Quran

Quran əxlaqında sevgi


 Quran əxlaqında sevgi

Din əxlaqını yaşamayan insanların həqiqi mənada sevmələri və sevilmələri mümkün deyil. Həqiqi sevginin qarşılıqlı olaraq yaşanması üçün o insanın hər şeydən əvvəl Allahı dərin bir sevgi ilə sevməsi və Allahın sevgisini qazana biləcəyi bir əxlaq göstərməsi lazımdır. Allah sevdiyi bəndələrinin qəlbinə bir sevgi salır və digər insanların qəlbində də onlara qarşı bir sevgi yaradır. Unudulmamalıdır ki, sevginin əsl qaynağı və əsl sahibi yalnız Allahdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti yaşaya bilmək üçün insanın ilk öncə əxlaqı ilə bu nemətə layiq olması və Allahdan bu neməti ona verməsini istəməsi lazım gəlir. Pis bir əxlaqa malik olan və ya din əxlaqını yaşamayıb cahillik həyatına öyrəşən bir insan dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tənha və dostsuz qala bilər.

Sevginin Allahdan verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:


«Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi» . («Məryəm» surəsi, 13)

«Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq». («Məryəm» surəsi, 96)

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!» . («Rum» surəsi, 21)

Allahın həqiqi sevgiyə layiq gördüyü insanların xüsusiyyətlərindən bəziləri belədir:


Fədakar olmaq


Allaha və axirətə inanmayan bəzi insanlar dünya həyatını bir mübarizə yeri kimi qəbul edirlər. Bu insanların fikrinə görə, hər insan həyatda qala bilmək üçün mübarizə aparmalı və bu savaşda güclü olanlar gücsüz olanları əzərək həyatlarına davam etməlidirlər. Tamamilə yanlış bir inancın məhsulu olan bu fikir insanların gözəl əxlaqdan tamamilə uzaqlaşmalarına və yalnız öz mənafelərini qoruyan pis əxlaq anlayışı əmələ gətirmələrinə səbəb olur. Bu düşüncənin hakim olduğu bir cəmiyyətdə çətin vəziyyətə düşməkdən çəkinməyərək gücsüzə kömək etmək, başqa birisi üçün fədakarlıq etmək və ya başqasının sağlığını, xoşbəxtliyini, rahatlığını özündən öndə tutmaq kimi gözəl əxlaq xüsusiyyətləri lazımsız məziyyətlər hesab edilir. Buna görə də hər hansı bir əvəz əldə etmədiyi halda heç kimsə bir-biri üçün fədakarlıq etməz.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar arasında bu düşüncəyə tez-tez rast gəlmək olar. Belə bir anlayışa sahib olan insanların isə bir-birlərinə həqiqi mənada sevgi bəsləmələri qətiyyən mümkün deyil. Çünki insan öz rahatlığını hər kəsdən daha üstün tutan eqoist birinə qarşı qəlbində həqiqi və səmimi bir sevgi hiss edə bilməz.  Qarşısındakı insanda tək bir məsələdə belə eqoistliyə rast gəlməsi ruhunda ona qarşı hiss etdiyi sevgiyə mənfi cəhətdən təsir edər. Məsələn, bir insanın yalnız öz rahatlığını düşünməsi, gözəl bir yeməyi, rahat bir yatağı özü üçün saxlayıb ətrafındakı adamları düşünməməsi belə o adama qarşı olan sevgini zədələyər. Cahil cəmiyyətdə insanlar bir-birlərinin bu cür pis xüsusiyyətlərinə tez-tez şahid olurlar və bu da onların düşüncələrində o şəxsə qarşı mənfi bir rəy formalaşmasına səbəb olur.

