İnkar edənlər

İnkarçıların yeri olan cəhənnəm


İnkarçıların yeri olan cəhənnəm

Cəhənnəm inkarçıların içində əbədi qalacaqları, insan bədəninə və ruhuna əzab vermək üçün xüsusi olaraq yaradılmış məskəndir. Çünki inkarçılar günahkardır və Allahın ədaləti hər günah üçün bir cəza verilməsini vacib sayır. İnkarçıların yol verdiyi günahlar isə bütün mümkün günahlar arasında ən böyük günahdır. İnsanın onu yaradan, ona can verən Allaha qarşı çıxıb nankorluq etməsi kainatda ən böyük günahdır. Cəhənnəm bu ən böyük günaha ən böyük cəza vermək üçün Allahın ədalətinin yerinə yetirildiyi məkandır. İnsan Allahın qulu olmaq üçün yaradılmışdır. Əgər o, yaradılış qayəsini rədd edərsə, bunun əvəzini görəcək. Allah bir ayəsində belə buyurur:

"...Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər" ("Mumin" Surəsi, 60)

Bir halda ki əksər insanların etdiklərinin əvəzi cəhənnəmdir və heç kim buradan xilas olacağından əmin deyil, o zaman bütün bəşəriyyətin əsas problemi də bu olmalıdır. Bizim üçün ən böyük təhlükə cəhənnəmdir və bizim cəhənnəmdən qorunmaqdan qeyri mühüm vəzifəmiz yoxdur. Dünyada olan heç bir iş cəhənnəmdən xilas olmaq üçün edilən işlərdən əhəmiyyətli deyil.

Belə aydın həqiqətə baxmayaraq insanların əksəriyyəti bir növ sərxoşdur və özləri üçün başqa problemlər axtarır. Əhəmiyyətsiz bir məsələdən ötrü aylarla, illərlə çalışdıqları halda özləri üçün ən böyük təhlükə olan cəhənnəm haqqında fikirləşmirlər. Cəhənnəm odu onlara çox yaxın olduğu halda bunu görməyəcək qədər kordurlar. Quranda "daimi sərxoşluq" (qəflət) halında olan bu əksər insanlardan belə bəhs edilir:

"İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər. Qəlbləri qəflət içində olaraq ona qulaq asmasınlar..." ("Ənbiya" Surəsi, 1-3)

Bəzi insanların qəlbi ehtirasa aldanır, bütün həyatlarını mənasız düşüncələrə sərf edirlər. Bəziləri öz işində irəli getməyi, bəziləri "xoşbəxt bir ailə" qurmağı, çox pul qazanmağı və ya boş bir ideologiyanı müdafiə etməyi həyatının əsas məqsədi hesab edir. Qarşılarındakı böyük təhlükəni isə görmürlər. Cəhənnəm əsasən xəyali bir anlayış kimi qəbul olunur.

Halbuki cəhənnəm sıx bağlı olduqları bu dünyadan daha realdır. Dünya bir gün yox olacaq, lakin cəhənnəm əbədidir. Dünyanı, kainatı və insanı misli-bərabəri olmayan saysız tarazlıq və təfsilat üzərində qüsursuz şəkildə yaradan Allah eynilə axirəti və cəhənnəmi də yaratmış və cəhənnəm əzabını bütün müşriklərə, münafiqlərə və kafirlərə vəd etmişdir.

Ən pis məskən kimi yaradılan cəhənnəm insanların təsəvvürə gətirilə bilməyən əzab mənbəyidir. Bu əzab Allahın şəninə uyğun şəkildə yaradılıb və dünyada olan ən şiddətli əzabları əhatə edir.

