İnkar edənlər

Alova çağıran ənənə: Ataların dininə bağlılıq


Alova çağıran ənənə: Ataların dininə bağlılıq

Bəzi insanların ömür boyu yaşadıqları mühitdən, ailələrindən, dostlarından təsirlənərək formalaşan və kökündə atalarının dini duran düşüncə tərzləri onların din əxlaqını mənimsəməsinə mane olur. Bu tip düşüncə tərzləri əksər hallarda tamamilə materialist təmələ əsaslanır və din adı altında üzə çıxan, lakin haqq dinlə heç bir əlaqəsi olmayan fikirlərdən  ibarət olur. Belə ki, Quranda din əxlaqını təbliğ edən peyğəmbərlərə və möminlərə atalarının dininə bağlı olan insanların verdiyi cavablar bildirilmiş, bu insanların ümumi xüsusiyyətləri xəbər verilmişdir. Elmdən təhsilə, iqtisadi quruluşdan ədalət sisteminə qədər hər sahədə keçmiş adət-ənənələrin davam etdirilməsinin tərəfdarı olan bu şəxslər din əxlaqının gətirdiyi ağıllı, ədalətli sistemə qarşı çıxmışlar. Ancaq qarşı çıxarkən müdafiə etdikləri fikirlər, adətən, ağıla və vicdana əsaslanan fikirlər olmamış, mənfəət, adət-ənənə əsas götürülmüşdür. Bu mühafizəkar təfəkkürlə Allahın vəhyini insanlara təbliğ edən elçilər də qarşılaşmışdır. Hz. Muhəmmədin (s.ə.v.), hz. İsanın, hz. Şüeybin, hz. Musanın, hz. İbrahimin, hz. Nuhun, hz. Hudun və bir çox elçinin təbliğindən üz çevirən bu insanlar Quranda bildirildiyinə görə, batil dinlərindən və inanclarından əl çəkməyəcəklərini söyləyiblər.

Rəbbimizin “ataların dininə bağlılıq” kimi bildirdiyi bu yanlış inanc dövrümüzdə də davam edir. Bəzi insanlar hələ də əcdadlarından qalan dünyagörüşünü, yanlış əxlaq anlayışını mühakiməsiz qəbul edərək əsrlər boyu davam edən bu inancabağlı qalırlar.

Ataların dininə bağlı qalmaq savab deyil, itkidir

Quranda elçilərin təbliği və qövmlərinin onlara verdiyi cavablarla bağlı ətraflı məlumat verilir. Elçilərin Allaha iman gətirmək üçün dəvət etdiyi bu şəxslər Quranda bildirildiyinə görə:“... Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik! (Zuxruf surəsi, 23)” - deyə cavab veriblər.

Həqiqətən də, iman gətirməyən insanların tutduğu yol əcdadlarının yolu, oxuduqları da əcdadlarının əsərləridir. Ondan başqa yol tutmur və atalarının ən doğru yolda olduqlarına inanırlar. Onların həyat tərzini özlərinə nümunə götürür, dedikləri hər sözün  nümunə olduğunu düşünürlər. Bu bağlılıq o qədər güclü olur ki, tutduqları yolun səhv olduğunu və atalarının xətalarının olduğunu onlara göstərmək istəyən insanları da özlərinə düşmən qəbul edirlər. Allah Quranda bunu aşağıdakı ayə ilə bildirmişdir:

... Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik. (Yunus surəsi, 78)

Atalarının dininə bağlılıq şüuru qapayır

Atalarının dininə tabe olan insanlar doğruluğunu araşdırmadan, vicdanla dəyərləndirmədən, sadəcə, illərdən bəri o şəkildə gördükləri üçün atalarının dinini davam etdirir, həqiqətlərə var gücləri ilə qarşı çıxırlar.

Allah inkar edənlərin bu davranışını:“...Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)” - ayəsi ilə bizə bildirir. Lakin onlar öz dinlərinə bağlı olduqlarına görə, atalarının yanıldığını düşünmür, doğru olanı eşitmək istəmir, elçinin dəvətindən üz döndərirlər. Ancaq bu davranışlarını əsaslandırmaq üçün heç bir tutarlı açıqlamaları yoxdur. Çünki elçi onları Allahın sözü olan Qurana dəvət edir. Rəbbimiz bu həqiqəti Quranda belə bildirir:

(Hər peyğəmbər öz ümmətinə) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 24)

İnsanlar atalarının dininə kor-koranə bağlı olduqlarına görə, Quran ayələrindəki hökmləri görməməzliyə vurur və Allahın vəhyinə əhəmiyyət vermirlər. Dünya həyatının nə qədər qısa olduğunu, bir müddət sonra ölüb kəfənə bürünərək torpağın altına qoyulacaqlarını və Allah dərgahında bütün əməllərinə görə sorğu-sual olunacaqlarını heç ağıllarına gətirmirlər.

Allah Quranda:“Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik... (Ənbiya surəsi, 44)” - ayəsilə iman gətirməyələrin yanıldığını bildirir. Ölümdən qaçan bu insanlar Allahın elçilərinə tabe olmadıqları üçün ziyana uğrayacaqlarını düşünməyərək böyük qəflət içində yaşayırlar.

Ataların dini ilə mübarizəyə Qurandan nümunə...

