Quran

Qurana əsaslanan cəsarətlə cəmiyyətdəki cəsarət anlayışının fərqi


Qurana əsaslanan cəsarətlə cəmiyyətdəki cəsarət anlayışının fərqi

Cəsarət də digər bir çox anlayış kimi din əxlaqından uzaq cəmiyyətdə Qurandakı mənasından fərqli qəbul edilən və yaşanan anlayışlardandır. Şübhəsiz, cəsarətlə əlaqədar hərə bir söz söyləyə bilər, ancaq hər mövzuda olduğu kimi, bu mövzuda da ən doğru məlumat Quranda verilir.

Bütün insanlar müxtəlif zamanlarda cəsarət göstərə bilərlər. Lakin insanların cəsur davrandıqları hallar, bu cür davranmaqdakı məqsədləri və göstərdikləri cəsarətin hədləri Quranda xəbər verilənlərdən çox fərqlidir.

Quran əxlaqını yaşamayan, Allah`ın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan biri ilə müsəlman olan birinin cəsarət haqqındakı fikirləri bir-birindən fərqlidir. Müsəlman cəsarəti Quranda xəbər verildiyi kimi izah edərkən, Quran əxlaqı və Allah`ın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan birinin düşüncələri təbii ki, fərqli olar. Məsələn, filmlərdə tez-tez rastlaşdığımız kimi şosedə sürətlə hərəkət edən maşınların arasında tərs istiqamətdə hərəkət etmək böyük cəsarət nümunəsidir.

Universitetdə oxuyan tələbələrin cəsarət anlayışları daha fərqlidir. Müəllimlə mübahisə edən tələbə digərlərinə görə daha cəsurdur. Aqressiv, qaydalara riayət etməyən tələbənin də cəsur olduğunu düşünürlər. Məsələn, məktəbə məktəbli geyimi ilə gəlməli olduğu halda fərqli geyimdə gələn şagird böyük cəsurluq etmiş olur. İmtahanda yoldaşlarından kömək istəmək də bu cür insanlara görə cəsarət örnəklərindəndir.

Cahil cəmiyyətdə iş adamları üçün cəsarət anlayışı ticarətdə özünü riskli hallara salmağı deməkdir. Məsələn, birjada külli miqdarda pul qoymaq bu insanlar üçün böyük cəsarət nümunəsidir. Bundan başqa, yeni iş sahəsinə sərmayə qoymaq da ən cəsur insanların işidir.

Qısaca, din əxlaqı mənimsənməyən cəmiyyətlərdə insanlar cəsarət anlayışını yaşadıqları mühitə uyğun izah edirlər. Bu insanlar Quranı deyil, şəxsi prinsip və vərdişlərini rəhbər etdikləri üçün cəsarətlə əlaqədar düşüncələri də fərqli olur. Məsələn, kasıb şəxslərlə imkanlı şəxslərin cəsarətlə əlaqədar izahları fərqli olur. Evdar qadınla siyasətçi şəxsin də cəsarət anlayışları tamamilə fərqlidir.

Bu kimi nümunələri fərqli cəmiyyətləri misal çəkərək çoxaltmaq olar, ancaq onların hamısının cəsarət dedikdə anladıqları anlayış cəmiyyətin qəbul etdiyi ümumi qaydaları pozaraq fərqli hərəkətlər etməkdir.

Quran əxlaqının hakim olmadığı bu cəmiyyətlərdə cəsarət anlayışının həddi yoxdur. Oğru da özünü cəsur adlandırır, etdiyi hərəkətin cəsarət tələb edən iş olduğunu deyir. Çünki Quranı rəhbər etməyən insanların onlarla, hətta yüzlərlə rəhbəri var. Hərə hadisələri öz dünyagörüşünə görə dəyərləndirir və fərqli fikir irəli sürür. Hamı öz fikrinə üstünlük verdiyi üçün cəmiyyətdə qarışıqlıq olur. Heç kim başqalarının fikrini bəyənmir. Quran əxlaqı yaşanmayan cəmiyyətlərdə hərənin öz fikrinə üstünlük verməsindən, yalnız öz mühakimələrini bəyənməsindən qaynaqlanan qarışıqlıqlar, münaqişələr mütləq baş verir.

