bəqərə surəsi, 45)

Halbuki, Quranda möminlərin Allah`ın bütün əmrlərini əskiksiz və diqqətlə yerinə yetirdikləri, qadağalardan çəkindikləri, həyatları boyu ən gözəl əxlaqı nümayiş etdirməkdə yorulmadan qətiyyət göstərdikləri bildirilir. Allah “Ey iman gətirənlər! Səbir edin, səbr göstərməkdə yarışın...” (Ali İmran surəsi, 200) deyə buyurur. Ayəni həyatına tətbiq edən mömin istənilən vəziyyətdə səbir ibadətini əskiksiz yerinə yetirir. Çünki gözəl əxlaqa yiyələnmək üçün insan həyatı boyu cəhd etməlidir və möminlər də cəhdlərində səbir edənlərdəndir.
Bir sözlə, səbir möminin həyatının hər anında yaşadığı əxlaqdır. İman gətirən insan Rəbbimizin “Sən təmkinlə səbir et!” (Məaric surəsi, 5) hökmünə əsasən ən gözəl səbiri göstərir. Təvazökarlıqda səbir etdiyinə görə ən təvazökar insan olur, Allah rizası üçün fədakarlıqda səbir etdiyinə görə ən comərd, fədakar insan olur... Quran əxlaqını yaşamaqdakı səbirlə bağlı Allah belə bir nümunə vermişdir:

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.” (Fussilət, 34-35)

Allah möminlərə pisliklə qarşıladıqları zaman ən gözəl əxlaqı göstərmələrini əmr edir. Ancaq səbirli insanların bu əmri layiqincə yerinə yetirəcəyini bildirir. Bu nümunə gözəl əxlaqı yaşamaqda səbrin əhəmiyyətini göstərir. Möminin səciyyəvi xüsusiyyətlərindən biri də bu əxlaqı yaşayarkən qarşılaşdığı xoşagəlməz hadisələrdə acizlik və qərarsızlıq göstərməməyi və ya bir nemət verildiyində də qürrələnməməyidir.

İnsan həyatının müəyyən dövrlərində comərd, fədakar və ya çox təvazökar ola bilər. Yaxud çətinlik qarşısında dözümlülük nümayiş etdirə bilər. Ancaq bu gözəl xüsusiyyətləri bir müddətdən sonra tərk etməsi və ya çətin vəziyyətlərdə gözəl əxlaqından uzaqlaşması, təvəkkülsüzlük etməsi, o günə qədər etdiyi bütün yaxşı əməllərinin dəyərdən düşməsinə səbəb ola bilər. Çünki gözəl əxlaq müəyyən bir dövr üçün təqlid edilən əxlaq deyil, hər vəziyyətdə Quranın bütün əmrlərini yerinə yetirməkdir. Rəbbimiz, "... Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir." (Kəhf surəsi, 46) ayəsində bu əxlaqın əhəmiyyətini xatırlatmışdır.

Səbir möminin Allah`a qarşı səmimiyyətinin və Ona yaxınlaşmaq cəhdinin ən səciyyəvi göstəricilərindən biridir. Çünki insan imanı və Allah`la yaxınlığı səviyyəsində səbir edə bilər. Fədakarlıq etməlidirsə bunu ən gözəl şəkildə, əlindəki bütün imkanlardan istifadə edərək edər. Bir ayədə "O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir...” (Rad surəsi, 22) deyə xəbər verilir. Mömin çətinliklə qarşılaşdıqda da sıxıntı və təvəkkülsüzlük yaşamadan Allah`dan kömək diləyir. Mömin Allah`ın rizasını qazanmaq üçün səbir edir, dolayısı ilə, səbir etdiyi zaman əziyyət çəkmir, əksinə bundan mənəvi həzz duyur. Allah`ın bu səbrin qarşılığında vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük bir sevinc hissi yaşayır. Qarşılaşdığı hər hadisədə Allah`dan razıdır, Onun sonsuz şəfqətinə və mərhəmətinə iman gətirir, Ona inanır.