Cahil əxlaqı yaşayan bəzi insanlar ən yaxın dostlarına belə fədakarlıq göstərmələri lazım olan hər hansı iş təklif edə bilməzlər. Məsələn, uşağı xəstələnən bir insan iş yoldaşlarından onun yerinə işlərini yerinə yetirməyi istəyə bilməz. Ana və ya ataya kömək etmək belə bəzən uşaqlar arasında problem yaradır, hətta buna görə aralarında inciklik də baş verir. Lakin soruşanda hər kəs ata-anasını çox sevdiyini söyləyir. Amma fədakarlıq göstərmək lazım olanda bəzi insanlar, əgər ciddi bir mənfəətləri yoxdursa, bundan belə çəkinirlər. Lakin həqiqətən sevən insan sevdiyi üçün hər cür fədakarlığı edər və buna görə heç bir zaman şikayətlənməz və bezməz.

Möminlərin bir-birlərinə olan sevgi və bağlılıqlarının ən açıq-aşkar xüsusiyyətlərindən biri, bir-birləri üçün sevə-sevə fədakarlıq etmələri, bir-birlərinin ehtiyaclarını öz nəfslərindən üstün tutmalarıdır. Allahın Quranda bu mövzuda verdiyi nümunələrdən biri Məkkədən Mədinəyə hicrət edən möminləri evlərində səmimi qarışlayan mədinəli möminlərdir.

Quranda möminlərin bu gözəl əxlaqları belə bildirilmişdir:

«Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!». («Həşr» surəsi, 9)

Ayədə həm məkkəli, həm də mədinəli möminlərin gözəl əxlaqlarından bəhs edilir. Məkkəli möminlər mallarını, qohumlarını, əşyalarını, evlərini, bağlarını, bağçalarını, işlərini atıb Allahın dinini yaşaya bilmək üçün yurdlarından çıxmış, Mədinəyə hicrət etmişdir. Allahın rizasını qazana bilmək üçün sahib olduqları hər şeyi atıb getməkdən çəkinməmişlər. Bu, çox yüksək bir əxlaqın göstəricisidir və onların özlərinə Allahı vəkil tutmuş etibarlı insanlar olduqlarının bir ifadəsidir. Bu gözəl əxlaqları digər möminlərin onlara dərin bir sevgi, hörmət və mərhəmət bəsləmələrinə səbəb olmuşdur.

Həmçinin, mədinəli möminlər bu etibarlı və sadiq mömin qardaşlarını ən gözəl şəkildə qarşılamış və ən gözəl tərzdə qayğılarına qalmışdılar. Öz ehtiyaclarını heç düşünmədən mömin qardaşlarını qonaq saxlamış, ən gözəl yeməklərini və geyimlərini onlar üçün ayırmış, onları ən rahat sığınacaqlarla təmin etmişlər. Bu fədakarlıqları isə Allaha və möminlərə olan güclü və səmimi sevgilərindən bəhrələnir. Bu gözəl əxlaqları onlara qarşı da sevginin yaranmasına səbəb olmuşdur. Allah onları Quranda sevgi və təriflə anmış, 1400 ildir Quranı oxuyan hər müsəlmanın qəlbində onlar üçün bir sevgi və hörmət yaratmışdır.

Möminlərin fədakarlıqlarının başqa bir nümunəsini Allah Quranda bu ayələri ilə bildirir:

«Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!» . («İnsan» surəsi, 8-10)

Özü ehtiyac içində olduğu halda yeməyini yoxsula verən bir kimsəyə qarşı insanların qəlbində təbii olaraq bir sevgi və hörmət hissi yaranır. Bu vəziyyəti belə bir nümunə ilə aydınlaşdıraq: çox yorğun və ac olduğunuzu, yanınızda sizinlə eyni halda olan daha iki adamın olduğunu düşünək. Özünüzdə isə yalnız bir adama çatacaq yemək və yalnız bir adama yetəcək yataq olsun. Yanınızdakı adamlardan biri sizdən ehtiyacınız olub-olmadığını belə soruşmadan böyük bir acgözlüklə yeməyi özü yeməyə başlasın və yataqda özü yatmaq üçün israr etsin. Digəri isə ac olduğu halda qabağındakı yeməyi sizə vermək istəsin və yataqda sizin yatmağınızı tələb etsin. Belə bir vəziyyət qarşısında eqoist davranan insana qarşı içinizdə təbii olaraq bir soyuqluq, fədakar olana qarşı isə sevgi yarandığını görəcəksiniz. Allah insan ruhunu gözəl əxlaqdan xoşlanan, belə insanlara qarşı sevgi və məhəbbət hiss edəcək şəkildə yaratmışdır.

