Quran

Quranda söhbət


Quranda söhbət

Möminlər üçün qarşılıqlı söhbət və bu söhbət əsnasında Allahın xatırlanması çox önəmli bir ibadətdir. Qarşılıqlı sevgi və hörmətə dayanan bir şəraitdə səviyyəli bir danışıq üslubu ilə imani mövzulardakı düşüncələrini bir-birinə anladır, ayələri birlikdə oxuyub düşünürlər. Üslubda sevgi və hörmətin gözlənilməsi çox mühümdür. Həmçinin Allah "bəndələrimə de ki: "Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər"" ("İsra" surəsi, 53) əmri ilə bu üslubun qorunmasını hökmə bağlayır. "Zumər" surəsinin 18-ci ayəsində isə Allahın doğru yola çəkdiyi insanların, yəni təmiz ağıl sahiblərinin "sözü dinləyib onun ən gözəlinə uyduqlarını" bildirmişdir.
Möminlərin yaşadığı evlər barədə Allah "Allahın isminin ucaldılmasına və zikr edilməsinə izn verdiyi yerlər" deyilir. Möminlər "orada səhər-axşam Onu təbliğ edib şəninə təriflər deyər-lər" ("Nuh" surəsi, 36). Məhz bu evlərdə iman gətirənlər qarşılıqlı söhbət edir və Allahı anırlar. Üstəlik "Ənfal" surəsinin 2-ci ayəsində deyildiyi kimi, onların "Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər". Bu səbəbdəndir ki, möminlərin Allahı anlaması bəsit bir danışıq deyil, çox səmimi, hər kəlməsi hikmətli, Quran ayələrindən nümunələrlə bəzədilmiş ixlaslı söhbətlərdir.
Həqiqətdə möminlər dünyada da cənnət mühitini mümkün olduğu qədər yaratmağa çalışırlar. Bu məqsədlə içində oturduqları evlər əslində orada cənnətdəkilərinin bənzəri olan söhbətlər edilən, gülünən, nəşəli danışıqların getdiyi, eyni zamanda Allahın ayələrinin oxunduğu, hikmətinin danışıldığı yerlərdir. Quranda ətraflı təsvir edilmiş cənnət söhbəti üzbəüz taxtlar üzərində əyləşməklə aparılır. Möminlər orada Allahı anarlar, mənasız və boş bir danışıq olmaz. Bütün möminlər onlara mərhəmət göstərən və bağışlayan Allaha şükr edərlər.
Cənnətdəki söhbətin və zikrin oxşarı əlbəttə, dünyada da möminlər arasında həyata keçir. Həmçinin Qurana görə, möminlər üçün ən böyük ibadət Allahı zikr etməkdir. Bunun məkanı və vaxtı yoxdur, möminlərin arasında hər şəraitdə  Allahın xatırlandığı söhbətlər gedə bilər. Bu məsələ Quranda belə anladılır:

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" ("Ali-İmran" surəsi, 191).

Möminlərin söhbətləri bir-birindən çox fərqli mövzularda ola bilər, nəticədə hər danışıq, hər söhbət mütləq Allaha  bağlandığı üçün möminin söhbətində "mənasız danışıq" olmaz. Allahdan bəhs edilməyən, nəticəsinin Allaha bağlanılmadığı bir söhbət insanı darıxdıran boş bir söhbətə çevrilər. Buna görə də möminlər gözəl və estetik bir ev görəndə bu haqda söhbət edərlər, çünki gözəl və estetik evlər cənnət nemətlərindəndir. Bu mövzuda söhbət etmək möminin şövqünü və cənnətə olan istəyini gücləndirər. Mühüm olan məsələ bu evin dünyanın müvəqqəti nemətlərindən olduğunu, yox olmağa məhkum  olduğunu, Allahın bu görüntünü möminləri sınamaq məqsədi ilə yaratdığını unutmamaqdır. Çünki inkarçılar da belə bir ev haqqında saatlarla danışa bilərlər. Möminin onlardan fərqi bütün danışıqlarında Allahı xatırlamasıdır. Çünki "qəlbləri yalnız Allahı zikr etməklə aram tapar" ("Rəd" surəsi, 28).
Allah möminlərə xas xüsusiyyətləri sayarkən "nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən... yayındırmaz" ("Nur" surəsi, 37) demişdir. Tək olanda da, iki nəfərə və ya cəmiyyət içində də Allahı zikr etmək olar. Şübhəsiz ki, insanın tək zikr etməsi çox mühümdür. Çünki onun ruhundakı bu dəyişiklik hərəkətlərinə təsir edəcəkdir. Beləliklə də mömin Allahla olan yaxınlığını heç vaxt itirməyərək qarşısına çıxan sınaqları asanlıqla aşacaq, etdiyi bütün hərəkətləri savab qazanma niyyəti ilə edəcəkdir.