MÖMİNLƏR

İş zamanı


İş zamanı

Yetkin insanların çoxu günün mühüm bir hissəsini gördüyü işlə maraqlanaraq keçirir. Amma Quran əxlaqına uyğun hərəkət edənlər eyni məslək uğrunda işləsələr belə cahil əxlaqını mənimsəmiş adamlardan mühüm bir məqamda seçilib ayrılırlar: mömin insan üçün gün ərzindəki işlər nə qədər təcili və çox olursa-olsun Rəbbimiz qarşısında olan vəzifələrini və ibadətlərini yerinə yetirmək onun üçün hər şeydən daha mühümdür. Allah bu həqiqəti Quranda belə xəbər verir:

"...Allahın dərgahında olan əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!" ("Cümə" surəsi, 11).

Mömin insan bunu dərk edir və heç bir iş onu Allahın adını anmaqdan, ibadətlərini yerinə yetirməkdən yayındıra bilməz, dinin hər hansı bir hökmünü maddi qazanc üçün heç bir zaman qulaqardına vurmaz və təxirə salmaz. Rəbbimiz Quran əxlaqına uyğun yaşayan insanların bu xüsusiyyətinə bir ayəsində belə diqqət çəkir:

"O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar" ("Nur" surəsi, 37).

Bu ayədə ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəətin insanların ən böyük zəifliklərindən, zəif nöqtələrindən biri olmasıdır. Belə ki, insanların bir qismi daha çox pul qazanmaq, daha çox mal-mülkə sahib olmaq və ya daha çox güc əldə etmək üçün dinin bir çox hökmlərini qulaqardına vura bilərlər. Məsələn, namaz ibadətini və ya dinin başqa bir hökmünü yerinə yetirməz, gözəl əxlaq göstərə biləcəkləri halda bunu göstərməzlər.

Cahil insanların həvəslə, səylə işləmələrinin müqabilindəki umacaqları isə hamının yaxşı bildiyi bir neçə məqsəddən ibarətdir: dünyada yaxşı bir həyat yaşaya bilmək, varlı olmaq, etibar və mövqe əldə edib cəmiyyətdə hörmətli bir yer tutmaq, yaxşı bir ailə qurub fəxr ediləcək övladlara sahib olmaq... Bəzi cahil insanların sonsuz axirət həyatından üstün tutduğu şeylər məhz bunlardan ibarətdir. Əlbəttə, bütün bunlar Allahın rizasını və axirəti qazanmağın əsas məqsəd kimi seçiləcəyi təqdirdə hər bir insanın sahib ola biləcəyi məşru nemətlərdir. Möminlər də eyni nemətlərə sahib olmaq istəyir, çalışır, pul qazanır, mülk sahibi olurlar. Ancaq onları bəzi cahil insanlardan ayıran xüsusiyyətləri bütün işlərini Allahın rizası üçün etmələri, qazandıqlarını Allah yolunda və Allahın tövsiyə etdiyi şəkildə xərcləmələri, hər işdə olduğu kimi ticarətdə də hər zaman Allahın hökmlərinə diqqətlə itaət etmələridir.

Ticarəti İslami hökmlərdən üstün tutmağın "fasiq" (yoldan çıxmış, Allaha üsyan etmiş) bir cəmiyyətin xüsusiyyəti olması həqiqəti bir ayədə belə bildirilir:

"De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" ("Tövbə" surəsi, 24).

Dərin imana sahib olan mömin öz nəfsini bu cür yollardan qoruyur. Allahın möminlərdən istədiyi üstün bir əxlaq var və möminlər hansı işin sahibi olurlarsa olsunlar bu əxlaqın vacib hökmlərini yerinə yetirirlər. Onlar ticarətdə də dürüst, səmimi, fədakar, çalışqan, ədalətli və təvazökardırlar. Möminlərin bütün diqqəti Allahın rizasında və Onun müəyyən etdiyi halal-haram hüdudlarındadır. Allah möminlərə ticarət edərkən başqalarının haqqına təcavüz etməməyi, ölçüdə və tərəzidə aldatmamağı, insanların əşyasını qiymətdən salmamağı əmr edir ("Hud" surəsi, 85).

