YAŞLILIQ

Zamanın dəyişdirici təsiri hər şeydə gözlə görünür. Ən son modeldən olan avtomobil bir neçə il ərzində cızılır, zədələnir və təbii olaraq köhnəlir. Ən çox bəyənilən bir ev 5-10 il sonra (əgər qayğısına qalınmazsa) boyaları tökülmüş köhnə görünüşlü bir yerə çevrilir. Lakin bütün bunlarla yanaşı insan ən böyük dəyişikliyə öz orqanizmində şahid olur: insanın çox böyük qiymət verdiyi orqanizmi illərin keçməsi ilə bərpaedilməz şəkildə mənfi dəyişikliklərə məruz qalır. İnsanın müəyyən müddət ərzində keçirdiyi bu dəyişiklik Quranda belə bildirilir:

"Sizi zəif bir şeydən yaradan, gücsüzlükdən sonra qüvvətli edən, qüvvətli olduqdan sonra taqətsiz edən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir!" ("Rum" Surəsi, 54).

 

Yaşlılıq çox vaxt insanların düşünmək istəmədiyi, həyat planlarına aid edilməyən bir dövrdür. İnsanlar bəzi fiziki acizliklərlə keçirəcəkləri yaşlılıq dövrünü bacardıqları qədər ağıllarına gətirməməyə çalışır. Bəzən bu dövr haqqında söhbət edildikdə isə qorxuya və narahatlığa qapılır, lakin bir müddət sonra bunları yaddan çıxararaq yenidən öz həyatlarını davam etdirirlər. Onların yaşlanacaqlarını təsəvvür etmək istəməməsinin əsas səbəbi bu düşüncənin həyatda əbədi olaraq qalmayacaqlarını onlara xatırlatmasıdır. Buna görə də bir vaxt qarşılaşacaqları qaçılmaz olan bu dövr barədə çox az düşünürlər. Qarşılarında hələ uzun bir müddətin olduğunu, yaşlaşmanın və ölümün çox uzaq olduğunu güman edirlər. Quranda insanların belə bir səhv düşüncəsi açıq göstərilmişdir:

"Doğrusu, biz bununla və atalarına ömürləri uzanıncaya qədər gün-güzəran verdik..." ("Ənbiya" Surəsi, 44).

 

Bu insanlar çox böyük bir səhv edirlər. Çünki hər bir yetkin insan neçə yaşında olursa olsun, geriyə baxdığı zaman ağlında müəyyən xatirələrin olduğunu görəcək. Uşaqlıq və gənclik illərində başına gələn mənfi və müsbət hadisələri, onu həyəcanlandıran şeyləri, qəbul etdiyi mühüm qərarları, ehtirası sayəsində nail olmaq üçün illərini sərf etdiyi məqsədləri sonradan çətinliklə yada salanda bunlar onun üçün yalnız bir xatirədir. Buna görə də çox vaxt "böyük bir həyatı"nı izah etmək üçün ən çoxu bir neçə saat lazım gəlir.

 

Yalnız bir neçə saniyə düşünməklə dərk edilə biləcək bu həqiqət hansı dövrdə olursa olsun, insanı qəti qərara gəlməyə sövq etməlidir. Məsələn, əgər 40 yaşında olan bir insan 65 yaşına qədər yaşamaq istəyirsə, o, bilməlidir ki, qarşısındakı 25 il keçirdiyi 40 il qədər tez keçəcək. Hətta həmin insan 90 yaşına qədər də yaşasa, vəziyyət dəyişməyəcək. Çünki qarşıdakı illər uzun və ya qısa olmasından asılı olmayaraq sonda bitəcək. Beləliklə, bu məqamda insanın yaşlaşması dünyanın müvəqqəti bir məkan olmasının ən böyük əlamətlərindən biridir. İnsan nə edirsə etsin, bir daha geri qayıtmayaraq, bu dünyadan mütləq ayrılacaq.

Belə olan halda insan mənfi mülahizələrini bir kənara qoyub öz həyatı haqqında daha doğru düşünməlidir. Хüsusən də bildirdiyimiz kimi, zaman çox sürətlə keçir və hər keçən gün insanı daha gənc və enerjili quruluşa deyil, ayədə də bildirildiyi kimi, "zəifliyə" sürükləyir. Qısası, yaşlılıq insanın acizliyinin mühüm göstəricisidir. Ötüb keçən illərin insanın orqanizminə və zehninə göstərdiyi mənfi təsirlər açıq bir həqiqətdir. Quranda insanın yaşlaşmaqla birlikdə acizliyindən də belə bəhs edilir:

"Allah sizi yaratmışdır, sonra da öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına çatdırılar ki, bildiyi hər şeyi unudar. Həqiqətən, Allah Biləndir, Qadirdir!" ("Nəhl" Surəsi, 70).

Yaşlılığa tibbi dildə "ikinci uşaqlıq dövrü" də deyilir. Çünki orqanizmdə meydana gələn mənfi hallar insanı bir uşaq kimi qayğıya və qorunmağa möhtac edir. Belə ki, bu yaşlarda insanda fiziki və ruhi baxımdan uşaqlıq dövrünə aid xüsusiyyətlər yaranır. İnsan gənc olduğu zaman fiziki baxımdan rahatlıqla gücünün çatdığı bir çox işi yaşlaşanda yerinə yetirə bilməz. Və ya gənc olduğu zaman çox güclü bir yaddaşa malik olan insan yaşlaşanda onun hafizəsində geriləmə baş verir. Bu nümunələr hər bir mövzu üçün çoxaldıla bilər. Nəticə budur ki, müəyyən yaşdan sonra hər bir insanda rast gəlinən fiziki və zehni gerilik bir növ uşaqlıq halına geri dönməkdir.

 

Qısası, insan həyatına uşaq kimi başlayır və bir müddət sonra yenidən uşaqlığa dönərək həyatına son qoyur. Şübhəsiz ki, bu müddət gəlişi gözəl şəkildə yaranmır. Allah diləsəydi, insanı ömrünün sonuna qədər gənc saxlayar, orqanizmində heç bir qüsur və xəstəlik yaratmazdı. Lakin Allah yaşlılıq dövründə insanda bəzi çatışmazlıqlar yaradaraq ona dünyanın müvəqqəti olduğunu bir daha xatırladır. Eyni zamanda dünyada olan nöqsanları göstərərək insanın axirətə, yəni həqiqi məskən olan cənnətə olan istəyini də artırır.

Bu dünyanın müvəqqəti olması və insanın yaşlaşmasında müəyyən bir hikmətin olması aşağıdakı ayədə aydın ifadə edilir:

"Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa ilk yaradılışınızı yada salın. Həqiqətən, biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə sizi böyüdərik. Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər" ("Həcc" Surəsi, 5).