İnsanın üzünə çırpılan ikinci bir həqiqət isə cəhənnəm əzabının inkarçılar üçün əbədi olacağı həqiqətidir. Cahiliyyə cəmiyyətlərində bir çox insanlar cəhənnəm əzabının müəyyən müddət davam edib sonradan bağışlanacaqları kimi bir xurafata inanırlar. Bu insanlar dünyadan istədikləri qədər faydalanıb bunun əvəzində isə qısa bir müddət cəhənnəmdə qaldıqdan sonra əfv ediləcəklərini zənn edirlər. Amma onları gözləyən aqibət təxmin etdiklərindən daha acıdır. Çünki cəhənnəm əbədi davam edəcək bir əzab məkanıdır. Quranın heç bir ayəsində cəhənnəmdə "bir az" əzab görüb sonra da cənnətə aparılacaq insanlardan bəhs edilmir. Tam əksinə, Quranın bununla bağlı ayələri cəhənnəmin kafirlər üçün yaradıldığını və onun əzabının əbədi davam edəcəyini, geriyə heç bir dönüşün olmadığını vurğulayır. İnkarçılar "orada sonsuz müddət qalacaqlar" ("Nəbə" Surəsi, 23).

Onu yaradıb "qulaq, göz və qəlb" ("Nəhl" Surəsi, 78) verən Allaha qarşı bütün həyatını nankorluq və Allaha üsyan etməklə keçirən bir insan - Allahın diləməsindən başqa - əbədi əzab qazanmışdır. Onun özünə təsəlli vermək üçün irəli sürdüyü dəlillərin heç bir faydası olmayacaq. Dünyada olduğu zaman etdiyi azğınlıqlar, Allahın dininə qarşı göstərdiyi laqeydlik və hətta qisas hissi onu bu vəziyyətə gətirmişdir. Dünyada olduğu zaman Allaha qarşı təkəbbürlülük etmiş, möminlərə düşmən münasibət göstərmiş insanlara məhşər günü belə deyiləcək:

"Haydı, girin əbədi qalacağınız cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!" ("Nəhl" Surəsi, 29)

Cəhənnəmin ən qorxunc xüsusiyyətlərindən biri də buradakı əzabın əbədi olmasıdır. Ora daxil olan kəs bir daha geri dönməyəcək. Burada tək həqiqət əbədi olan cəhənnəm odudur. Allahın bəla verən ("Qəhhar") sifətinin ən çox bilindiyi yer də buradır. Bununla qarşılaşan insan ruhən əbədi məhvə uğrayır. Çünki onun artıq heç bir ümidi qalmamışdır. Cəhənnəm əhlinin çarəsizliyi Quranda belə bildirilir:

"Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyiləcəkdir" ("Səcdə" Surəsi, 20)

CƏHƏNNƏM ƏZABI

İnkarçılar Allahın hüzurunda hesaba çəkildikdən sonra dəftərlərini sol tərəfdən alacaqlar. Bu, onların əbədi məskunlaşacaqları cəhənnəmə sürüklənmə anıdır. Kafirlər heç bir yolla xilas ola bilməyəcək. Milyardlarla insanın hazır dayandığı məhşər izdihamı da kafirlər üçün xilas və gözdən qaçma imkanı yaratmayacaq. Heç kim bu izdihamın içinə girərək özünü gizlədə bilməz. Bu vaxt cəhənnəm əhlinin hər biri özü üçün hazırlanmış bir şahid və mələklə gələcək:

"Sur çalınacaqdır. Bu vəd olunmuş gündür! Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir. Ona belə deyiləcəkdir: "Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!" Yoldaşı deyəcəkdir: "Bu yanımdakı hazırdır!" "Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, şəkk edəni! O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!"" ("Qaf" Surəsi, 20-26)

Beləliklə, kafirlər bu qorxunc yerə üzü üstə sürüklənərək aparılacaqlar. Quranın ifadəsi ilə desək, "dəstə-dəstə" cəhənnəmə doğru aparılacaqlar. Lakin hələ ora çatmamışdan uzaqdan cəhənnəm qorxusu qəlblərini bürüyəcək. Çünki cəhənnəmin dəhşətli gurultusu uzaqdan da eşidilir:

"...qaynayan cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, qeyzindən az qala parça-parça olsun..." ("Mülk" Surəsi, 7-8)

Ayələrdə bildirildiyinə görə, inkarçılar dirilmələri ilə yanaşı başlarına gələcək hadisələri də hiss etməyə başlayırlar. Onların boyunları alçalmaqdan və utanmaqdan bükülmüşdür. Kafirlər burada başları aşağı əyilmiş, dostsuz, köməksiz qalmış, təkəbbürləri sınmış, diz çökmüş vəziyyətdədir. Utandıqlarından başlarını qaldırmadan gözlərinin ucu ilə baxırlar. Bir ayədə belə bildirilir:

"Ona gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!" Bilin ki, zalimlər daimi əzab içində olacaqlar" ("Şura" Surəsi, 45)

Cəhənnəm əzab vermək üçün yaradılıb. Ora daxil olan saysız- hesabsız inkarçıya baxmayaraq yenə də yeni sakinlərini gözləyir:

"O gün Biz Cəhənnəmə: "Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə cavab verəcəkdir" ("Qaf" Surəsi, 30)

Cəhənnəm bir dəfə tutduğunu bir daha buraxmaz. Allah Quranda cəhənnəmi belə təsvir edir:

"Biz onu Səqərə atacağıq. Sən nə bilirsən ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı yandırıb-yaxar!" ("Muddəssir" Surəsi, 26-29)

BAĞLI QAPILARIN ARХASINDAKI ƏBƏDİ HƏYAT

Kafirlər cəhənnəmə girdikdən sonra cəhənnəmin qapıları onların üzünə bağlanacaq və onlar ən dəhşətli mənzərələrlə qarşılaşacaqlar. Bir azdan oda atılacaqlarını və əbədi olaraq orada qalacaqlarını dərk etmişlər. Qapıların bağlanması artıq xilas olmağın və ya qaçışın mümkün olmadığını göstərir. Allah inkarçı kafirlərin vəziyyətini belə təsvir edir:

"Ayələrimizi  inkar edənlər isə sol tərəf sahibləridir! Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!" ("Bələd" Surəsi, 19-20)

Kafirlərin qarşılaşdığı əzab Quran ifadəsi ilə desək, "böyük əzab" ("Ali-İmran" Surəsi, 176), "şiddətli əzab" ("Ali-İmran" Surəsi, 4), "qəzəbli əzab"dır ("Ali-İmran" Surəsi, 21). İnsanın dünya həyatında malik olduğu düşüncə cəhənnəm əzabını tam olaraq dərk etmək iqtidarında deyil. Bir neçə saniyə oda və qaynar suya dözə bilməyən insan əbədi davam edəcək cəhənnəm əzabını zehnində lazımi qədər canlandıra bilməz. Hətta dünyadakı odun əzabı cəhənnəm əzabının şiddəti ilə müqayisə edilə bilməz. Allahın əzabı misilsizdir:

"O gün etdiyi əzabı heç kəs edə bilməz! Günahkarları heç kəs onun kimi zəncirləyə bilməz!" ("Fəcr" Surəsi, 25-26)

Quranda bildirildiyinə görə, cəhənnəmdəki həyat hər bir anının çoxcəhətli işgəncələrlə dolu olduğu bir həyatdır. Cəhənnəm həyatı təhqir və alçaldılmadan, rəzalətdən, səfalətdən, fiziki və psixoloji əziyyət və işgəncələrdən ibarətdir. Əlbəttə, cəhənnəmdəki əzabı dünyada olan heç bir əzabla müqayisə etmək mümkün deyil.

Cəhənnəm əhli bütün beş hissiyyat orqanı ilə əzab çəkir. Gözü dəhşətli və iyrənc mənzərələrin şahidi olur, qulağı qorxunc və əzabverici uğultular, gurultular, səs-küylər, iniltilər, qışqırıqlar eşidir, burnu ən pis və ürəkbulandırıcı qoxularla dolur, dili ən iyrənc dadları, ən dözülməz acılıqları hiss edir, dərisi və bütün vücudu, bütün hüceyrələri yanır, qovrulur, parçalanır, şiddətli əzablar içində qıvrılır. O, ölüb yox ola bilmir. Quranın ifadəsi ilə "alova nə dərəcə dözümlüdür" ("Bəqərə" Surəsi, 175). Dəriləri təzədən gəlir, əzabda da heç bir dayanma və azalma olmadan eyni işgəncə sonsuza kimi davam edər. Allah bir ayədə inkarçı kafirlərlə bağlı belə buyurur:

"Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!" ("Tur" Surəsi, 16)

