MÜNAFİQLƏR

Münafiqlər qəlblərində olmayanları söyləyərlər


Münafiqlər qəlblərində olmayanları söyləyərlər

Münafiqlərin başqa bir xüsusiyyəti yalan danışmalarıdır. Allah'dan qorxmadıqları üçün çətinə düşdükləri vəziyyətlərdə dərhal yalana əl atır və beləcə möminləri aldada biləcəklərini zənn edirlər. Yalanla özlərinə verilən məsuliyyətlərdən qaçmağa çalışırlar. Quranda Peyğəmbərimiz (s.ə.v.) dövründə düşmənə qarşı müdafiə etmək üçün çağırılan münafiqlərin yalana əl ataraq qaçmağa çalışdıqlarına belə diqqət çəkilmişdir:

(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allah'ın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: "Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!"– deyildi. Onlar: "Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik"– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
(Ali İmran surəsi, 166-167)
Göründüyü kimi, münafiqlər, çətinlik anlarında möminləri tərk edərək öz mənfəətlərini qoruyurlar. Ancaq bunu da hər zamanki kimi ikiüzlülüklərini davam etdirərək, yəni özlərini haqlı göstərməyə çalışaraq edirlər. Əlbəttə ki, uzaqlaşarkən "mənfəətlərimizin zədələnilməsindən qorxuruq" demirlər, bunun yerinə ağılsız bəhanələr qarşıya qoyaraq möminləri haqlı olduqlarına inandırmağa çalışırlar. Allah Quranda münafiqlərin bu davranışlarını belə xəbər vermişdir:

Geri qalan bədəvilər sənə: "Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allah'dan) bizim üçün bağışlanma dilə!"– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De: "Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər?" Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.
(Fəth surəsi, 11)

Onlardan bir dəstə demişdi: "Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!" İçərilərindən bir qismi isə: "Evlərimiz nəzarətsiz qalıb"– deyərək Peyğəmbərdən izn istəyirdi. Halbuki, evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər.
(Əhzab surəsi, 13)
Göründüyü kimi, münafiqlərin qarşıya qoyduqları bəhanələr, "döyüşməyi bilmirik", "evlərimizi və ailələrimizi qorumaq məcburiyyətindəyik" kimi səbəblərdir. Lakin Allah bu şəxslərdən "... qəlblərində olmayanı ağızlarıyla söyləyirdilər." (Ali İmran surəsi, 167) şəklində bəhs edir. Üstəlik bu yalanlarını söyləyərkən də Allah'ın adına and içərək bunu edirlər. Allah Quranda münafiqlərin bu səmimiyyətsizliklərini belə bildirir:

...."Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!" (–deyə) Allah'a and içəcəklər... (Tövbə surəsi, 42)

Münafiqlərin bu yalanlarından bəhs edən başqa bir ayə isə belədir:

... O, qəlbində olana Allah'ı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. (Bəqərə surəsi, 204)