Allah ticarətlə məşğul olarkən dürüst olmağın, insanlara haqsızlıq etməməyin və belə bir gözəl əxlaq göstərərək Allahı razı salmağın əhəmiyyətini bəzi ayələrdə bu şəkildə bildirir:

"Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!" (“İsra" surəsi, 35).

"Tərəzini düz tutun, çəkini əskiltməyin!" ("Rəhman" surəsi, 9).

Allah ticarətin və alış-verişin necə aparılmasının lazım olduğunu insanlara Quranda açıqlamışdır. İlk olaraq bildirmək lazımdır ki, Allah "...Halbuki Allah alış-verişi halal, sələm almağı (faizi) isə haram etmişdir..." ("Bəqərə" surəsi, 275) ayəsi ilə faizi, sələmçiliyi qəti olaraq yasaqlamışdır. Allahın bildirdiyi digər bir cəhət isə alış-verişin aparılma və borcların alınıb-verilmə şəklidir. Allah ticarət zamanı lazım olanda istifadə etmək üçün və ya unudulması ehtimalına qarşı borcların yazılmasını, alış-veriş zamanı isə buna ehtiyac olarsa, şahidlərin tutulmasını əmr etmişdir ("Bəqərə" surəsi, 282).

Möminlərin iş həyatında diqqət etdikləri digər bir məsələ isə qərar qəbul etmək, yeni bir işə başlamaq, nöqsan və çatışmazlıqları aradan qaldırmaq kimi işlərlə bağlı digər insanların da fikirlərindən istifadə etməkdir. Allah Quranda bunu iman gətirənlərin bir xüsusiyyəti olaraq bildirir.

Quran hər sahədə olduğu kimi işdə, ticarətdə və alış-verişdə də insanların həyatına ən gözəli, ən doğrunu və ən asan olanı gətirir. Allah bu şəkildə insana stressdən və böhrandan uzaqlaşaraq Ona təslim olmağın, tədbir görməyin, başqaları ilə məsləhətləşərək qərar qəbul etməyin rahatlığı içində sağlam, rahat bir şəraitdə işləyə bilməsi üçün yol göstərir.

Bundan başqa, ağıllı bir mömin iş həyatında çox geniş və dərindən düşünür, həm qısamüddətli, həm uzunmüddətli, həm də çoxmərhələli planlar hazırlayır, başladığı işin sonrakı mərhələlərini, hansı planın ona uzunmüddətli bir uğur qazandıracağını, mümkün olan digər alternativ variantları mütləq hesablayır. Faydalı saydığı üçün etdiyi bir işin sonrakı mərhələdə zərər gətirməməsi üçün hər cür tədbiri Allahın Quranda işarə etdiyi həll üsulları əsasında görür. Bir iş üzərində çalışarkən qəlbində tez-tez Allaha dua edir, etdiyi işin asanlaşdırılmasını Rəbbimizdən istəyir, Allahın istəməyəcəyi halda heç bir işdə uğur qazanmayacağını düşünür. Etdiyi işin Allahın razılığını qazanmaq üçün bir vasitə olmasını umur.

Yaşadığımız zamanda keçmişdəki insanların xəyalına belə gəlməyən yeni ixtiralar və elmi tərəqqi meydana gəlməkdədir. Bu bənzərsiz imkanlar üçün də şükür etmək Quran əxlaqının vacib bildiyi zərurətdir. Məsələn, bu gün elm, texnologiya, rabitə, kommunikasiya və iş həyatındakı inkişaf çox böyük mərhələlərə qədəm qoymuşdur. Kompüter və internet texnologiyaları sayəsində dünyanın dörd bir yanındakı insanlar bir-biri ilə saniyələr ərzində danışa bilir, məlumat və biliklərini bölüşür və əlaqə qura bilirlər. Əlbəttə, bu nemətlər üzərində dərindən düşünmək lazımdır. Çünki Allahın Quranda bizlərə nümunə göstərdiyi peyğəmbərlər daxilən Allaha yönələn, bir iş üzərində çalışarkən həmişə Allahı düşünən və Ona şükür edən kimsələrdir. Allah "Səbə" surəsində bu şəkildə bildirir:

"Onun üçün nə istəsə - uca qəsrlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz ey Davud ailəsi! Şükranlıqla itaət edin! Bəndələrimdən şükür edəni azdır!" ("Səbə" surəsi, 13).