Bağışlayan olmaq

Cahillik əxlaqını yaşayan bəzi insanlar bir-birlərinə qarşı asanlıqda hirslənə bilir, dərhal kin bəsləyə bilirlər. Hətta onlara çox kiçik zərər verən şəxsə belə o an nifrət edə bilirlər. Çox kiçik səbəblərə görə dostluğunu sona çatdıran, «ən yaxın» dediyi dostuna bir anda düşmən kəsilən bir çox insan vardır. Bunun səbəbi Quran əxlaqı yaşanmadığı üçün insanların bağışlamaq kimi səbir, sevgi və yüksək əxlaq tələb edən xüsusiyyətlərdən uzaq olan bir həyat yaşamalarıdır.

Lakin möminlər çox səbirli və bağışlayandırlar. Kiçik xətalara və ya insani qüsurlara görə qarşılarındakı şəxsə qəzəblənib bir anda onlarla olan əlaqələri kəsməzlər. Ona hər dəfə bir fürsət verər, doğru olanı xatırladar və davranışlarını düzəltməsi üçün kömək edərlər. Sevdikləri dostlarının qüsurlarını ortaya çıxarıb onlara qəzəb və kin duymaq yerinə, onların xətalarını, nöqsanlarını düzəltməyə çalışar, Quran əxlaqı ilə öyüd verib onlara dəstək olarlar. Həqiqi sevgidə dostlar arasında böyük bir anlayış və xoş münasibət hakim olur. Hər məsələ sevgi və anlayışla həll edilir.

Allah Quranda insanlara bağışlayan olmalarının vacibliyini belə tövsiyə edir:

«Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Onları əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!» . («Nur» surəsi, 22)

«...Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!» . («Maidə» surəsi, 13)

Allahın möminləri məsul etdiyi Quran əxlaqında bağışlamağın həddi-hüdudu yoxdur. Həmçinin yuxarıdakı ayədə möminlərə tez-tez xəyanət gördükləri şəxsləri belə bağışlamaları əmr edilir. Bu inanca sahib olan bir insan digər insanın xətası üzündən böyük ziyanlara uğrasa belə, həmin insanı asanlıqla bağışlaya bilər. Arxasınca pis danışan, ona pislik etməyə çalışan və ya maddi zərərə düşməsinə səbəb olan bir insanı bağışlayıb əxlaqı ilə ona gözəl bir nümunə ola bilər, onu özü üçün yaxın bir dosta çevirə bilər. Həmçinin mühüm bir səhv etdikdən sonra bağışlandığını görmək möminin qəlbində onu bağışlayan adama qarşı böyük bir məhəbbət və bağlılıq yaradır. Allah həqiqi sevginin əmələ gəlməsi üçün bağışlamağın vacib xüsusiyyətlərdən biri olduğunu Quranda belə bildirir:

«Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!». («Fussillət» surəsi, 34)


Təvazökar olmaq


Həqiqi sevginin yaranması üçün ilk öncə sevginin qarşısında duran eqoistlik, mənafeçilik və qeyri-səmimilik kimi maneələrin aradan qaldırılması lazımdır. Təkəbbür sevginin yaranmasına mane olan ən mühüm səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən mühüm şərtlərindəndir. Çünki təvözakar olmayan və özünü digər insanlardan üstün tutan insanın həyatda ən çox qiymətləndirdiyi varlıq öz nəfsi olar. Digər insanları özündən dəyərsiz və daha aşağı səviyyəli hesab edər.

