Peyğəmbərlər

Peyğəmbərlərə iman


Peyğəmbərlərə iman

Allah insanlara hər dövrdə doğrunu və yanlışı göstərən, Özünün razı olduğu əxlaqı öyrədən elçilər göndərmişdir. Bu elçilər insanları Allah'a iman gətirməyə çağırmış, onlara Allah'ın dinini təbliğ etmişlər. Hz. İbrahim (əs), hz. Süleyman (əs), hz. Davud (əs), hz. Lut (əs), hz. İsa (əs), hz. Musa (əs), hz. Nuh (əs), hz. Yusif (əs), hz. İsmayıl (əs), hz. İshaq (əs) kimi peyğəmbərlərin və elçilərin həyatı Quranda açıqlanır. Rəbbimiz ayədə peyğəmbər hekayələrində inananlar üçün hikmətlər olduğunu bildirmişdir (Yusif surəsi, 111). Peyğəmbərlər Allah'ın seçdiyi, müjdələyən və xəbərdaredici kimi göndərdiyi, üstün əxlaq və imanları ilə bütün insanlara nümunə olan mübarək insanlardır. Müsəlmanlar peyğəmbərlərin hamısına iman gətirir, ayrı-seçkilik etmədən hamısına dərin sevgi duyur və hörmət edirlər. Müsəlmanların peyğəmbərlərə imanı və itaəti ayədə belə bildirilir:

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allah'a, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285)

Peyğəmbərlərə iman xristianlıq və yəhudiliyin də əsaslarındandır. Tövratda hz. Adəm (əs), hz. Nuh (əs), hz. Şüeyb (əs), hz. Yaqub (əs), hz. Yusif (əs) və bir çox peyğəmbərin həyatı (bir qismi təhrif olunsa da) ətraflı izah edilir. İncildə göndərilmiş elçilərə itaətin əhəmiyyəti müxtəlif izahlarla vurğulanmışdır. İncildə “Allah'ın istədiyi iş budur: Onun göndərdiyi şəxsə iman gətirin” (Yəhya, 6: 29) açıqlaması buna nümunədir. İncildə digər yerdə inananların elçiləri özlərinə nümunə götürmələri və onların əxlaqına bənzər əxlaqa sahib olub onların rəftarlarına bənzər davranmaları belə bildirilmişdir:

Çünki sizə nümunə göstərdim ki, mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. (Yəhya, 13: 15)
Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən isə saleh insana layiq bir mükafat alacaq. (Matta, 10: 41)