AXİRƏT

Ölüm son deyil, başlanğıcdır


Ölüm son deyil, başlanğıcdır

Cahiliyyə inancına görə, bir insanın başına gələn ən pis hadisələrdən biri yaxınının və ya özünün ölümüdür. Ölümə yaxınlaşmaq və ya yaxın adamını itirmək ən qorxulu şeylərdən biri sayılır. Ölümdən heç danışmamağı, söz düşəndə də mövzunu tez dəyişməyi məsləhət görürlər. Onların yanlış inancına əsasən, bir çox hadisəyə xeyir gözü ilə baxıla bilər, lakin insanın ölməsində əsla xeyir yoxdur...

Din əxlaqını yaşamayan cəmiyyətlərin hamısı ölümü eyni cür dəyərləndirir və heç fərqli düşünmürlər. Ölümü yox olma kimi görür, axirətə tərəddüdlə yanaşırlar. Bu insanlar üçün tək yaşayış yeri dünyadır. Dolayısilə, onlara görə ölümlə yanaşı, bu imkan tamamilə bitir və ölən adamdan geriyə sadəcə üzüntü qalır. Xüsusilə də çox sevdiyi bir yaxınını itirən adam qəm-qüssəli olur və çox sıxıntı keçirir. Hətta yaxını gənc yaşında ölsə, Allah`a və qədərə üsyankar hərəkətlər etməyə başlayır. Halbuki onlar çox əhəmiyyətli həqiqəti unudurlar:

Əvvəla, yer üzündəki insanların heç biri öz istəkləri ilə dünyaya gəlməyiblər və heç bir insan öz iradəsi ilə həyat əldə etməyib. Bütün insanların həyatı Allah`a aiddir; hər kəs uca Allah`ın təqdir etdiyi zamanda və Onun diləməsi ilə həyat tapıb. Göylərin, Yerin bu ikisinin arasındakı canlı-cansız hər varlığın sahibi olan Allah istədiyi insanın canını dilədiyi şəkildə və dilədiyi zamanda alacaq. Allah`ın qədərdə müəyyən etdiyi bu zamanı heç kimin ertələməyə və ya önə çəkməyə gücü çatmaz. Bu həqiqət Quranda belə bildirilir:

Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Ali-İmran surəsi, 145)

Bundan başqa, insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir alsa da, nə qədər güvəndiyi yerlərə sığınsa da, ölümdən qaça bilməz. Heç gözləmədiyi şəkildə dünyadan gedə bilər. Eyni şəkildə, bir yaxınının ölməməsi üçün nə qədər çalışsa da, hətta dünyanın bütün imkanlarını səfərbər etsə də, bu istəyini -Allah diləmədikcə- gerçəkləşdirə bilməz. Bir ayədə ölümün hər yerdə insanı tapacağı belə ifadə edilmişdir:

Harada olursunuzsa-olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)

Buna görə də insan özünü və ya yaxınlarını ölümdən qaçırmağa çalışmamalı, əksinə, ölümdən sonrası üçün hazırlıq görməli və sevdiyi insanların da axirətdəki sonsuz həyatı üçün hazırlıq görməsinə vəsilə olmalıdır.

Ölüm son deyil, başlanğıcdır

Axirət inancı zəif olan, yaxud heç olmayan insanların ölüm və ölümdən sonrakı həyata baxışı çox yanlışdır. Bundan dolayı, yuxarıda bəhs etdiyimiz kimi, ölümü xeyirli hadisə kimi deyil, müsibət kimi görürlər. Ölən adamı bir daha görə bilməyəcəklərini və onun torpaqda yox olduğunu düşünürlər.

Halbuki ölüm yox olma deyil, əksinə, insanların əsl yurd olan axirətə keçmələri üçün bir vasitədir. İnsanların dünyadakı xeyir və pis əməllərinin qarşılığını görəcəyi hesab gününə yaxınlaşdığı bir hadisədir. İstisnasız hər insan ölümlə qarşılaşacaq və əbədi axirətə keçəcək. Bu, bir çox insanlar üçün gənc yaşda olur, bir çoxları üçün də irəli yaşlarda olur. Nəticədə, heç kim yer üzündə əbədi qalmayacaq; insan hər gün ölümə bir az daha yaxınlaşır. Buna görə, ölümdən qaçmağa çalışmaq, ölümü düşünməmək və ölümü müsibət olaraq dəyərləndirmək çox ağılsız davranışdır.

