İnkar edənlər

Şeytanın insanları Qurandan uzaqlaşdırmaq üçün verdiyi əmrlər


Şeytanın insanları Qurandan uzaqlaşdırmaq üçün verdiyi əmrlər

Şeytanın səmimi qəlbdən Rəbbimizə yönələn, Onun əmr və tövsiyələrinə riayət edən, sadəcə Allah`ın rizasını qazanmaq üçün ixlasla yaxşılıq edən və hər etdiklərinin əvəzini axirətdə görəcəklərini bilən insanlar üzərində heç bir gücü yoxdur. Şeytan Allah`ın cəhənnəm üçün yaratdığı insanlar üzərində hakim olur. Məsələn, Allah bütün qadınlara təsəttür ibadətini fərz qılmışdır. Təsəttür qadını Allah qatında ucaltmağa, onu sıxıntıdan qurtarmağa  səbəb olur. Təsəttürlə birlikdə əxlaq, davranış və hərəkətlər də Quran və sünnəyə uyğun olmalıdır. Şeytan bunu çətin göstərməyə çalışır. Ancaq mömin qadınlar təsəttürün fitrətlərinə uyğun olduğunu bilir və bu fərzi də lazımi qaydada tətbiq edirlər. Şeytanın doğru yoldan azdırmağa çalışdığı, qulağına fısıldadığı vəsvəsələr iman gətirənlərə təsir etməz. Allah bunu ayələrində belə bildirir:

Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allah`a şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

Bir başqa ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:

Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”. (İsra surəsi, 65)

Bu səbəbdən, Allah iman gətirənlərə Quranda "O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)” şəklində buyurur. Şeytan müxtəlif yollarla insanın bir anlıq səhv etməsinə səbəb ola bilər, ancaq müsəlman səhv edəndə  dərhal bunun fərqinə varar və tövbə edib Allah`a sığınar. “Əraf” surəsində iman gətirənlərə belə bildirilir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 200-201)

Ancaq inkarçılar şeytanın sözünü dinləməklə, onu özlərinə dost etmişlər. Şeytan onları qorxu, təhdid, dünya həyatına dair müxtəlif aldanışlar, vəsvəsələr və vədlərlə təsiri altına almışdır. Artıq onlar şeytanın firqəsinə, üsyankar ordusuna mənsubdurlar. Şeytanın sözləri onlar üçün bir təlimat və əmrdir. Yalnız onun sözünə itaət edirlər.

Şeytanın insanlara verdiyi ilk əmr isə Allah`ın varlığını inkar etmələridir. Allah`ın "Şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir… (Həşr surəsi, 16)” şəklində bildirdiyi kimi o, insanlara Allah`ın varlığını inkar etmələrini söyləyir. Sonra əmrlər bir-birini təqib edir: Düşünmə! Dinləmə! Oxuma! Öyrənmə! Uzaqlaş! Yaxınlaşma və Qürurlan!…

Şeytanın əmri: düşünməyin!

Düşünmə qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allah`ın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqinə varır. Yalnız düşünən insan dünyada hər şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında müəyyən məsuliyyətlərinin olduğunu qavrayır. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allah`ın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Quranın nazil edilmə məqsədi “Sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki,  onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də  ibrət alsınlar! (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların düşünüb dərk etmələri və ondan ibrət almalarıdır. Lakin insanların əksəriyyəti düşünməyi çətin iş kimi görür. Hətta bu insanlar düşünməyin həyat və nizamlarına zərər verəcəyinə inanırlar. Onların anlayışına görə, ən böyük zərər insana dünya həyatındakı məsuliyyətlərini xatırlatmaq, onu qəflət halından çıxarmaqdır. Çünki düşünməmək insan zehnini boşaldır və onu demək olar ki, yuxuya verir.

Bu yuxu sanki bir sehr kimi insana bütün məsuliyyətlərini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə insanların özlərini dünya həyatının gündəlik və təkrarlanan işlərinə qapdırmalarıdır. Bəlkə bu insanlar gün ərzində çox şey düşünür, qərar verir, yaxud da problem həll edirmiş kimi görünürlər. Amma, əslində, düşündükləri şeylər gündəlik təfərrüatdan başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə əlaqədar deyil. Əzbərlənmiş, öyrədilmiş, qəliblənmiş hərəkətlər, söhbət və davranışlar insanların bütün həyatını o qədər örtür ki, onlar həyati əhəmiyyətə malik olan həqiqətlər üzərində düşünməyi lazım bilmirlər.

