Adamlıq DİNİ

İnsanlara tapınma dini: İnsanlara tapınma dini nədir?


İnsanlara tapınma dini: İnsanlara tapınma dini nədir?

Tarix boyu cəmiyyətdə Allahın insanlardan nə istədiyi deyil, insanların bir-birlərindən hansı tələblərinin olduğu daha mühüm olmuşdur. İnsanlar Allahın haqq kitabında bildirdiyi hökmlərdən, insanlara əmr etdiyi həyat tərzindən xəbərsiz şəkildə özlərini cəmiyyətin və ətrafdakı sosial təbəqənin istəklərini yerinə yetirməyə şərtləndiriblər.

Dövrümüzdə də ətrafınıza baxsanız, Allahın əmr və qadağalarını əksər insanların bilmədiyini və yerinə yetirmədiyini görərsiniz. Allahın gücü, Onun rizasını qazanmağın nə qədər vacib olduğu, Onun əmrlərini yerinə yetirmədikdə Allah qatında əvəzinin nə olacağını çoxları ya heç düşünmür, ya da bunu heç ağıllarına belə gətirmək istəmirlər. Halbuki həmin şəxslər ətrafdakı insanların onlar haqqında nə düşündüyünü, onlardan nə gözlədiyini, onlara özlərini bəyəndirmək, sevdirmək üçün nə etməli olduqlarını və bunun kimi saysız-hesabsız məsələni düşünürlər. Bu şəxslər insanlara Allahdan daha artıq sevgi və bağlılıq göstərilən sistemin içində yaşayır və bunun yanlış olduğuna ehtimal vermirlər.

Bu batil düşüncə və həyat tərzi insanların maddi-mənəvi imkanlarını sərf etməsinə səbəb olan, hətta həyatlarını buna fəda edəcək qədər onları təsiri altına salan inancdır. Bu inanc öz əmr və qadağaları, doğruları və yanlışları olan, habelə hər kəsin bunlara tabe olmasını tələb edən batil dinə çevrilmişdir. Hər insan öz sosial ətrafının istəklərinə uyğun proqramlanmış sistemə tabe olmağa məcburdur. Çünki ancaq bu şəkildə insanların arasında yaşaya bilər, əks təqdirdə, təcrid olunub alçaldılarlar. Digər insanlar istər baxışları, istərsə də davranış və danışıqları ilə onlara tabe olmayanları özlərindən aşağı hesab etdiklərini açıq-aşkar hiss etdirirlər.

Bu vəziyyətə düşməmək üçün insan gün ərzində öz-özünə unutmadan bəzi şüarları təkrarlamalıdır. Məsələn, mənə gözüaçıq, zəkalı, gözəl, şən, söhbətçil, bacarıqlı desinlər, əsla xəsis, eqoist deməsinlər, sadəlövh deməsinlər, cahil deməsinlər... Bu batil dinə tabe olan şəxs bütün bunları eynilə ibadət kimi dəqiqliklə yerinə yetirir. Ətrafındakı insanların razı qalacağı şəkildə şəxsiyyətini yetişdirir. Ciddi cəhdlə davam etdirdiyi bu səyləri nəticəsində insanlara Allahdan çox dəyər verən, onların razılığını qazanmaq üçün qarşısına çıxan hər təklifi qəbul edən, bütün diqqətini insanlara yönəltmiş birinə çevrilir. Artıq bu şəxs insanların bir-birinə qulluq etdiyi batil dini sistemin içində həbs olmuşdur. Daxilən yaşanan bu gizli dinin mənsubuna çevrilmişdir.

Bu din Allahı qoyub insanlara tapınmağı tələb edən dindir. İnsanlara möhkəm bağlılığı ifadə edən bu din “insanlara tapınma dini”dir. Allah Quranın bir çox ayəsində insanları bu batil inancdan xilas olub ancaq Ona qulluq etməyə dəvət etmişdir. Ayələrdən birində belə buyurulur:

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)

