UŞAQLAR

İnsanın nəfsi həddi-hüdudu olmayan bir mal-dövlət, mülk və sərvət sahibi olmaq istəməklə yanaşı özü öldükdən sonra nəslini davam etdirən övladlar dünyaya gətirmək istəyi ilə də doludur. Belə ki, Quranda bu istəyin Allah rizası üçün olmayacağı təqdirdə onun insanı Allahın zikrindən ayıran və ən əsası Ona şərik qoşmağa səbəb olan bir ünsür ola biləcəyi bildirilir. İnsan Allahın ona verdiyi övladlarla da sınağa çəkilir və Allahın razı olacağı əməllər edib-etməyəcəyi müşahidə edilir. Bu, "Həqiqətən mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir. Ən böyük mükafat isə Allah dərgahındadır!" ("Təğabun" Surəsi, 15) ayəsində də açıq bildirilir.

Ayədə mal-dövlət və övladlar üçün "fitnə" sözündən istifadə olunması olduqca diqqətçəkicidir. Bəzi insanlar dünyanın bəzəyi hesab edilən övlad sahibi olmaq düşüncəsini həyatlarının ən əsas məqsədi kimi görürlər. Allah Quranda övladların insan üçün böyük bir sınaq olmasından bəhs edir, yalnız Allah rizası üçün övlad sahibi olmağı, əks təqdirdə bunun bir olan Allaha şərik qoşmağa səbəb olacağı bildirilir. Allahın onlara verdiyi övladı Allahı unudaraq bir "həyat qayəsi" hesab edən və beləliklə, ona şərik qoşan ailələrin misalı Quranda belə bildirilir:

"Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini yaradan Odur. Zövcəsi ilə yaxınlıq etdikdə o, yüngül bir yüklə yükləndi və daşıdı. Ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh bir uşaq versən, şükr edənlərdən olarıq!" - dedi. Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə ona qoşulan şəriklərdən ucadır! Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar?" ("Əraf" Surəsi, 189-191)

Yalnız Allah rizasını diləyərək övlad sahibi olmaq istəyi doğru davranışdır. Belə ki, Qurandakı hekayələrə baxıldığı zaman peyğəmbərlərin övlad sahibi olmaq istədikləri zaman yalnız Allah rizasını nəzərdə tutduqları aydın görünür. Bu mövzu ilə bağlı Quranda bir çox misallar vardır:

"İmranın zövcəsinin: "Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən Eşidənsən, Bilənsən!" - dediyini xatırla!" ("Ali-İmran" Surəsi, 35)

 

Hz.İbrahimin duası isə belədir:

"Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Mərhəmətlisən!" ("Bəqərə" Surəsi, 128)

 

Şübhəsiz ki, yuxarıdakı ayələrdə bildirildiyi şəkildə övlad sahibi olmağın nəticəsi xeyirli olacaq. Allahın razı olacağı, Quran əxlaqını mənimsəmiş bir mömin yetişdirmək ibadət kimi qəbul edilə bilər. Lakin əks təqdirdə insan dünyada və axirətdə də bu niyyyətin mənfi nəticəsi ilə qarşılaşar. Əgər övladı Allahın ona lütfü olan bir əmanət kimi görməyib onu özünə məxsus olan və buna görə də ətrafındakılar qarşısında lovğalanma ünsürü hesab edərsə, yolunu azmış olar.

 

Bunun axirətdəki əvəzi isə daha şiddətlidir. Axirət günü insan dünyada özünə ən böyük dəstək kimi gördüyü övladını unudur, hətta əzabdan xilas olmaq üçün həyat yoldaşını, ailəsini, qardaşını, fidyə vermək istədiyi kimi övladını da fidyə vermək istəyir. Beləliklə, əzabdan xilas ola biləcəyini güman edir. Lakin o gün əzabdan xilas olmaq mümkün deyil.

Əslində cahil cəmiyyətin insanları üçün övlad yalnız axirətdə deyil, dünyada da bir çox problemə səbəb olur. Hər şeydən əvvəl uşaqlar dünyaya gəldikləri andan ailələrinin vaxtını alır və çox böyük çətinliklərlə böyüyürlər. Bu çətinliyi ana hələ hamilə olduğu vaxtdan etibarən hiss etməyə başlayır. Çünki hər şeyini bətnində daşıdığı körpəsinə nəzərən tənzimləmək məcburiyyətindədir. Ana yeməyinə, içməyinə və hərəkətlərinə diqqət yetirməli olur, xüsusən də hamiləliyin son aylarında artıq çox çətin bir vəziyyətə gəlib çatır. Həmçinin uşaq dünyaya gəldikdən sonra da insan üçün başqa bir problem olur. Ana sanki ayağından bir yerə bağlanmış kimi uşaqdan ayrı hərəkət edə bilmir. Bir an əvvəl uşağın böyüməsi gözləndiyi halda bu vaxt isə öz həyatındakı illərin necə sürətlə keçdiyinin fərqində ola bilməz. Allah rizası üçün səbr ediləndə böyük bir ibadət hökmünə gələn bu çətinliklər cahil mədəniyyətə malik olan bir insan üçün məqsədsiz bir çətinliyə çevrilir.

