Axırzaman və MEHDİ (əs)

Mehdilik nə deməkdir?


Mehdilik nə deməkdir?

Axırzaman və Mehdiyyət anlayışları bəzi insanlar üçün çox tanış olmaya bilər. Bu səbəblə əvvəlcə bu iki anlayışı açıqlamaq lazımdır. Axırzaman sözü "son dövr" mənasına gəlir. İslama görə axırzaman qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və insanlar arasında çox geniş yayılacağı bir dövrü ifadə edir.

İnsanların xəyalında hər zaman üçün daha gözələ, daha yaxşıya meyilli bir həsrət var. Daha gözəl bir mənzərə, daha gözəl bir yemək, daha yaxşı və ictimai problemlərin yaşanmadığı bir həyat, rifah, dinclik, bolluq, gözəllik… Məhz axırzaman da bütün bu "daha yaxşı", "daha gözəl" anlayışlarını içində cəmləşdirən əsri ifadə edir. Axırzaman çətinliyin və qıtlığın yerini bolluğun və bərəkətin, ədalətsizliyin yerini ədalətin, əxlaqsızlığın yerini gözəl əxlaqın, qarışıqlığın yerini sülhün və dincliyin aldığı və bütün inanan qulların əsrlərdir həsrətini çəkdikləri, İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu dövrü və xüsusiyyətlərini açıqlayan çox mühüm məlumatlar var. Peyğəmbərimizin (s.ə.v.) ardınca bəzi İslam alimləri də axırzaman haqqında çox mühüm açıqlamalar veriblər. Bu açıqlamalara baxdıqda, axırzamanın bir-birini izləyəcək bir sıra əhəmiyyətli hadisələrlə dolu olduğunu görürük. Axırzaman dünyanın əvvəl böyük bir qarışıqlıq yaşadığı, ancaq sonra da əsl dinin yaşanması ilə qurtuluşa qovuşduğu bir dövrdür.

Axırzamanın ilk mərhələsində dünya Allah’ı inkar edən bir sıra fəlsəfi sistemlər səbəbindən degenerasiyaya məruz qalacaq. İnsanlar yaradılış məqsədlərindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma meydana gələcək. Böyük fəlakətlər, müharibələr və ağrılar yaşanacaq, insanlar "necə xilas olarıq?" sualının cavabını axtaracaqlar.

Axırzamanın bu dövrü eyni zamanda dinin də degenerasiya edildiyi bir dövrdür. İslam dini bəzi xurafatlar və batil inanclar səbəbiylə əslindən uzaqlaşdırılmışdır. Dindarlıq adı altında mühafizəkarlıq və ikiüzlülük edən bəzi şəxslər bu xurafatları daha da yaymaq üçün çalışır, İslamın özündəki gözəl əxlaqın qavranmasına mane olurlar. Bir tərəfdə ateizmi və dinsizliyi təlqin edən fəlsəfələr, digər tərəfdən də dini içdən məhv edən bu mühafizəkar qüvvələr insanlığı böyük bir qaranlığa aparmışdır.

Ancaq Allah axırzamanın bu böyük qarışıqlığı içindəki insanları qurtuluşa çatdıracaq. Yolunu azmış insanlığı doğru yola dəvət etmək üçün "Mehdi" (doğruya aparan) ismini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək. Mehdi əvvəl İslam dünyasının içində fikri mübarizə aparacaq və İslamın əslindən qopmuş müsəlmanları əsl imana və əxlaqa yönəldəcək. Mehdinin üç əsas vəzifəsi var:

1. Allah’ı inkar edən və dinsizliyi dəstəkləyən fəlsəfi sistemlərin məğlub edilməsi.

2. İslamı onu degenerasiya etmiş ikiüzlü şəxslərin təsirindən qurtararaq xurafatçılığa qarşı mübarizə aparılması. Quranın hökmlərinə əsaslanan həqiqi İslam əxlaqının ortaya çıxarılması və tətbiq olunması.

3. Bütün İslam dünyasını siyasi və ictimai yönlərdən gücləndirməsi, dinclik, təhlükəsizlik və rifah təmin etməsi, ictimai problemləri həll etməsi.

Hədislərdə bildirildiyinə görə, Mehdi ilə eyni dövrdə dünyaya yenidən qayıdan hz. İsa isə xüsusilə xristian və yəhudi dünyasına xitab edəcək, onları xurafatlardan xilas olub Qurana görə yaşamağa çağıracaq. Xristianların hz. İsaya təslim olması ilə birlikdə Müsəlman və xristian dünyası tək bir inancda birləşəcək və dünya "Qızıl Əsr" olaraq xatırlanan sülh, təhlükəsizlik, xoşbəxtlik və rifah dövrü yaşayacaq.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində axırzamanın başlanğıc əlamətləri ilə bağlı müxtəlif məlumatlar mövcuddur.  Quranda da bu dövrə işarə edən ayələr var. Bu hissədə müxtəlif axırzaman əlamətləri hədislər və Quran ayələri vasitəsilə açıqlanır.