Bu insanlar özləri düşünməkdən qaçdıqları kimi, başqalarının verdiyi nəsihətlərdən də qaçırlar. Allah`a iman gətirmələri, Onun rizası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri barədə çağırışlardan üz çevirirlər.

Ancaq dünyada hər şey və hər varlıq bir məqsədlə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanın düşünməsi üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və onların arasındakıları kimin daha gözəl davrandığını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa həyatı boyu bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən sonra yenidən dirildib hesaba çəkən Allah`a qarşısında məsuliyyəti var. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və tətbiq etmək hər insanın borcudur. Allah buna “Məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)”  ayəsi ilə diqqət çəkir.  

Düşünən insan kainatdakı nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gəlmədiyini, var olan hər şeyin bir yaradıcısının olduğunu anlayacaq. Ətrafındakı yaradılış möcüzələrini düşündükcə Allah`ın varlığının dəlillərini, Onun yaratdığı hikmətləri görərək Allah`a təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaq. Bu həqiqətin fərqinə varan şeytan insanların qəflət içində yaşamalarını, Allah`ın ayələrindən uzaq durmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın hədəfini bu şəkildə bildirir:

(İblis) dedi: “…Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm…” (Əraf surəsi, 16-17)

Şeytan bu hədəfinə nail olmaq üçün insanları qəflətə salan xüsusi mühitlər hazırlayır. Belə ki, insanların zəif yönlərindən istifadə edib planlar qurur, ssenarilər hazırlayır və bunları insan nəfsinin zövq alacağı hala gətirir. Dindən uzaq insanlar da belə mühitlərdə iman gətirənlərin əksinə, Allah`ı unudub qəflətə düşürlər.

Məsələn, əyləncə yerləri şeytanın bu planını rahat şəkildə həyata keçirməyə imkan verir. Çünki din əxlaqını yaşamayan insanlar belə yerlərdə heç nə düşünmədən vaxt keçirirlər. Bu məkanlarda dəyər verilən şeylər geyim, bijuteriya, xərclənən pul və ətrafındakı insanlardır. Yüksək səsli musiqi, dumanlı hava, yükək səsli söhbətlər və bağırtılar Allah qorxusu olmayan insanların diqqətini toplamayacağı və düşünməyəcəyi yerlər olur.  

Əlbəttə, insanların əylənmələri, onlara maraqlı olan insanlarla söhbət etmələri gözəl nemətdir. Ancaq burada axirətin unudulduğu, Allah`ın adının anılmadığı məkanlardan söhbət gedir. Yaradılış məqsədini tamamilə unutmuş, Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil, buradakı qafil həyatı yaşamaq üçün vaxtını keçirən insanlar öyüd-nəsihət dinləməzlər. Bu yerlərdə vaxt keçirən insanların əsas məqsədi də budur: hər şeyi unutmaq və düşünməmək. Belə məkanlara “beynini boşaltmaq üçün” gələn insan 10 dəqiqə əvvəl ağlı başında olduğu halda, bir anda buradakı qarışıqlığı normal qəbul etməyə başlayır. Çılğın şəkildə əylənmək üçün hər cür əxlaqsızlığı normal qarşılayır. Halbuki, bu cür yerlərdə qab-qacaq qırmaq, stolu çevrimək, salfetləri atmaq, pencək yandırmaq, pis sözlərlə insanlara sataşmaq, təhdidlər, mübahisələr baş verir.

Bu cür yerlərdə Allah qorxusu olmayan insanların faydalı düşünməsi qeyri-mümkündür. Nəzarətdən çıxmış, şiddət və əxlaqsızlığın təşviq edildiyi məkan burada olan insanların tamamilə şeytanın təlqinlərinə tabe olmasına zəmin yaradır. Beləliklə, şeytan insanları “düşünməyin!” əmrinə itaət etdirir. Allah “Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver... (İsra surəsi, 64)” ayəsi ilə şeytanın bu üsuluna diqqət çəkmişdir.