Cəhənnəmdə fiziki əzablar kimi şiddətli mənəvi əzablar da var. Kafirlər burada alçaldılır, rəzil olur, peşman olur, onlara xor baxılır, çarəsizliyini və ümidsizliyini düşündükcə bu əzabları daha da artır. Bu əzabın əbədiliyini gözü önünə gətirdikcə daha da ağır duruma düşüb məhv olur. Belə ki, əzab milyon il sonra, milyard il sonra və ya trilyonlarla il sonra bitsəydi, bu, onun üçün böyük bir ümid və sevinc mənbəyi olardı. Lakin əzabın bir daha bitməyəcəyini, cəhənnəmdən çıxmağın qeyri-mümkün olmasını bilməyinin ona verdiyi ümidsizlik hissi dünyadakı heç bir hisslə müqayisə edilə bilməyən bir hissdir.

Quranın bildirdiklərindən aydın olduğuna görə, cəhənnəm pis qoxulu, dar, gurultulu, qaranlıq, hisli, dumanlı, yarıqaranlıq və səs-küylü küçələri, hüceyrələri qovuran istiliyi, ən iyrənc yemək-içməkləri, odlu geyimləri ilə əbədi olan əzabın olduğu bir məkandır.

Cəhənnəmdə olan şəraiti bəzi cəhətlərdən nüvə müharibələrindən sonrakı həyatı təsvir edən filmlərdəki qaranlıq, ən pis, iyrənc, boğucu şəraitlərə bənzədə bilərik. Əlbəttə, belə bir məkanda buna uyğun həyatdan da danışmaq olar. Cəhənnəm əhli eşidir, danışır, münaqişə edir, qaçmağa çalışır, odda yanır, əzabın yüngülləşməsini istəyir, susur, acıyır, peşmançılıq çəkir. Şüuru çox açıqdır.

Belə şəraitlərdə cəhənnəm əhli pis və iyrənc məkanlarda heyvanlar kimi yaşayır. Qida kimi yalnız zəqqum ağacını və ya darı tikanını tapırlar. İçmək üçün isə irin, qan və qaynar sudan başqa heç bir şeyləri yoxdur. Bu vaxt od onları hər tərəfdən əhatə edir. Yanan dərilərinin yerinə yeniləri yaranır. Beləliklə, odun verdiyi əzab azalmadan, daim davam edir. Dəriləri tökülmüş, ətləri yanmış, daxili orqanları qarışmış, bütün vücudları yanmış, qan və irin içində olduqları halda zəncirlənir və qamçılanırlar. Boyunduruğa salınır, əlləri boyunlarında cəhənnəmin içərilərinə atılırlar. Zəbani mələkləri tərəfindən odlu yataqlarda yerləşdirilirlər, üzərlərinə örtülən örtüklər də oddandır. Bu əzabdan xilas olmaq üçün daim fəryad edir, yalvarırlar, lakin onlara heç bir cavab verilmir. Heç olmasa bir günlüyə də olsa əzablarının yüngülləşdirilməsini istəyirlər, lakin müqabilində yenə də alçaldılma və əzab görürlər. Cəhənnəmin bu günləri dünyanın 24 saatlıq günlərinə də əsla bənzəməz.

Cəhənnəmdə baş verəcək bütün hadisələr gerçəkdir. Bu gün bizim yaşadığımız həyatdan da realdır.

Allaha onun tam olaraq istədiyi kimi deyil, birtərəfli ibadət edənlər ("Həcc" Surəsi, 11); "necə olsa da Allah bağışlayar" deyərək günah əməllər görüb müəyyən qədər əzab gördükdən sonra xilas olacaqlarını zənn edənlər ("Ali-İmran" Surəsi, 24); Allahdan başqasına ibadət edənlər; pul, mövqe, karyera kimi anlayışları həyatlarının əsas məqsədi halına gətirənlər; Allahın dinini öz istəklərinə görə dəyişdirənlər; Quranı öz şəxsi mənfəətlərinə görə şərh edənlər; imandan sonra yoldan azanlar, qısası, bütün inkarçılar, bütün müşrik və münafiqlər cəhənnəmə atılacaqlar. Allahın bu qəti sözü gerçəkləşəcək:

"Əgər biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: "Cəhənnəmi mütləq bütün (inkar edən) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq demişəm!" ("Səcdə" Surəsi, 13)

Bu insanlar da elə cəhənnəm üçün xüsusi olaraq yaradılmışdır:

"Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" Surəsi, 179)

Bütün bu hallarda artıq əbədi olaraq cəhənnəm əhlinin halına acıyacaq, onları oddan xilas edəcək, onlara kömək edə biləcək heç bir insan ola bilməz. Kafirlər yaddan çıxarılmalarının, tək qoyulmalarının, atıldıqlarının iztirabını çəkirlər. "Bu gün bax burada onun yaxın bir dostu yoxdur" ("Haqqə" Surəsi, 35). Qarşılarında isə yalnız əbədi həyatlarında onlara saysız əzab və işgəncələr verəcək "zəbanilər" adlandırılan əzab mələkləri var. Cəhənnəm əhlinə əzab vermək vəzifəsi daşıyan bu mələklər zərrə qədər də olsun mərhəmət hissinə malik deyil. Bunlar olduqca amansız, sərt, güclü və dəhşətli mələklərdir. Onlar aləmlərin Rəbbi olan Allaha iman gətirməyənlərdən layiq olduqları şəkildə intiqam almaq üçün yaradılıblar və öz işlərini qüsursuz şəkildə yerinə yetirirlər. Zəbanilərin cəhənnəm əhlindən kiməsə "iltimas" (güzəşt) etməsi, əzabı azaltması, inkarçı kafirləri gözlərindən yayındırması əsla mümkün deyil.

Hər bir insan belə bir təhlükə ilə qarşılaşa bilər. Əgər onu yaratmış Allaha nankorcasına qarşı çıxıb ən böyük günahı işləyərsə, o, cəhənnəm əzabı ilə cəzalandırılacaq. Bu səbəbdən də Allah insanları bu mövzuda xəbərdar edir:

"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir" ("Təhrim" Surəsi, 6)

"Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq!" ("Ələq" Surəsi, 15-18)

MƏNASIZ YALVARIŞLAR VƏ ÜMİDSİZLİK

Cəhənnəm əhli böyük bir çarəsizlik içindədir. Başlarına gəlmiş əzab həm qorxunc dərəcədə əzabverici, həm də əbədidir. Onlar burada yalnız sızıldayır və yalvarırlar. Hətta hər gördükləri insana yalvarırlar. Cənnət əhlini gördükləri zaman onlardan bir parça da olsa su və yemək istəyirlər. Allaha yalvararaq bağışlanmalarını diləməyə çalışırlar. Lakin bunların hamısı mənasızdır.

Onların yalvarışlarının bir hissəsi də cəhənnəmin gözətçiləri olan zəbanilərə yönəlib. İnkarçılar onlara hətta görünməmiş işgəncələr verən bu əzab mələklərinə də yalvarır və onlardan Allahla öz aralarında vasitəçilik etmələrini istəyirlər. Düşdükləri əzab o qədər ağırdır ki, bu əzabın bir günlüyə də olsa yüngülləşdirilməsi üçün yalvarırlar. Lakin onlara cavab verilmir:

"Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!" deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələrlə gəlməmişdilər?" Onlar: "Bəli, gəlmişdilər!" - deyə cavab verəcəklər. Onlara: "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası isə boş şeydir" ("Mumin" Surəsi, 49-50)

Bununla yanaşı Allahdan mərhəmət də diləyirlər. Lakin bu da mənasızdır:

"Onlar deyərlər: "Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də qayıtsaq, şübhəsiz ki, zalim olarıq". Allah buyurar: "Orada zəlil vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin! Çünki bəndələrimdən bir zümrə var idi ki, onlar: "Ey Rəbbimiz! Biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz onlara gülürdünüz. Həqiqətən, mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır!"" ("Muminun" Surəsi, 106-111)

Bu ayədən məlum olduğuna görə, bu, Allahın cəhənnəm əhlinə son xitabıdır (ən doğrusunu Allah bilir). Çünki Allah onlara "ora girin və mənə heç bir söz deməyin" dedikdən sonra artıq bunun əksi mümkün deyil. Bundan sonra Allah cəhənnəm əhlinə əbədi olaraq xitab etməz. Hətta bu vəziyyəti düşünmək də insan üçün çox qorxuludur.