Mömin ömrü boyu ən gözəl şəkildə səbir edir. Quranın “Rəbbin üçün səbir et!” (Müddessir surəsi, 7) hökmünə həyatının hər anında itaət edir. Rəbbimiz bu əxlaq qarşılığında möminləri rizası və cənnəti ilə mükafatlandıracağını vəd etmişdir.Möminin səciyyəvi xüsusiyyətlərindən biri də olduqca qətiyyətli olmasıdır. Heç vaxt şövqünü, həyəcanını itirməz. Həyatdakı tək məqsədi Allah`ın rizasını qazanmaqdır. Heç bir çətinlikdən qorxub yolundan dönməz. İnsanların onun haqqında düşüncələri də mömini maraqlandırmır. Bütün həyatını ancaq öz məqsədinə, Allah`ın rizasını qazanmağa yönəltmişdir.

Allah möminin qətiyyətini müxtəlif imtahanlarla sınağa çəkir. Onlara müvəqqəti sıxıntılar, cənnət əxlaqını öyrətmək üçün çətinliklər verir. Quranda bu, belə bildirilmişdir:

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver” (Bəqərə surəsi, 155)

Qətiyyətli mömin ayədə də bildirildiyi kimi, başına gələn bütün çətinliklərə səbir edir. Quranda möminin bu xüsusiyyəti belə təriflənir:

“Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.” (Ali İmran surəsi, 146-147)

Allah yolundakı cəhdlərində acizlik göstərənlərin isə qəlblərində xəstəlik olduğu bildirilir:

“Ancaq Allah`a və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.” (Tövbə surəsi, 45)

Çətinliklərlə yanaşı sahib olduqları nemətlər də insanı zəiflədir, məqsədindən uzaqlaşdırır. Acizlik bəzi insanların şövqünün və həyəcanının itməsinə səbəb olur. Allah bir nemət bəxş etdiyi zaman təkəbbürlənmək və Allah`dan üz çevirmək səciyyəvi inkarçı xüsusiyyətidir. Quranda bu, belə bildirilir:

“İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.” (Yunus surəsi, 12)

Halbuki, möminlər əsla bu cür əxlaqa yol verməzlər. Nə qədər yaxşı imkanlar əldə etsələr də (ehtişam, var-dövlət, vəzifə) bu onların qətiyyətlərinə, Allah`a yaxınlaşmaq cəhdlərinə zərrə təsir etməz. Çünki mömin bütün bunların Allah`dan bir nemət olduğunu və diləsə dərhal geri alacağını bilir. Sahib olduğu hər şeyin Allah`a aid olduğunu bildiyi üçün əsla təkəbbürlənmir.

Ciddi cəhdlə məqsədinə yönəlmək, boş işlərdən üz çevirmək, həddi aşmaqdan çəkinmək möminlərin qətiyyət göstəriciləridir. Ayədə “axirət üçün ciddi cəhd edənlərdən” belə bəhs edilir:

“Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.” (İsra surəsi, 19)

Allah bir ayəsində “Yoxsa onlar işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk.” (Zuxruf surəsi, 79) deyə xəbər verir. Şübhəsiz, bu vəsf Allah`ın yer üzündəki xəlifələri olan möminlərə də xasdır.

Acizlik göstərməmək, şövq və həyəcanı hər an yaşamaq Allah`ın əmridir:

“Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.” (Ali İmran surəsi, 139)

Qətiyyətli və sədaqətli olmaq möminin əsas xüsusiyyətlərindəndir. Möminlər “Möminlərin içərisində Allah`a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23) ayəsində də bildirildiyi kimi, son nəfəslərinə qədər Allah`ın rizasını qazanmaq yolundakı qətiyyətlərindən və əhdlərinə sədaqətlərindən əl çəkməzlər.

Qeyri-sabit xarakterli, möminlərin yanında bir cür, inkar edənlərin yanında isə başqa cür əxlaq nümayiş etdirən münafiqlər isə sədaqətsiz və qətiyyətsiz olurlar. Möminlərə Allah`dan bir zəfər gəldiyində “Biz də sizinlə idik” demələri və ya çətinliyə düşdüklərində isə dərhal onlardan uzaqlaşmaqları buna ən gözəl misaldır.

Allah “...Onların qəlbinə qüvvət verdik.” (Kəhf surəsi, 14) ayəsində Kəhf əhlindən bəhs edir. İnkarçı cəmiyyətin içində Allah`a sədaqətli olan bu gənclər möminlər üçün qətiyyətlilik nümunəsidirlər. Mömin ölənə qədər səbirli olmaq və Allah`a verdiyi sözü tutmaqla məsuldur:

“Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allah`ın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah`la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.” (Fəth surəsi, 10)