İnsanların qəflət içində yaşadıqları bu həyat sadəcə əyləncə məkanları ilə məhdudlaşmır. Bağırtı, gurultu, insanların Allah`ın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər məkan şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol matçlarında tribunaları, konsertlərdə stadionları dolduran izdihamın meydana gətirdiyi mühitdə də şeytan eyni vasitələrlə insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə yerlərdə əylənmək, maraqlı oyuna baxmaq və ya gözəl səs dinləmək üçün deyil, insanlara bağırmaq, mübahisə etmək, qısaca desək, hər cür çirkin davranışı göstərmək üçün gəlir. Üstəlik, belə yerlərdə bir-iki insan deyil, minlərlə, on minlərlə insandan ibarət izdiham bir-birinə təsir edir və kütləvi surətdə qəflətə düşürlər.

Belə məkanda bir çox insan Allah`ın onu hər yöndən əhatə etdiyini, hər an ölüm mələkləri ilə qarşılaşacağını ağlına belə gətirmir.

Qəflətə qapılıb həqiqətlərdən qaçan insan ölüm mələklərini gözləmədiyi anda qarşısında gördüyündə isə gec olacaq. Çünki o, həyatını boş əməllərlə, çirkin davranışlarla keçirmiş və Quran ayələrini düşünməkdən qaçmışdır. Düşünməmək üçün müxtəlif üsullara əl atmış, şeytanın oyunlarına aldanmışdır. Halbuki, ölümü, həyatın keçiciliyini, Allah qarşısında məsuliyyətlərini düşünən insanın belə qafil halı qəbul etməsi mümkün deyil. Allah`ın hər an canını alacağını bilən, ölümün nə qədər yaxın olduğunun fərqində olan, ağzından çıxan hər sözdən, ağlından keçən hər düşüncədən və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyinin şüurunda olan insan hansı mühitdə olursa-olsun bunu unutmaz, ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unutmaq olmaz ki, bir məkanda Quran əxlaqına uyğun şəkildə əylənməyin yerinə həddini aşan bir adama da, buna təşviq edənlərə də ölüm eyni yaxınlıqdadır. Bəlkə də həmin insan çölə çıxar-çıxmaz ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda Allah`ın hüzurunda hesaba çəkiləcəkdir.

Ölüm insana bu qədər yaxın olduğu halda, insanın qəflət içində yaşaması, əyləci sıradan çıxmış yük maşınının sürətlə üstünə gəldiyini görüb onu vuracağını bildiyi halda maşının qarşısından çəkilməyən insanın vəziyyətinə bənzəyir. İnsan ömrü boyu belə yaşasa da, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını arxada qoyar. Əgər insan vaxtını Allah`ın varlığından qafil halda keçirmişsə, o gün cahiliyyə cəmiyyətlərində “həyatını doya-doya yaşamaq” şəklində ifadə edilən bu həyatın ona itkidən başqa bir şey vermədiyini dərk edər. Allah`ı və hesab gününü unutduğu üçün peşman olar. Allah Quranda inkarçıların qəflətdə ikən onlara verilən öyüd-nəsihətlərə olan reaksiyalarını belə bildirmişdir:

İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; qəlbləri qəflət içində olaraq... (Ənbiya surəsi, 1-3)

Düşünmək insana “zərər verir”

Cahiliyyə cəmiyyətində "düşünmək insana zərər verir" kimi batil düşüncə tərzi mövcuddur. Bu, böyük səhvdir. Əslində, bu, insanların Allah`ın ayələri üzərində düşünmələrinin qarşısını almaq üçün şeytanın taktikalarından biridir. Şeytan insanlara düşünərkən çətinlik çəkəcəklərini, yorulacaqlarını təlqin edərək onları Qurandan uzaqlaşdırır. Hətta cahiliyyə cəmiyyətində çox düşünməyin insanı dəli edəcəyinə inanırlar. Bu inanc şeytanın digər oyunları kimi aldadıcıdır. Əksinə, insan düşünmədiyi zaman ağılsızlığından əziyyət çəkir.