Halbuki, Quran rəhbər edilsə, Allah`ın bildirdiyi ən gözəl və ən doğru olan yeganə əxlaq modeli yaşanar. Quranda bəhs edilən həqiqi cəsarət isə yuxarıda saydıqlarımızdan çox fərqlidir. Quranda bəhs edilən cəsarət Allah`a inamdan qaynaqlanan, həyatın hər anında təvəkkülün nəticəsi olaraq formalaşan sağlam xarakterdir. Bu sağlam xarakterlə əlaqədar ən gözəl nümunələri isə -sonrakı səhifələrdə də bəhs edəcəyimiz kimi- Peyğəmbərimizin (s.ə.v) həyatında və Allah`ın Quranda həyatlarından nümunələr verdiyi digər peyğəmbərlərin həyatlarında görə bilərik. Cəsarətin nə demək olduğunu Qurandan öyrənib anlamaq lazımdır. Quran cəsarətin ağıllı, düşünülmüş addım olduğunu bildirir. Allah insanlara düşünüb anlamalarını tövsiyə etmiş, düşünməyənlər üçün bir ayədə bu cür buyurmuşdur:

Heç kəs Allah`ın izni olmadan iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər. (Yunis surəsi, 100)

Düşünülmüş cəsarətlə nailiyyət qazanmaq olar. Cəmiyyətdə göstərilən cəsarətdə isə risk vardır. Bu cəmiyyət riskə gedən və dəlicəsinə hərəkət edən insanları təqdir edir. Məsələn, qiymətli əşyaları çıxarmaq üçün alovların arasından keçib yanan evə girən insan çox cəsur hesab edilir. Halbuki, bu insan çox təhlükəli və ağılsız iş görür. Onu təqdir etmək əvəzinə mane olub, xəbərdar etmək lazımdır. Belə ki, insan həyatı dünya malından daha əhəmiyyətlidir.

Cəsarətin Quran əxlaqına uyğun olaraq yaşanmasındakı ən əhəmiyyətli ünsür ağıldır. Ağıllı olmaq isə Allah`dan qorxmaqla mümkündür. Allah Özündən lazımi şəkildə qorxanlara doğrunu yanlışdan ayırmaq bacarığı verir. Allah qorxusu ilə artan bu bacarıq nəticəsində hər zaman doğrunu yanlışdan fərqləndirə bilərik. Bu həqiqət Quranda bu cür xəbər verilir:

Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Quranda ağıla çox əhəmiyyət verilir. Möminlər bütün hərəkətlərində olduğu kimi, cəsarət göstərdikləri zaman da ağılla hərəkət edirlər. Möminin cəsarəti romantik cəsarət deyil. Bəzən çox böyük risklər də edə bilər, amma anidən hisslərinə qapılaraq düşüncəsizliklə risk etməz. Hər hərəkətində olduğu kimi, bu hərəkətində də mütləq ağıl var. Kor-koranə, ağılsız cəsarət göstərməz.

Allah qorxusu bütün mövzularda olduğu kimi, bu mövzuda da çox əhəmiyyətli meyardır. Allah qorxusu olmayan biri çox asanlıqla insanlara zərər verər, öz mənfəəti üçün başqalarının haqlarına təcavüz edə bilər. Bu insanların cəsarət anlayışı ilə Quranda xəbər verilən cəsarət anlayışı bir-birinə tamamilə ziddir.

Bu düşüncəyə sahib olan insanlar başqalarının haqqını yeyərək mənfəət əldə etməyi və bununla qanunlara qarşı çıxmağı, heç kimə hiss etdirmədən gizli işlər görərək zəngin olmağı cəsarət zənn edərlər. Utanmadan bu cür əxlaqsızlıqlar etməyi, dünyəvi mənfəətlər uğrunda digər insanlara zülm etməkdən çəkinməməyi, heç kimə tabe olmamağı üstünlük sayarlar. Halbuki, Allah yer üzündə münaqişə çıxarmaq, insanlara zülm etmək, insanların haqqına girmək və bu kimi hərəkətlərin hamısından insanları çəkindirmiş və onlara bu hərəkətlərin hesabını axirətdə verə bilməyəcəklərini xəbər vermişdir. Cəsarət gözəl əxlaqla birlikdə həqiqi mənasını qazanır. Dövlətin və qanunların əleyhinə göstərilən cəsarət isə çirkin cəsarətdir. Bu cəsarət nümunəsi gözəl əxlaqa, Allah`ın Quranda xəbər verdiyi müsəlman modelinə uyğun deyil.

