AXİRƏT

Qiyamət günü


Qiyamət günü

 O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə soruşur. Gözlər bərələ qalacağı, Ay tutulacağı və Günəşlə Ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün) pənah aparılacaq yer tapılmayacaq. (Qiyamət surəsi, 6-11)

Ulduzlar sönəcəyi zaman; göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman. (Mürsəlat surəsi, 8-11)

Həmin saat hökmən gələcək!.. (Taha surəsi, 15)

Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. (Qopacağı) vaxtı yalnız O aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə də ağır gəlir. O, sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allah´a aiddir. Lakin insanların çoxu bilmir”. (Əraf surəsi, 187)

O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da didilmiş yun kimi olacaqdır. Dost dostunun halını xəbər almayacaq. (Məaric surəsi, 8-10)

Göy yarılıb dağ edilmiş yağ kimi qıpqırmızı olacaqdır. (Rəhman surəsi, 37)

İncil

Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş qaralacaq, Ay işıq saçmayacaq, ulduzlar göydən töküləcək... (Mark, 13: 24-25)

O günü və saatı heç kim bilmir... Ehtiyatlı olun, oyaq olun, dua edin. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. (Mark, 13: 32-33)

Özünüzə fikir verin! Qoy ürəkləriniz acgözlük və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy o gün bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün bir tələ kimi yer üzündə yaşayanların hamısının üstünə gələcək. (Luka, 21: 34-35)

...O gün göylər böyük gurultu ilə qopub töküləcək. Hər şey yanaraq məhv olacaq. Yer üzü və onun üstündəki hər şey yanıb yox olacaq... O gün göylər də od tutub yanacaq. (2 Peter, 3: 10-12)

Tövrat

Rəbbin günü yaxındır! Günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... Göy və yer sarsılacaq… (Yoel, 3: 14-16)

Qarşılarında yer sarsılır, göylər lərzəyə gəlir, günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim tab gətirə bilər? (Yoel, 2: 10-11)

...Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! Buna görə hamının əlləri yanına düşəcək, hər kəs qorxub ürəyini yeyəcək. Hər kəsi dəhşət bürüyəcək, dərd və iztirab içində boğulacaq, doğan qadın kimi ağrı çəkəcək, çaşqın-çaşqın bir-birinə baxacaq, üzləri qızaracaq. Budur, Rəbbin amansız, qəzəbli və qeyzlə dolu günü yaxınlaşır ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin. Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. (Yeşaya, 13: 6-10)

Rəbbin möhtəşəm günü yaxınlaşır, yaxınlaşır, tez gələcək... O gün qəzəb günüdür: hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür!.. Rəbb deyir: “İnsanlara elə bəla göndərəcəyəm ki, kor kimi hara gedəcəklərini bilməyəcəklər, çünki Mən Rəbbə qarşı günah ediblər... Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək”. (Sefanya, 1: 14-18)