Eyni zamanda, insanların bir çoxu ölüm, axirət kimi mövzular barəsində düşünməyin də məsuliyyətlərini xatırladacağını bildiklərinə görə bu mövzuları da düşünmürlər. Bu baxımdan düşünməmək insanların özlərini aldatmaq və həqiqətləri görməməzliyə vurmaq üçün istifadə etdikləri vasitələrdən biridir. Ancaq düşünmədiklərində məsuliyyətlərinin aradan qalxacağı fikri yanlışdır. İnsan istəyib-istəməsə də, düşünüb-düşünməsə də, məsuliyyətləri azalmaz. Çünki Allah hər kəsi iman gətirməklə və Quran əxlaqını yaşamaqla məsul tutmuşdur. Hər insan dünya həyatında sınanır və əvvəl-axır görməməzliyə vurduğu həqiqətlə üz-üzə gələcək.

Düşünməməyin nəticələrindən biri də bu insanların ətraflarında baş verən hadisələrdən və ya öz başlarına gələn hadisələrdən ibrət almamalarıdır. Allah`ın insanların düşünüb davranışlarını düzəltmələri üçün yaratdığı hadisələr bu insanların dəyişməsinə səbəb olmaz. Dünyada hər an meydana gələn hadisələrin təsadüf olduğuna özlərini inandıraraq yaşadıqları ibrətverici hadisələrin hikmətlərini təqdir etməzlər. Allah inkarçıların bu xüsusiyyətindən belə bəhs edir:

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tovbə surəsi, 126)

Halbuki, böyük fəlakətlər, dünya həyatındakı bəlalar və sıxıntılar insanları düşünməyə sövq edən hadisələrdir. Lakin inkarçılar bu hadisələri mübahisə mövzusu edir, hadisələrin təsadüfən olduğunu dilə gətirir və bu minvalla düşünməkdən qaçırlar. Allah`ın Quranda bildirdiyi kimi: "...Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi... (Əraf surəsi, 95)”, - deyər və qəflətdə yaşamağa davam edirlər. Hər bəlanı və fəlakəti təsadüflərlə, təbii səbəblərlə izah etməyə çalışır, bunun bir xatırlatma olduğunu unutmağa, düşünməməyə çalışırlar. Başlarına gələn fəlakətləri anlamazlıqdan gəlir: "Təsadüflərin yanlışlığı, böyük bir təbii fəlakət, belə olması gözlənilirdi, hər yerdə belə hadisələr olur, bəxtim gətirmədi", - deyərək izah etməyə çalışırlar. "Bu, Allah`ın bizə xəbərdarlığıdır", - deməz, bunu ehtimal belə etməzlər. Bu da şeytanın bir taktikasıdır.

Dünyada insanın başına gələn hər fəlakət, bəla, sıxıntı, yaxud axirətdəki əzabı xatırladan hər hansı bir hadisə Allah`ın insanlara lütf olaraq verdiyi fürsətlərdir. Allah dünya həyatındakı bu sıxıntıların şiddətini müəyyən dərəcədə saxlayaraq, insanların Ondan qorxmaları və bu hadisələrdən ibrət alaraq davranışlarını düzəltmələrini istəyir. Bir ayədə Allah dünyəvi əzabların hikmətini belə bildirir:

Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?... (Səcdə surəsi, 21-22)

Allah bu yolla insanlara ölümün yaxın olduğunu, insanın hər hərəkətindən məsuliyyət daşıdığını, dolayısilə, əmr və qadağalarına riayət etməyə borclu olduğunu xatırladır. Ancaq inkarçılar qürurları ucbatından bütün xatırlatmalara əyləncə kimi baxır və inkarlarını daha da artırırlar. Onlara Allah`ın əzabından qorxmalarını, Allah`ın ayələrinə tabe olmağı xatırladan elçilərə "Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? (Mülk surəsi, 25)” şəklində meydan oxuyan cavablar verirlər. Ya da "Bu həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil. (Muminun surəsi, 83)” kimi ifadələr işlədərək çirkin cəsarət göstərirlər. Allah “Əraf” surəsinin 95-ci ayəsində çirkin davranışlarının əvəzində bu insanların  özlərinin də hiss etmədən qəflətən yaxalandıqlarını və böyük əzaba layiq olduqlarını xəbər verir. “Ali-İmran” surəsi insanları o çətin gün barəsində düşünməyə sövq edir:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri  hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir. (Ali-İmran surəsi, 30)

Şeytanın əmri: yaradılış dəlillərini görməməzliyə vurun!