 

Cahil cəmiyyətdə qarşılaşılan ən böyük ruh düşkünlüyü uşaqların böyüməsi ilə bağlıdır. Allahın əmr etdiyi əxlaqla böyüdülməyən bir uşaq təbii olaraq cahil cəmiyyətin pozğun əxlaqını götürəcək. Bu əxlaqın nəticəsində isə o, yalnız ata-anasına qarşı üsyankar, vəfasız bir insan kimi böyüyəcək. Valideynlər öz uşaqlarını özlərinin gələcək köməkçisi və qoruyucusu hesab etmiş, qarşıda onlara ən böyük dəstək olacağını güman etmişlər. Halbuki üsyankar bir əxlaqla böyüyən bir insan əksər vaxtlarda bu keyfiyyətlərdən uzaq olur. O, öz istəklərini həyata keçirməyə, mənfəətlərini qorumağa çalışacaq, valideynlərinin istəklərini də bu mənfəətlərə uyğun olduğu zaman yerinə yetirəcək. Hətta belə övladların valideynlərinin qocalar evində qalması hallarına da az rast gəlinmir.

Halbuki Quran əxlaqı ilə böyüyən bir insanın davranışı tamamilə başqadır. Çünki Quranda valideynlərin zəhmətindən, onlara qarşı göstəriləcək hörmətdən bəhs edilir və yaşlaşdıqları zaman onları incitməmək əmr edilir:

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" -belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə aciyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" -de" ("İsra" Surəsi, 23-24)

Ayələrdən də aydın olduğu kimi, bir insanı böyütmək, ona axirətdəki vəziyyətini düşünərək tərbiyə vermək əsas vəzifələrdən biridir. Lakin bir uşaq dünyaya və onun müvəqqəti faydalarına uyğun tərbiyələndirilərsə, bu, dünyaya aid hər bir iş kimi müvəqqəti, qeyri-kafi və nəticəsiz bir iş olar. Bundan əlavə, Allah rizası üçün tərbiyələndirilən bir uşaq mömin olmasa da bir şey itirilməyəcək. Çünki bütün insanların vəlisi Allahdır və insan Onu razı salacaq bir tərbiyə verdiyi zaman artıq qalan işləri Allaha həvalə etmiş və əbədi bir savab qazanmışdır.

Dünyanı əsas götürüb tərbiyə verdiyi uşağında istədiyini ala bilməyəcəyi kimi eyni zamanda axirətdə də nə uşağı özünə, nə də özü uşağına bir fayda verməyəcək. Quranda bu hal xüsusi vurğulanır:

"Nəhayət, qulaqları kar edən o dəhşətli səs gələndə, o gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!" ("Əbəsə" Surəsi, 33-37)

 

Əvvəl də qeyd etdiyimiz kimi, insan yalnız Allaha qulluq etmək üçün yaradılmışdır. Dünyadakı həyatında ona göstərilən bütün gözəlliklər yalnız onun Rəbbimizə qulluq edib-etməməsini sınamaq, Onun rizasına uyğun şəkildə həyat keçirib-keçirmədiyini müşahidə etmək üçündür. Belə ki, insan öldükdən sonra dünyada yerinə yetirdiyi ibadətlərə və etdiyi inkara görə axirətdə hesab verəcək və əməllərinə əvəz olaraq ya cənnət, ya da Allahın əbədi cəhənnəmi ilə qarşılıq alacaq. Buna görə də dünyada insanların ağlını başından alan gözəlliklərin Allah dərgahında heç bir dəyəri yoxdur. İnsanı Allaha yaxınlaşdıran və axirətdə onu cəhənnəmin əbədi əzabından xilas edən amil sahib olduğu mal-dövləti və övladları deyil, yalnız təqvası və imanıdır. Ayələrdə bu məsələ açıq şəkildə bildirilir:

 

"Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar" ("Səba" Surəsi, 37)

"Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar" ("Ali-İmran" Surəsi, 116)

"Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar" ("Mucadələ" Surəsi, 17)