Unudulmamalıdır ki, bu batil din cəmiyyəti nə qədər təsiri altına salsa da, iradəsi güclü və ağıllı insan üçün bu batil sistemdən əl çəkmək çox asandır. Çünki ancaq Allaha səmimi iman gətirmək, Ondan başqa ilah olmadığına şəksiz inanmaq lazımdır. Allah iman gətirən qullarının yolunu açar, onları doğru yola yönəldər. Quran vasitəsilə onları yaşadıqları qaranlıq həyatdan çıxarar. Allah bir ayədə möminləri belə müjdələyir:

Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır... (Bəqərə surəsi, 257)

İnsan Allaha qulluq etmək üçün yaradılmışdır

İnsan Allahın yaratdıqları arasında şüurlu, doğrunu və yanlışı ayırd etmə bacarığına malik varlıqdır. Ona görə, Allahın varlığının dəlillərini, üstün yaratma gücünü qavramağı, dünya və axirət həyatının həqiqi məqsədini anlamağı bacarır.

Ancaq bu üstün xüsusiyyətlər onun boynuna bəzi məsuliyyətlər də qoyur. Çünki bütün bunları ağlı ilə qavrayan insan yeganə qulluq edilməli gücün Allah olduğunu və Allahdan başqa ilah olmadığını anlayar. Dünya həyatındakı vəzifəsinin Allaha iman gətirmək olduğunu dərk edər. Allah Quranda qullarına belə buyurur:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda, övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi qoruyandır. (Ənam surəsi, 101-102)

Bu çox aşkardır ki, dünya həyatında axtarılan rahatlıq, xoşbəxtlik və uğurun kökündə insanların üzərlərinə düşən məsuliyyəti bilmələri və ancaq Allaha qulluq etmələri durur. Bu, cəmiyyətə də aiddir və cəmiyyətdə müvazinəti təmin edir. Əks təqdirdə, yəni Allahın varlığını inkar edənlərin, Onun verəcəyi cəzadan və axirət günündən qorxmayanların sayı artdıqda bu müvazinət pozulur. İnsanların Allaha qul olduqlarını unudub başqa varlıqlara üz tutmasının nəticəsi olaraq əxlaqi degenerasiya, insanlar arasındakı münasibətlərdə ziddiyyətlər, mənfəətə əsaslanan əlaqələr, güclünün zəifi əzməsi, mərhəmətsizlik, zülm, saxtakarlıq, düşmənçilik kimi hərəkətlər cəmiyyətdə sürətlə yayılır. Nəticədə isə ailə və cəmiyyətin nizamı, ölkənin asayişi və dünya səviyyəsində sülh təhlükə altına girir. Quranda insanların Allahın əmrlərini tərk edib öz nəfslərinə tabe olmasının bəşəriyyəti ciddi pozuntuya aparacağı belə xəbər verilir:

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)

Dövrümüzdə insanların böyük əksəriyyəti içində yaşadıqları və daima şikayətləndikləri degenerasiyanın kökündəki səbəblərin öz nəfslərinin istəklərinə tabe olmaları və Allaha şirk qoşmaları olduğunu düşünmürlər. Ona görə də həll yolunu başqa yerlərdə axtarırlar. Ancaq iqtisadi, sosial və mədəni islahatlar keçirərək, ölkəni zənginləşdirərək və texnologiyanı inkişaf etdirərək problemlərini həll edəcəklərini düşünürlər. Halbuki şirkdən tamamilə təmizlənmədən və insanlar arasında güclü Allah inancını bərqərar etmədən bu metodlar əsla məsələni həll etməz. Daima yeni həll yolları tapılmasına baxmayaraq, Allahın əmr etdiyi gözəl əxlaqa zidd metodlar tətbiq edildiyinə görə, heç bir qəti nəticə əldə edilmir.

Bəzi insanların yaşadığı bu qaranlıq, qorxunc həyat tərzindən xilas olmağın, rahat mühitdə yaşamağın yeganə yolu var. Bu yol cəmiyyəti təşkil edən fərdlərin “insanlara tapınma dini”nin pəncəsindən xilas olmaları, ancaq Allaha iman gətirmələri və Allahın Qurandakı əmr və qadağalarını yerinə yetirmələridir. Bu, bütün insanlar üçün mütləq qurtuluşdur. Çünki insanı Allah yaratmışdır və onun ruhunun nəyə ehtiyacı olduğunu da ən yaxşı Allah bilir. Quranda bu həqiqət belə xəbər verilir:

Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz iznilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)