Adamlıq DİNİ

"İNTELİGENT" XARAKTERİ


"İNTELİGENT" XARAKTERİ

Cəmiyyətdə "inteligent" adlandırılan bu xarakter cahil insanların böyük əksəriyyətini təsiri altına almış dindən kənar xarakterlərdən biridir. Təməl fəlsəfəsi inancsız həyat tərzini və düşüncəsini bütün dünyaya hakim etməkdir. Ancaq bir çox insan, xüsusilə də, gənclər bu yanlış fikirdən xəbərsiz olaraq yalnız cəmiyyətdə hörmət qazana bilmək üçün bu xarakterə sahib olurlar.

Bu mədəniyyəti, adətən, universitetlərdə müşahidə etmək mümkündür. Cəmiyyətdə, xüsusilə, incəsənətlə maraqlanan insanların bu xarakterə sahib olması kimi yanlış inanc mövcuddur. Buna görə də, orta məktəbdə fərqli xarakterdəki bir insan incəsənətlə bağlı universitetdə oxumağa başladıqda dərhal bütün xüsusiyyətlərini dəyişir. Geyim tərzindən saç modelinə, zövq və vərdişlərinə qədər bütün stilinə "inteligent" xüsusiyyətlərini qatmağa çalışır. Çünki cahil cəmiyyət ona sənətkarın yalnız belə stillə müvəffəqiyyət qazanacağı təlqinini verir. Bu şəxslər sonrakı həyatlarında bu imicin tələb etdiyi hər şeyi etməyə hazırdırlar. Günlərini "inteligent məkanları" adlanan, siqaret tüstüsünün hakim olduğu qaranlıq yerlərdə, ya da barlarda"söhbətlər " edərək keçirirlər. Özlərini cəmiyyətin ziyalı və qabaqcıl insanları hesab edərək insanlığı xilas etmək üçün həll yolları təklif edirlər. Ancaq bütün bunlar hikmətsiz, uzun və nəticəsi olmayan müzakirələrdən ibarət olur. Düşünmək, məntiqlər irəli sürmək və buna uyğun həyat yaşamaq onlar üçün çox mühümdür. Beləliklə, digər insanlardan fərqli olacaqlarını düşünürlər. Çəkdikləri şəkillərdə, düzəltdikləri heykəllərdə, yazdıqları kitablar və mahnılarda bu xüsusiyyəti göstərməyə çalışırlar. Halbuki, baxdıqda əsərlərinin əksəriyyətinin "inteligentlik" adı altında ruhsuzluğu təmsil etdiyi görünür. Həqiqi və dərin gözəlliklərə aid anlayışları yoxdur, ümumiyyətlə, əsərlərində qaranlıq və pessimist ruh hakimdir.

İzlədikləri filmlər, oxuduqları kitablar həmişə inteligent xüsusiyyətlərini əks etdirə bilmək üçündür. Demək olar ki, bunların çoxundan özləri də zövq almırlar. Bəzən də "inteligentliyin" bir qaydası olaraq oxuyan görünmək üçün heç baxmadıqları halda, kitabı əllərində tutur və içindən əzbərlədikləri bir neçə şablon cümlələri söyləyirlər.

Filosoflardan eşitdikləri bir neçə sözü əzbərləyib görüşdükləri yerlərdə tez-tez dilə gətirirlər. Soruşanda isə bütün filosofların dediklərini araşdırdıqlarını və hətta bu mövzuda mütəxəssis olduqlarını söyləyirlər. Halbuki, böyük əksəriyyətinin əslində heç bir məlumatı yoxdur.

Orijinal olma niyyətləri əxlaqlarında da qəti dəyişikliklər etməyə səbəb olur. Ailə və evlilik anlayışlarının əhəmiyyətsiz, yalnız azad yaşamağın müasirlik və mədəniyyət əlaməti olduğu düşüncəsini müdafiə edirlər. 

Daxili aləmləri çox qaranlıqdır. Xarakterlərinə və bütün həyatlarına ruhsuzluq hakimdir. Qəlb qaraldan yerlərdən, boğucu mühitlərdən, qarışıqlıqdan və qanunsuzluqdan xoşlanırlar. Yaşadıqları mühitlər bütün xüsusiyyətləri ilə bu ruh hallarını əks etdirir. Hər yerə içki qutularının atıldığı, geyimlərin, kitabların üst-üstə qoyulduğu dağınıq mühitlərdə, paltarları çirkli halda həyatlarını davam etdirirlər.

Ümumiyyətlə, yaşadıqları bu həyatdan heç zövq ala bilmirlər. Çünki Allah dinsizliyi insanın sıxıntı çəkəcəyi və bədbəxt olacağı tərzdə yaratmışdır. Heç kimin qanunlara əməl etmədiyi, buna görə də, hamının bir-birinin haqqlarını tapdaladığı, nizam-intizamın olmadığı, dinin əmr etdiyi insani və əxlaqi xüsusiyyətlərin yaşanmadığı mühitin zərəri ən başda özlərinə toxunur. Beləliklə, hədəflədikləri həyatın kiçik bir hissəsini yaşamaları belə bu zərərlərlə qarşılaşmaları üçün kifayətdir.

İnsanlara əsl şan-şərəf qazandıracaq şey isə Allah’ın insanlar üçün endirdiyi haqq dindir. İnsan ancaq bu dinə tabe olduqda rahat yaşaya bilər və həyatdan Quran əxlaqını yaşadığı təqdirdə həqiqi zövq ala bilər.