Quranda din əxlaqından üz çevirərək atalarının dininə tabe olanlara dair verilən nümunələrdən biri hz. İbrahimin qövmüdür.  Bu inkarçı qövm atalarının yolunu tutaraq bütlərə ibadət edirdi. Bu batil dinə olan bağlılıqlarına görə, hz. İbrahimin haqq din əxlaqına dəvətini qəbul etmirdilər. Allah Quranda hz. İbrahimin inkar edənlərlə əlbir olan atasına və qövmünə:“...Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz? (Ənbiya surəsi, 52)” - dediyini bildirir. Bundan sonra aralarındakı söhbətlər Quranda belə bildirilir:

“Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər”. (İbrahim) demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”.Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər.(İbrahim) demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlər­­dənəm. (Ənbiya surəsi, 53-56)

Daha sonrakı ayələrdə sözügedən qövmün onları Allaha iman gətirmələri üçün dəvət edən hz. İbrahimə inkarla cavab verdikləri bildirilir. Aralarındakı bu söhbətdən sonra hz. İbrahim bütlərinə tələ quracağını söyləmiş, onlar getdikdən sonra da onların sitayiş etdikləri bütün bütləri – böyük bütdən başqa – sındırmışdı. Daha sonra inkar edən qövmlə hz. İbrahimin arasındakı söhbət Quranda belə bildirilir:

Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”(Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər.“Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər.Onlar dedilər: “Tanrılarımızı sənmi bu kökə saldın, ey İbrahim?”(İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. (Ənbiya surəsi, 59-63)

Hz. İbrahimin bu dəvəti və ağıllı metodu qarşısında qövmü, əvvəlcə, tərəddüd etmiş və “vicdanlarına müraciət edib” zalımlıq etdiklərini bir anlıq qəbul etmişdilər (Ənbiya surəsi, 64). Ancaq daha sonra yenidən üz çevirmişdilər. Allah onların bu inkarını ayələrdə belə bildirir:

...  “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız?Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” (Ənbiya surəsi, 65-67)

Bu söhbətdən sonra imandan üz döndərən qövmü hz. İbrahimi öldürməyə, oda atmağa çalışmış, ancaq Rəbbimiz onların bu tələsini pozmuşdur. (Ənbiya surəsi, 68-70)

Ataların dini vicdanı kütləşdirir

Hz. İbrahim qissəsindən də göründüyü kimi, iman gətirməyən qövm üçün atalarının doğru yolda olması, etdikləri şeyin ağıllı, məntiqli olması vacib deyil. Çünki onlar doğrunu axtarmırlar. Doğru da olsa, yanlış da olsa, atalarının yolunu tuturlar. Bu təfəkkür isə vicdanın kütləşməsi və iradəsizliyin nəticəsidir. Sözügedən şəxslər doğru olanı gördükləri və iradəli olub düzgün olanı edə biləcəkləri halda, bundan çəkinib çoxluğu təqlid etməklə kifayətlənirlər.

Ancaq bu qədər dəyər verib hər şeydən üstün tutduqları atalarını qiyamət günündə yanlarında görməyəcəklər. Dünyada onları Allahın yolundan uzaqlaşdıran, şeytanın yoluna çağıran insanların hamısı məhşər günündə onları tək qoyacaq. Quranda bəzi insanların o günkü peşmançılığını belə bildirilir:

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!”Onlar dedilər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Əhzab surəsi, 66-68)

Atalarının dininə tabe olanlar qavrayışdan məhrum olurlar

Atalarının dininə tabe olan insanların əksəriyyətinə fikirlərinin yanlışlığı şifahi və yazılı şəkildə, müxtəlif formalarda izah edilsə də, bu inanclarından əl çəkmirlər. Çünki onlar atalarının dininə kor-koranə bağlanıb, ona görə də ağıl, qavrayış və mühakimə qabiliyyətlərini itiriblər. Beləliklə, kiçik uşağın belə asanlıqla görə bildiyi həqiqətləri görə bilmirlər. Allah inkarçıların görmə və qavrama qabiliyyətlərini itirdiklərini Quranda belə bildirir:

“Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır”. (Əraf surəsi, 179)

Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)

Onlara: “Allahın nazil etdiyinə və Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun? (Maidə surəsi,104)

Nəticə

Bir insan həyatı boyu “atalarının dininə” görə yaşaya, hətta din əxlaqına qarşı ola bilər. Ancaq  bu insan səmimi düşündüyü və vicdanının səsini dinlədiyi təqdirdə Quranın hökmlərinin nə qədər doğru, açıq və asan olduğunu görər. Tövbə etdiyində Allahın bütün keçmiş günahlarını bağışlayacağına ümid edə bilər. Unutmaq olmaz ki, insanın heç bir əcdadı onun üçün şəfaət edə bilməz. Kimsə Allahın hüzurunda bir başqasına fayda verə bilməz. İnsanların tək dostu və qoruyucusu aləmlərin Rəbbi olan Allahdır. Allah ayələrdə bu açıq həqiqəti qavramış insanlar haqqında belə buyurur:

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan (Allaha) çağırıram.Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırmaq haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər. (Ğafir surəsi, 42-43)

Tarix boyu təbliğ edərkən bütün elçilərin qarşılaşdığı ən böyük maneələrdən biri insanların Allah rizası və Allahı qorxusuna əsaslanan din əxlaqına uyğun yaşamaq əvəzinə din əxlaqına zidd olan fikirlərə və adətlərə kor-koranə bağlılıqları olmuşdur. Quranda iman gətirməyənlərin hər vəchlə müdafiə etdiyi, onlara təbliğ edilən din əxlaqını heç cür qəbul etməmələrinə səbəb olan bu ənənəvi din “ataların dini” adlandırılır.

Şeytanın oyununun nəticəsi olaraq haqq din əxlaqına deyil, atalarının dininə bağlanan bu insanların ən böyük səhvi isə atalarından qalan mirasdan bərk yapışaraq onu doğru hesab etmələridir.