Özünün ən ağıllı, ən vicdanlı, ən hörmətli insan olduğuna inanar, bir sözlə, nəfsini ilahiləşdirmiş olar. Buna görə də bu fikrə sahib olan bir insanın özündən aşağı səviyyədə tutduğu bir insana bağlanması, onun üçün fədakarlıq etməsi, onun nəfsini öz nəfsindən irəli tutması, başqa sözlə, qəlbində ona qarşı həqiqi bir sevginin yaranması heç zaman mümkün olmaz. Buna görə də sevgi və təkəbbür bir-birinə tamamilə zidd olan iki xüsusiyyətdir. Təkəbbürlü bir insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin bir sevgi hiss edə bilər.

Təkəbbürlü insanların sevgisiz həyat yaşamalarının bir çox səbəbi vardır. Təkəbbürlü insanlar nəfslərindəki özünü ucaltma istəyinə görə, ümumiyyətlə, rişxəndçi xarakter göstərirlər. Ətraflarındakı insanların qüsurlarını dilə gətirdikləri zaman öz üstünlüklərini daha yaxşı vurğulaya biləcəklərini düşünürlər. Tez-tez istehza edən və danışıqları ilə ətrafındakı insanları alçaltmağa çalışan bir şəxsə qarşı isə heç kimin qəlbində səmimi bir sevgi yaranmaz.

Təvazökar insanlar isə bu kimsələrdən fərqli olaraq çox sevilirlər. Təvazökar insanın qarşısındakı şəxsə qiymət verməsi hiss olunur, ona görə də bu əxlaqı göstərən insanların yanında hər kəs rahat olur. Belə bir insan ona verilən tövsiyələri diqqətlə dinləyir, heç bir mövzuda «ən yaxşısını mən bilirəm» iddiasında olmur, qürurlanmadan ən gözəl olan davranışı göstərir. Həqiqətə qarşı çıxmır, səhvə qarşı qəzəblə yaxınlaşmır. İnsanların problemlərinə qarşı laqeyd qalmır və diqqətli olur. Heç bir məsələdə üstünlük iddiası olmadığı üçün, «öncə o sevgi göstərsin, öncə o salam versin, öncə o mənimlə danışsın» kimi təkəbbürdən bəhrələnən fikirlərə düşmür. Qarşısındakı şəxs kobud və təkəbbürlü olsa belə, sadə davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəl  şəkildə cavab verir, hər kəsə qarşı sevgi və hörmətlə dolu olur. Qısası, Quran əxlaqının gətirdiyi təvazökarlıq çox itaətkar, hər fikri aydın, heç bir məsələdə lovğalanmayan, hər zaman qarşısındakını şərəfləndirən, onlara qayğı göstərən və dəyər verən bir insan modeli əmələ gətirir. Buna görə də təvazökar insanlar çox sevilən insanlardır.

Allah möminlərin bu gözəl xüsusiyyətlərini Quranda belə bildirir:

«Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər» .(«Furqan» surəsi, 63)

Allah başqa bir ayəsində də təvazökar olan bəndələrini sonsuz cənnət həyatı ilə müjdələyir:

«...Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!». («Həcc» surəsi, 34)

Allah «Ali-İmran» surəsində insanların təvazökar və mülayim xarakterli olması səbəbindən Peyğəmbərimizin (s.ə.v.) ətrafında toplandıqlarını bildirir:

«Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər!» . («Ali-İmran» surəsi, 159)


Dürüstlük


Allahdan qorxub çəkinməyən bəzi insanlar çox asanlıqla yalan söyləyə biləilər. Bir insanın yalan söylədiyinin anlaşılması isə əgər o adam bunu dürüstcə etiraf edib səhvini düzəltməmişsə, ona qarşı sevgi yaranmasına mane olar. Çünki yalan söyləyən bir insan hansı sözünün doğru, hansı sözünün yanlış olduğunun bilinmədiyinə görə etibarsızdır. İnsan inanmadığı bir kimsəyə qarşı sevgi də duya bilməz.