Bəzi insanlar isə axirətə inandıqlarını desələr də, yenə ölənin arxasınca ağlamağı təbii görürlər. Halbuki Allah`ın ədaləti sonsuzdur. Ölən adam Allah`a hesab verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misli ilə alacaq. Bu səbəbdən, Allah`a və axirətə inanan, dünyada Rəbbimizin istədiyi kimi həyat sürən hər insan üçün ölüm sonsuz gözəllik həyatının qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Lakin yer üzündə təkəbbürlük edən, axirəti inkar edən və Allah`a hesab verəcəyini görməzlikdən gələn cahiliyyə insanları üçün ölüm sonsuz əzabın qapısıdır. Buna görə də həmin insanların ölümü xeyir olaraq görməsi mümkün deyildir.

Bu zidd anlayış fərqliliyindən dolayı, bir möminin ölümü ilə qarşılaşan digər möminlərin reaksiyası cahiliyyədən kəskin şəkildə ayrılır. Çünki cahiliyyə inancına görə ən pis hadisə sayılan ölüm möminlər üçün yenə xeyir vəsiləsi kimi görünür. Möminlər ölümü uca Allah`ın aşağıdakı ayəsi yönündə dəyərləndirir:

Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, Allah`ın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi (onların) yığdıqları şeylərdən daha xeyirlidir. (Ali-İmran surəsi, 157)

Bu ayədən də göründüyü kimi, möminlərin yaşaması kimi, ölümləri də xeyirlidir. Xüsusilə, Allah yolunda bir iş görərkən ölən möminlərə Allah qatında xüsusi dərəcə vardır. Buna görə də şəhidlik məqamı möminin şərəfidir və axirətdəki əcrini artıran xeyirli hadisədir. Axirəti hədəf alan və Allah`ın rizasını qazanmaq üçün yaşayan möminin Allah yolunda şəhid olması çox şərəflidir. Quranda xəbər verilmiş bu müjdəni bilən möminlər başqa bir mömin Allah`ın rizası üçün çalışarkən ölərsə, əsla hüznə düşməzlər. Tam əksinə, bu möminin ölümündəki xeyir və gözəllikləri görüb sevinərlər. Heç şübhəsiz, gözəlliklərin ən üstünü Allah`ın rizasını və cənnətini qazanmaqdır. Uzun və xeyirli ömür sürən, bütün ibadətlərini yerinə yetirən, məsələn, yalan danışmayan, yaxşı əməldən xoşu gələn, ədalətli olan, zəkat verən, oruc tutan, namazlarına ciddi yanaşan və Allah`ın hədlərini qoruyan bir möminin Allah qatında üstün dəyəri olduğu umulur.

Lakin inkarçı cəmiyyətlər uzun həyat yaşamaqlarının daha xeyirli olacağını zənn etməklə yanılırlar. Aşağıdakı ayədə Allah bu mövzudakı həqiqəti qəti şəkildə açıqlayır:

Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali-İmran surəsi, 178)

Bütün həyatını dünyanın keçici mənfəətini qazanmaq üzərinə quran cahiliyyə insanları elə düşünürlər ki, ömürləri nə qədər uzun olsa, o qədər çox dünyəvi nemətlərdən faydalanacaqlar. Beləcə, Allah`ı və axirəti tamamilə unudaraq yaşayan bu insanlar boş yerə sərf etdikləri zamanın axirət həyatı üçün nə qədər böyük əhəmiyyət daşıdığını düşünmürlər. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi, özləri üçün xeyir zənn etdikləri bu müddət əleyhlərinədir. Bu nümunə üzərində düşünən insan xeyir və şəri necə dəyərləndirəcəyini və Allah`ın “sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli” (Bəqərə surəsi, 216) hökmünü yaxşı başa düşər.