İnsan ruhu

Beynimizdə qavradığımız dünya


Beynimizdə qavradığımız dünya

Yaşadığımız dünyaya aid hər cür xüsusiyyəti və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar mərhələli bir proses nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin müvafiq nöqtələrinə ötürülür. Bu ötürülmə nəticəsində biz məsələn, bir kitab görür, çiyələyin dadını hiss edir, cökə ağaclarını qoxulayır, ipək bir parçanın toxunuşunu hiss edir və ya küləkdə yellənən yarpaqların xışıltısını eşidə bilirik.

Aldığımız təlqinlə həmişə bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm uzaqlıqdakı kitabı oxuduğumuzu, metrlərlə uzaqdakı cökə ağaclarının qoxusunu hiss etdiyimizi və çox yüksəklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Halbuki, bu saydıqlarımızın hamısı bizim içimizdə reallaşan hadisələrdir. Kitabın görünüşündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə meydana gəlir.

Bu hissədə heyrətamiz bir həqiqətlə qarşılaşırıq: Beynimizdə əslində, nə rənglər, nə səslər, nə də görüntülər var. Beynimizdə tapa biləcəyimiz tək şey elektrik siqnallarıdır. Bu fəlsəfi fikir deyil, qavrayışlarımızla bağlı elmi açıqlamadır. Məsələn Mapping The Mind (Zehnin Xəritəsini Çəkmək) adlı kitabında məşhur yazıçı Rita Carter dünyanı necə qavradığımızı belə açıqlayır:

Hər bir duyğu orqanı özünə uyğun gələn xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya siqnallar şəklindədir. Bütün bu müxtəlifliklərinə baxmayaraq, duyğu orqanları əsasən eyni funksiyanı yerinə yetirirlər: özlərinə xas xəbərdarlıqları elektrik siqnallarına çevirirlər. Bu isə sadəcə bir xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Beethovenin Beşinci Simfoniyasının ilk notu deyil - yalnız bir elektrik enerjisidir. Əslində, bir duyğunu digərlərindən fərqli hala gətirmək əvəzinə, duyğu orqanları hamısını eyni hala, yəni elektrik siqnallarına çevirirlər.
Elə isə bütün duyğulara aid xəbərdarlıqlar, bir-birindən tamamilə fərqlənməyən formada beyinə elektrik cərəyanları şəklində daxil olur və buradakı sinir hüceyrələrini oyadırlar. Bütün hadisə bundan ibarətdir. Bu elektrik siqnallarını təkrar işıq dalğalarına və ya molekullara çevirən bir geri çevrilmə sistemi yoxdur. Bir elektrik cərəyanının görüntüyə və başqa birinin qoxuya çevrilməsi isə bu elektrik cərəyanının hansı sinir hüceyrələrinə təsir etməsindən asılıdır. Rita Carter, Mapping The Mind, University of Kaliforniya Press, London, 1999, s. 107