Möminlər isə böyük bir itkiyə uğrasalar və ya maddi-mənəvi ziyanla qarşılaşsalar da, heç bir zaman yalan danışmazlar. Onlar hər zaman hər mövzuda doğru və etibarlı bir əxlaq göstərən insanlardır. Heç bir zaman doğru olanı gizləməz, mənfəətləri naminə doğru olanı dəyişdirməz, yerinə yetirə bilməyəcəklərinə söz verməzlər. Bundan başqa, İslam əxlaqını yaşayan bir insan üçün yalanın böyüyü-kiçiyi də yoxdur. Buna görə də möminlər heç bir zaman qarşı tərəfə yaxşı görünmək, etibarını qorumaq, göstəriş vermək, maddi qazanc əldə etmək və ya hər hansı bir şəkildə zərər vermək kimi məqsədlər üçün də heç vaxt yalan söyləməzlər.

Bu gözəl əxlaq xüsusiyyəti ruhu sevgiyə yönəldən vasitələrdən biridir. Çünki insanın ruhunda doğru və dürüst gördüyü insanlara qarşı dərhal bir sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v.) söhbətlərində möminlərin bir-birlərinə olan sevgisinin əhəmiyyətini bildirmiş və bu sevginin yaranması üçün etibarın yayılmasını buyurmuşdur:

Əbu Hüreyrə (r.ə.) bildirir: «Rəsulullah (s.ə.v.) buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, iman gətirmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman gətirməzsiniz! Aranızda sevgi yaradacaq şeyi xəbər verimmi? Aranızda salamı yayın!»

Səbirli olmaq

Quranın «...Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur...» («Nisa» surəsi, 128) ayəsi hər insanın nəfsində bir neçə mənfi xüsusiyyətlər ola biləcəyini xatırladır. İnsan Allahın onun üçün yazdığı ömrü ərzində nəfsini malik olduğu bu mənfi xüsusiyyətlərdən çəkindirməli və cənnət əxlaqındakı mükəmməlliyə çatmaq üçün səy göstərməlidir. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv edə biləcək varlıqdır.

Həqiqi sevgi və dostluğun yaşanması üçün insanlar bu halı unutmamalıdırlar. Hər kəs sevdiyi insana qarşı çox səbirli və bağışlayan olmalı, dostunun qüsurlarına qarşı səbirli olmalı və onu başa düşməli, onun nöqsanlarını düzəltməyə çalışmalıdır. Çünki sevmək və sevilmək səbirli olmağı, candan keçməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstərilən səbir insanlar arasında sevginin və mehribanlığın artmasına səbəb olur. Möminlər əslində bir-birlərinə güvəndikləri müsəlman olduqları üçün və bir-birlərinə hörmət bəslədikləri üçün bir-birlərinin xətalarını bağışlayar və bunda səbirli davranarlar. Müsəlman qardaş və bacılarının yalnız xətalarını düzəldə bilmək, Quran əxlaqını ən gözəl şəkildə yaşamaq üçün göstərdikləri səmimi bir səy belə onlara qarşı sevgi yaranması üçün kifayətdir. Bu səbəbdən də qardaş və bacılarının səhv bir sözü və ya hərəkəti ilə qarşılaşsalar belə, ona qarşı səbir göstərər, ən gözəl davranışla cavab verərlər.