Cəsarət Allah`ın rizasını qazanmaq üçün göstərilir. Möminlər Allah rizası üçün canlarından və mallarından keçirlər. Əslində, bu inanan insanların sonradan aldıqları qərar deyil. Onlar bu qərarı iman etdiklərini dedikləri anda vermişlər:

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır. Allah`dan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 111)

Əvvəlcədən bu qərarı verdikləri üçün önlərinə çıxan hər fürsətdə verdikləri qərarı tətbiq edirlər, möminlərin tətbiq etdikləri bu cəsarət Allah`ın əmr etdiyi cəsarətdir. Buna görə də möminlər böyük cəsarət tələb edən hərəkətləri olduqca soyuqqanlı, təvəkküllü və qorxmadan edə bilirlər. Çünki möminin Allah`ın razı qalacağı işi yerinə yetirmək lazım olduğu zaman imtina edə bilməyəcəyi və gözə almayacağı heç nə yoxdur.

Onsuz da insana canını və malını verən Allah`dır. Öz diləməsi ilə bunları insanlara verdiyi kimi, istədiyi zaman, istədiyi kimi geri almaq yenə də Allah`a məxsusdur. Bundan başqa heç nəyin təsadüfən meydana gəlmədiyi də unudulmamalıdır. Quran əxlaqını yaşayan, Allah üçün cəsur və qərarlı olan insan qədərində yazılandan başqasını yaşamaz. Bu isə dünyada və axirətdə özü üçün ən xeyirli olandır. İnsan hər hansı bir çətinlik qarşısında cəsarətli davranarsa, qarşılaşacağı nəticə necə olursa olsun özü üçün ən xeyirlisidir. Çünki Allah Quranda inanan qullarının işlərini mütləq xeyirlə nəticələndirəcəyini xəbər vermişdir.

Quranda həqiqi cəsarətin ən gözəl şəkildə izah edilir. Peyğəmbərlərin və möminlərin həyatlarından verilən nümunələr isə Allah`ı razı salmaq üçün göstərilən cəsarətin üstün bir keyfiyyət olduğunu göstərir.

Gördüyümüz kimi, Quranda bəhs edilən cəsarətlə, cəmiyyətdə qəbul edilən cəsarətin ən əhəmiyyətli fərqi məqsəddir. Quranı incələdiyimiz zaman cəsarət anlayışının cəmiyyətdə qəbul edilənlərdən çox fərqli məqsədləri olduğu aydın olur. Quranda bəhs edilən cəsarətin məqsədi insanların təqdirini qazanmaq və nəfsinin istəklərini təmin etmək deyil. Məqsəd sadəcə Allah`ın rizasını qazanmaqdır.

Əlbəttə, bu, cəmiyyətdə tətbiq edilən cəsarətlə Quranda bəhs edilən cəsarət anlayışının arasında böyük fərqlərin yaranmasına səbəb olur. Belə ki, cəmiyyətdə qəbul edilən cəsarət anlayışında əvvəl də qeyd etdiyimiz kimi, dünyəvi hədəflər var. Yəni insan cəsarətli davranarkən axirəti deyil, dünyanı düşünür. Bəlkə də, gözəl və faydalı bir iş görür, məsələn, az qala maşının altında qalan uşağı ölümdən xilas edir, amma buradakı əsas məqsədi öz vicdanını rahatlatmaqdır. Yaxud camaatın gözü önündə haqsızlığa uğrayan birini müdafiə edir. Etdiyi hərəkət gözəldir, lakin məqsədi oradakıların təqdirini qazanmaqdır. Halbuki, bu hərəkət Allah rizası düşünülərək edilsə, Allah qatında dəyərli olar.

Bu həqiqəti bir an belə unutmayan müsəlmanların göstərdikləri cəsarət dünyəvi məqsədlərlə və mənfəətlərlə bağlı olmaz. İnsanlar tərəfindən cəsur kimi tanınmaq, cəsur adlandırılmaq üçün cəhd etməzlər. Allah üçün göstərdikləri cəsarəti Allah`ın bilməsi onlar üçün kifayətdir.