Cəhənnəm əhli çığıra-çığıra əzab çəkərkən "xilas olub xoşbəxtlik əldə edən"lər, yəni möminlər isə cənnət nemətləri içindədirlər. Cəhənnəm əhlinin çəkdiyi mənəvi əzablardan biri də onların cənnət əhli ilə olan danışığıdır. İnkarçılar cəhənnəmin qorxulu əzabları içində işgəncə görərkən xüsusi bir məqsədlə yaradılan sistemlə cənnəti görür, oradakı böyük nemət və əzəmətə baxırlar. Dünyada xor baxdıqları möminlərin yüksək bir həyat tərzi keçirdiyini, gözəl məkanlarda, möhtəşəm evlərdə qeyri-adi dərəcədə cəlbedici qadınlarla birlikdə yaşadığını, ləziz yemək və içkilərdən daddığını görürlər. Özlərinin çəkdikləri əzab və alçaldılmanın əksinə olaraq möminlərin belə böyük nemət, dəyər və rahatlıq içində yaşamasının şahidi olurlar.

Bu isə onların əzabını daha da artırır. Onların peşmançılığı hədsizdir. Dünyada olarkən iman gətirməmələrinin, möminlərin əksinə olaraq Allahın hökmlərinə itaətsiz yanaşmalarının peşmançılığını çəkirlər. Belə bir vəziyyətdə cənnət əhli ilə əlaqə yaratmağa, onlardan kömək istəməyə də çalışırlar. Onların bu yalvarışları da mənasızdır. Bu vaxt cənnətdə olanlar da inkarçıların vəziyyətini görürlər və bu, onların Allaha şükür etməsini daha da artırır. Quranda cənnət və cəhənnəm əhli arasındakı danışıqlar belə ifadə edilir:

"Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; günahkarlar barəsində: "sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə dalanlarla birlikdə biz də dalardıq; haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər bu vəziyyətdə qaldıq". Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!" ("Muddəssir" Surəsi, 40-48)

ƏBƏDİ ƏZABDAN ХİLAS OLMAQ ÜÇÜN BİR ХATIRLATMA

Bu bölmədə özlərini və hər şeyi yaradan qüdrət sahibi Allahın varlığına inanan və Onu inkar edən insanların halından çox qısaca olaraq bəhs etdik. Lakin yaddan çıxarmaq olmaz ki, bu dediklərimiz insanların dünyaya gələndən bəri eşitdikləri cənnət və cəhənnəm təsvirindən fərqli bir məqsəd daşıyır. Bizim əsas məqsədimiz bəzi insanlara inamsız olaraq yaşadıqları bu həyatda çəkdikləri əzabın axirətdə də onlardan uzaq olmayacağını bir daha xatırlatmaqdır.

Əlbəttə, hər bir insan bu dünyada istədiyi kimi yaşayıb istədiyi yolu seçə bilər. Heç bir insan digərinə qarşı zorakılıq edə bilməz. Lakin Allahın varlığına və sonsuz ədalətinə iman gətirənlər kimi hamımızın vəzifəsi inkar edən və yaşadıqları şəraiti və gedişatı dərk etməyən insanları xəbərdar edib qorxutmaqdır. Çünki Allah öz ayələrində həmin insanların halını belə bildirmişdir:

"Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!" ("Tövbə" Surəsi, 109)

Bu dünyada Allahın ayələrindən üz çevirib onların elə özlərini yaradanı şüursuzcasına inkar edən insanlar axirətdə heç bir şəkildə xilas olmayacaqlar. Belə olan halda insanın vəzifəsi həqiqəti dərk etdiyi zaman vaxt itirmədən getdiyi yoldan - sonu əzab olan yoldan geri qayıdıb Allaha iman gətirməkdir. Əgər bunu etməsə, aşağıdakı ayələrdə ifadə edilən peşmançılıqla üzləşəcək:

"Kafirlər, yəqin ki, müsəlman olmalarını istərdilər! Qoy hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!" ("Hicr" Surəsi, 2-3)

Əbədi əzabdan və bu peşmançılıqdan xilas olmağın, Allahın rizasını və cənnətini qazanmağın yolu isə budur.

Gecikmədən Allaha qəlbən iman gətirmək və bütün həyatını Onun razı olacağı əməllərə sərf etmək...