Kainatdakı hər incəlik, təbiətdəki və canlılardakı qüsursuz sistemlər çox mükəmməl quruluşa malikdir. Kainatın böyüyündən kiçiyinə qədər hansı bir hissəsini araşdırsaq, hər birinin şüurlu yaradılış dəlillərini ortaya qoyduğunu görərik. Əsla səhv etməyən bir quruluşa malik olan və orbitlərində firlanan göy cisimlərindən atmosferdəki qazların nisbətinə, insanın yaşaması üçün xüsusi şəkildə yaradılmış bədəndən hüceyrə, zülal, DNT, atom kimi ən kiçik hissələrə qədər saymaqla bitməyən incəlik var. Bütün bunlar mükəmməl şəkildə var edilmişdir və qüsursuz şəkildə varlığını davam etdirir.

Ancaq inkarçılar Allah`ın varlığına və tək olduğuna dair saysız dəlili görməməzliyə vurur, canlıların varlığını təsadüflərlə izah etməyə çalışırlar. İnsanın bədənindəki qüsursuz sistemi, təbiətdəki canlıların yaradılış möcüzələrini, gilasın, çiyələyin, portağalın dadını, qızılgülün qoxusunu, qüsursuz görünüşünü, ulduzların, ayın, günəşin bənzərsiz xüsusiyyətlərini təsadüflərə bağlayır, yaradılış həqiqətini inkar etmək üçün hər vasitəyə əl atırlar. Bu insanlar kainatdakı hər xüsusiyyətin milyonlarla il baş verən təsadüf nəticəsində şüursuz atomların bir yerə yığılması ilə meydana gəldiyini iddia edirlər. Bu mövzuda qarşımızdakı nümunələr təkamül nəzəriyyəsini kor-koranə müdafiə edib bizi əhatə edən milyonlarla yaradılış dəlilini görməməzliyə vuran təkamülçü elm adamlarına məxsusdur.

Hüceyrənin varlığından belə xəbəri olmayan XIX əsrdə yaşamış Çarlz Darvin adlı həvəskar bioloq tərəfindən ortaya atılan bu nəzəriyyə dövrümüzün elmi inkişafı qarşısında böyük məğlubiyyətə uğramışdır. Ancaq bu nəzəriyyənin vacib xüsusiyyəti dini inkar edən materialist ideologiyaya elmi don geydirmək olmuşdur. Bu səbəbdən də təkamül nəzəriyyəsi (elmi cəhətdən məğlubiyyətə uğramasına baxmayaraq) materialist elm adamları tərəfindən hələ də yaşadılmağa çalışılır. Bu elm adamları yaradılış həqiqətini inkar etmək üçün elmi həqiqətlərdən qaçır, dəlillərə etibar etmirlər. Onları ən çox narahat edən şey isə yaradılış həqiqətinin dəlillərlə ortaya qoyulması və təkamül nəzəriyyəsinin qüsur və xətalarının elmi qaynaqlarla sübut edilməsidir. Təkamülçü elm adamlarının təkamül nəzəriyyəsinə bağlılıqları artıq elmi yanaşmadan uzaqlaşmış, kor-koranə bağlılıq halına gəlmişdir.

Quranda Allah`ın varlığının dəlilləri gətirildiyi halda, atalarının dininə olan bağlılıqları ucbatından inkarda israr edən qövmlər nümunə verilmişdir. Bütün dəlillərə baxmayaraq, inanmamaqda israr etmək inkarçıların ortaq xüsusiyyətidir. Allah Quranda inkarçıların bu yönlərini bir çox ayə ilə xəbər verir:

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda, (onlara) inanma­­dıqlarına görə məhv etdik... (Yunus surəsi, 13)

Hal-hazırda yaradılışı inkar edənlərlər də yuxarıdakı ayədə xəbər verilən nəsillər kimi iman etməməkdə israr edirlər. Bu insanlar açıq-aşkar dəlillərə baxmayaraq, kainatın və bütün canlıların təsadüfən yarandığını, bu dünyada heç kimin qarşısında məsuliyyət daşımadıqlarını iddia edir və Qurandan üz çevirirlər. İmanlı insanlar ətrafdakı hər yaradılış dəlilini heyranlıqla və diqqətlə izləyərkən, Allah`ın yaradılışındakı ehtişam qarşısında hər gün heyranlıqlarını qat-qat artırarkən, digərləri bu dəlilləri görməyəcək qədər korlaşmışlar. Bu, insanların vicdanlarının korlaşmasının və Allah`ın haqq kitabından uzaqlaşmalarının nəticəsidir.