Peyğəmbərimiz (s.ə.v.) də möminlərə müsəlman qardaş və bacılarının qüsurlarını örtmələrini, onlara dəstək olmalarını buyurur:

«Kim bir müsəlmanın eyibini örtərsə, Allah da onun dünya və axirətdə eyibini örtər. Kim müsibətə düşən bir adamın müsibətini aradan qaldırarsa, Allah da qiyamətdə onun müsibətlərindən birini yox edər. Kim qardaşının ehtiyacını təmin edərsə, Allah da onun ehtiyacını təmin edər».14

Allahı sevən və daima Allahdan razı olan bir insanın səbri cahiliyyə cəmiyyətində olan insanların səbir anlayışından çox fərqlidir. Bu cür insanlar əgər qarşılarındakı insanlardan bir mənfəət umurlarsa və ya cəmiyyətin təsirindən çəkinirlərsə, bəzi vəziyyətlərə «dözə bilirlər». «Dözə bilən» şəxs özünü qaşqabaq tökməkdə, deyinməkdə, əngəl törətməkdə haqlı bilir. «Bu qədər çətinliyə qatlanıram, bunun əvəzində istədiyimi etmək haqqımdır» kimi bir düşüncəyə qapılırlar. Məsələn, xəstə bir dostuna və ya həyat yoldaşına baxmaq məcburiyyətində qalan bir insan əgər Quran əxlaqını yaşamırsa, bir müddət sonra mütləq bu vəziyyətdən sıxılmağa, əsəbləşməyə və şikayət etməyə başlayar. Gecələr yuxusuz qaldığını, yorğun olduğunu, işinin çox çətin olduğunu və ya kimsənin onun kimi belə bir çətinliyə dözməyəcəyini söyləyər. Bu vəziyyətdən duyduğu sıxıntı və yaşadığı əsəb aydın hiss olunar. Xəstə olan adamı minnət altında saxlayan sözlər deyər, ona borclu olduğunu xatırladar.

Səbirli bir insan isə sevdiyi insanın hər cür istəyin, ehtiyacın həvəslə yerinə yetirər və ona əlindən gələn köməyi göstərər. Etdiklərinə görə qarşısındakı adamı heç vaxt minnət altında saxlamaz. Səbir Allahın Quranda möminlərə tövsiyə etdiyi gözəl əxlaq xüsusiyyətidir:

«Ey iman gətirənlər! Səbir edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!». («Ali-İmran» surəsi, 200)


Sadiq olmaq


Bir insana qarşı sevgi yaranmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də sədaqətdir. Allah Quranda möminləri sədaqətlərinə görə mükafatlandıracağını bildirir. Bu səbəbdən də Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər şəkk-şübhəsiz həyata keçirərlər. Möminlərin bu xüsusiyyətini Allah bir ayəsində belə açıqlayır:

«Allah bununla doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» . («Əhzab» surəsi, 24)

Möminlər ən çətin şəraitlərdə belə Allaha və iman gətirənlərə olan sədaqətlərini heç vaxt itirməzlər. Allah Quranda hz. Musaya tabe olan gəncləri nümunə göstərib möminlərin bu xüsusiyyətinə diqqət vermişdir:

«Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı. Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!» . (« Yunis» surəsi, 83-84)

İman gətirənlər və elçilər tarix boyu öldürülmə, zənginlik və etibarın əldən alınması, iftiraya uğramaq kimi hədələr altında yaşamışlar. Həyatları boyu bir-birindən ayrılmayan müsəlmanlar Allaha olan sevgiləri, qorxuları və bağlılıqları səbəbindən bütün bu təhlükələrə hazır olmuş və bunlardan çəkinməmişlər. Allaha olan bu qeyd-şərtsiz sədaqətləri möminlərin bir-birlərinə qarşı səmimi sevgi hiss etmələri üçün kifayət edən səbəbdir. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər verir:

«Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır!» («Hucurat» surəsi, 15).

Mərhəmət sahibi olmaq

Mərhəmət sevginin bir parçasıdır. Bu səbəbdən, həqiqi sevginin yaşana bilməsi üçün mərhəməti də tam olaraq başa düşmək lazımdır. Peyğəmbərimizin (s.ə.v.) mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir örnəkdir. Allah Quranda hz. Muhəmmədin (s.ə.v.) bu yüksək əxlaqından belə bəhs edir:

«Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, möminlərə şəfqətlidir, mərhəmətlidir!» («Tövbə» surəsi, 128).