İnsanların həqiqətləri görməzlikdən gəlməsinin səbəbi isə onların inkar etmələri üçün ciddi səy göstərən şeytandır.

Quranda "Kim mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)” ayələrində bildirildiyi kimi, şeytan bu insanları doğru yoldan azdırır. Allah`ın qüsursuz plan və dizaynı hər yeri əhatə etmişkən, şeytan inkar edənləri həqiqətlərdən uzaqlaşdırır, dünyəvi işlərlə məşğul edir və onların bu dəlilləri görməzlikdən gəlmələrinə səbəb olur.

Şeytanın tələsinə düşən insanlar onlara haqqı söyləyən insanlara şiddətlə etiraz edirlər. Bu vəziyyət onların iman gətirənlərə qəzəblənmələrinə, kin və nifrət bəsləmələrinə gətirib çıxarır. İnkarçıların Allah`ın varlığına dair dəlillərin göstərilməsindən və izah edilməsindən keçirdikləri narahatlıq hissini Allah bir ayədə belə bildirir:

...Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq..." (İbrahim surəsi, 9)

Qeyd etmək lazımdır ki, inkar edənlər həqiqətləri, yəni Allah`ın varlığına dair dəlilləri və Quranın haqq kitab olduğunu qəsdən görməzlikdən  gəlirlər. Bu insanlar həqiqəti bilə-bilə inkar edir, düşünmək istəmirlər. Allah`ın "…Halbuki, onlardan bir zümrə var idi ki, Allah`ın sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)” ayəsində bildirdiyi kimi, bilirlər, amma inkar edirlər. Çünki yaradılış həqiqətini dərk etmək, Allah`ın bənzərsiz sənətini təqdir etmək üçün çox düşünməyə, saatlarla araşdırmağa, oxumağa gərək yoxdur. İnsan vicdanının səsini dinləyib, səmimi qəlblə bir az diqqət  etsə, bir neçə saniyə düşündüyü zaman yaradılış həqiqətini inkar edə bilməyəcək. İnsan vicdanının səsini dinləməli və şeytanın vəsvəsələrinə qarşı diqqətli olmalıdır.

Şeytanın əmri: lovğalanın

Allah`ın ayələrinə iman gətirməyənlərin, Onun  əmr və qadağalarına itaət etməyənlərin ortaq xüsusiyyətlərindən biri də təkəbbürdür. Şeytan insanlara lovğalanma hissi verərək insanları Allah`a təslim olmağa, Quran ayələrini dinləməyə qoymur.

Allah`ın "Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)” ayəsində bildirdiyi kimi, insanlar qürurları səbəbindən ayələrdən üz çevirirlər.

Şeytan insanlara lovğalanma hissini verərək hər şeyi yalnız özünün doğru şəkildə bildiyinə inandırır. Bu səbəbdən, insan ətrafındakıların xatırlatmalarına, tövsiyə və tənqidlərinə qürur və istehza ilə cavab verir. Heç kimi və heç nəyi yol göstərici qəbul etmədiyi kimi, sadəcə öz imanından vaz  keçməmək üçün yanlış olduğunu gördüyü şeylərdən belə vaz keçmir. Öz fikrinin yanlış olduğundan, xətalı yönlərinin olduğundan bir az şübhələndikdə doğrunu görə bilər. Lakin inadkar, sabit fikirli xarakter göstərir. Bu səbəbdən, dəvəti səmimiyyətlə dəyərləndirmir, səhv anlayır, iman gətirənlərin bu dəvətlə onlardan üstün olmaq istədiyini düşünərək özlərini aldadırlar. İman gətirənlərin heç bir qarşılıq gözləmədən, sadəcə Allah`ın rizası üçün insanlara Quran əxlaqını izah etdiklərinə inanmaq istəmirlər. İnkarçıların bu qənaətinə keçmiş qövmlərin zadəganları ilə əlaqəli bir ayədə belə diqqət çəkilir:

Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik”. (Muminun surəsi, 24)

Ancaq unutmaq olmaz ki, qürur və təkəbbürün insana qazandırdığı zərər çox böyükdür. Boş qürur savaşı aparan inkarçılar doğrunu yanlışdan ayırmaq və etdikləri səhv hərəklətlərdən dönmək, özlərini islah etmək kimi fürsəti itirirlər. Səhv etdiklərini əsla qəbul etmədikləri üçün özlərini inkişaf etdirə bilmirlər. Çünki bütün yolları əvvəlcədən bağlamışlar. Xəbərdarlıqların öz lehlərinə olduğunu belə düşünməzlər. Öz fikirlərinin, düşüncə və inanclarının doğru olduğuna o qədər əmin olurlar ki,  kiminsə onlardan ağıllı olduğunu ehtimal belə etmirlər. Allah qürurun insanı üsyana necə sürüklədiyini bir ayəsində belə xəbər verir:

Ona: “Allah`dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər… (Bəqərə surəsi, 206)  

Keçmişdə firon da hz. Musanın peyğəmbərlik məqamını və onun Allah`a boyun əymək təklifini qüruruna sığışdırmamış və özünün güc və maddi imkan baxımından daha üstün olduğunu düşünmüşdür. Qürurlanaraq Allah`a üsyan etmiş, ona izah edilənləri dinləməmiş, lovğalandığından Allah`ın ayələrindən üz çevirmişdir. Eynilə, qövmünə də Allah`ın ayələrindən üz çevirmək üçün təzyiq göstərmişdir. “Taha” surəsində fironun qövmünə bu cür səsləndiyi bildirilir:

(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”  (Taha surəsi, 71)

Təkəbbüründən qaynaqlanan zorakılığı və zülmü ilə tanınan firon da bu baxımdan tamamilə şeytanın təsiri altına düşən, onun əmrlərinə tabe olan şəxs idi. Onun bu azğın xarakterini Allah "Özünü yüksək tutan və həddi aşanlardan idi. (Duxan surəsi, 31)” ayəsi ilə xəbər vermişdir.

İnsana bu əxlaqı əmr edən şeytandır. Ancaq şeytan insanların "lovğalanın!" şəklindəki əmrinə itaət etmələrini kafi görməz. Onun istəyi insanları da özü ilə birlikdə Allah`a qarşı üsyan etdirməkdir. Bir ayədə Allah şeytanın əsl hədəfini belə xəbər verir:

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. (Hicr surəsi, 39)

Şeytan bu istəyinə nail olmaq üçün üsyan etməyi iman etməyənlərin gözündə gözəl göstərməyə çalışır. Bu səbəbdən, inkarçılar özlərini Allah`ın əmr və qadağalarına tabe olmağa çağıran möminlərə qarşı da çox üsyankar davranır və məlumatlarının az ola bildiyini ehtimal belə etmirlər. Onlar Quran ayələrini dinləməz, lovğalanaraq üz çevirərlər. Quranda Allah hz. Musanın təbliğinə fironun əzəmətlə cavab verməsindən belə bəhs edir:

(Musa) ən böyük möcüzəni (firona) göstərdi. O isə yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi. O, (camaatını) toplayıb  dedi: “Sizin ən uca rəbbiniz mənəm!”  (Naziat surəsi, 20-24)

Qısaca desək, inkarçılar özlərinin hərtərəfli üstün olduqlarına inanmaq istəyirlər. Fironun misalından da göründüyü kimi, özlərinin aciz qul olduğunu qəbul etməyi qürurlarına sığışdırmazlar. Tərk edə bilmədikləri qürur onları üsyana sürükləyər. Hətta "Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə... Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər... (Nəml surəsi, 13-14)” ayələrində olduğu kimi, Allah`ın varlığını dəlilləri ilə görsələr belə, şeytanın təsiri ilə inkarlarında israr edərlər. Şübhəsiz, dünyada Allah`a qarşı baş qaldıraraq şeytanın əmrlərinə uyanlar bunun əvəzini axirətdə ödəyəcəklər:

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah`a qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər... (Əraf surəsi, 36-37)