Mərhəmətli insan ətrafındakı şəxslərin sıxıntı içində yaşamasını istəməz; öz həyatı, sağlığı, rahatlığı nə qədər əhəmiyyətlidirsə, ətrafındakı insanların həyatı, sağlığı və rahatlığı da ən azı o qədər əhəmiyyətli və hətta öz həyatından daha vacib olur. Buna görə mərhəmətli bir insanın ən mühüm xüsusiyyətlərindən biri ətrafındakı şəxslərin çətinliklərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy göstərməsidir.

Peyğəmbərimiz (s.ə.v.) möminlərə bütün insanlara qarşı mərhəmətli olmalarını belə tövsiyə etmişdir.:

«Mərhəmətli olmadıqca iman gətirmiş olmazsınız». Dedilər: «Ey Allahın Rəsulu! Hamımız mərhəmətliyik». Dedi: «Xeyr, bunda məqsəd əhlinizə olan mərhəmətiniz deyil, əksinə, xalqa, insanlara olan mərhəmətinizdir».15

İnsan həqiqətən sevdiyi bir insanın axirətini düşünür

İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Bu dünya hər insan üçün keçici və yalnız sınanmaq üçün bir yerdir. Bu həqiqəti dərk edən möminlər bir-birlərinə olan sevgilərini, əslində, bir-birlərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın rizasına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Əks halda insanın sonsuza qədər bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə əvəz görəcəyini bilmələri, iman gətirənlərin bu məsələdə böyük həvəslə və qərarlı hərəkət etmələrinə səbəb olar. Bir-birlərində gördükləri xətalı və ya qüsurlu cəhətləri vaxt keçirmədən dərhal düzəltməyə və bir-birlərini Allahın ən çox razı olacağı əxlaqa çatdırmağa çalışırlar. Bir-birlərini daima yaxşı və gözəl olana dəvət edib pisliklərdən çəkindirməyə çalışarlar. Onların bu məsələdəki həvəs və səyləri bir-birlərinə olan həqiqi sevgilərinin də ən açıq-aşkar göstəricilərindən biridir. Allah Quranda iman gətirənlərin bir-birlərinin axirətlərinə yönələn bu güclü sevgi anlayışlarını belə xəbər verir:

«Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar . Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!» . («Tövbə» surəsi, 71)

Həqiqi sevgidə hər zaman qarşı tərəfin nəfsi üstün tutulur

İnsanların bir çoxu üçün həyatlarının ən mühüm məsələsi öz nəfslərinin rahatlığıdır. Ancaq həqiqi sevgidə insan öz nəfsini unudur və sevdiyi insanın nəfsi ön plana keçir. Onu rahat etmək üçün əlindən gələn hər cür cəhdi göstərir. Hər zaman sevdiyi insanın istəklərini öz istəklərindən üstün tutur. Məsələn, birlikdə gördükləri bir işə görə özünün tərif olunmasındansa, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olur. Özü haqlı çıxmaqdansa, sevdiyi insanın haqlı olmağından daha çox zövq alır. Əgər əmək tələb edən bir işin görülməsi lazımdırsa, sevdiyi adamın yorulmasındansa, özünün yorulmağını üstün tutur. Heç vaxt qarşı tərəfi utandıracaq, qəlbini qıracaq bir davranış göstərmir. Bunun səbəbi isə Allahın rizasını, sevgisini və cənnətini qazanmaq istəyidir. Bir insan ancaq Allahın rizasını qazanmaq üçün qarşısındakı şəxsi bu qədər fədakarlıqla və səmimiyyətlə sevə bilər.

Mənbə:

14-Hz. Müslime İbni Muhalled r.a, Ramuz El-Ehadis, s.423.8
15-Kütüb-i Sitte cilt 10,s.134