AXİRƏT

DÜNYANI AXİRƏTDƏN ÜSTÜN TUTANLAR


DÜNYANI AXİRƏTDƏN ÜSTÜN TUTANLAR

Keçmişdə kralların, hökmdarların, fironların bir çoxu əldə etdikləri var-dövlətin onları ölümsüz edəcəyini zənn etmiş, hətta mallarının bir qismini də özləri ilə birlikdə məzara dəfn etmişlər. Var-dövlətdən daha üstün bir dəyər ola biləcəyinə heç ehtimal verməmişlər. Bunları görən digər insanlar da doğru yolun bu olduğunu düşünmüş və bu insanları üstün hesab etmişlər. Halbuki, dünyada zövq və səfa içində yaşayan kimi görünən bu insanların sonu heç də ümid etdikləri kimi olmamışdır.

Ancaq bu insanlar çox önəmli bir şeyə laqeyd yanaşıblar. Bütün var-dövlət və "dəyər" verilən hər şey yalnız Allah’a aiddir. Mülkün əsl sahibi olan Allah istədiyi insana istədiyi miqdarda mülkündən pay verir. Verdiklərinin qarşılığında insanların Özünə şükr etməsini və lazımi kimi qulluq etməsini istəyir. Allah’ın var-dövlət verdiyi birinin mülkünü yenə Allah’dan başqa heç kim azalda bilməz və əlindəkiləri aldığı insana da heç kim heç bir kömək edə bilməz. Bunların hamısı Allah’ın dünyada yaratdığı imtahan mühitinin bir hissəsidir. Ağlı və şüuru açıq olan mömin bunu bilir. Özünü yaradan Allah’ı və Ona hesab verəcəyini unudan insan isə bundan tamamilə qafildir.

DÜNYADAKI VAR-DÖVLƏT VƏ ETİBAR HƏQİQƏTƏN VACİBDİR?

Bir çox insan dünyada əksiksiz bir həyat quraraq, çox mükəmməl yaşayacağını zənn edir. Hesab edir ki, xəyal etdiyi zənginliyə sahib olduqdan sonra xoşbəxt olacaq, istədiyi etibarı qazanacaq, bu vəziyyət həyatının sonuna qədər də belə davam edəcək. Halbuki, Allah’ı və axirəti unudan bir insanın heç vaxt tam istədiyi, xəyalını qurduğu kimi bir həyatı ola bilməz. Çünki istədiyi ilk şeyə qovuşduqda daha da yaxşısını və çoxunu istədiyini anlayar. Pulu olar, kifayətlənməz, daha çoxunu qazanmaq üçün çalışar. Evi olar, bəyənməz, daha çox xoşuna gələn bir ev görüb onu almaq üçün səy göstərməyə başlayar. Hər il dəyişən zövqlərinə görə evinin içini də, öz paltarlarını da bəyənməz, davamlı olaraq daha gözəl mebellərin və geyimlərin xəyalını qurar. 

Şüurlu bir insan bunu düşünməlidir: ən çox evi olan, ən bahalı avtomobilləri alan, ən çox paltarı olan, qısaca, ən varlı adamın da yaşayacağı ev, istifadə edəcəyi avtomobil, yeyəcəyi yemək, yatacağı çarpayı, geyəcəyi paltar məhduddur. Dünyanın ən böyük sarayında yaşayan bir insan eyni anda neçə otaqda birdən otura bilər və ya ən gözəl paltarlara sahib insan bir dəfədə bu paltarların neçəsini üst-üstə geyə bilər? Bu insanların həyatlarına baxdıqda görürük ki, onlarla otaqdan ibarət olan villalara sahib olsalar belə, eyni anda bütün otaqları istifadə edə bilməyəcəkləri üçün evlərinin ən çox bir otağında otura bilirlər. Şkaflarla dolu olan paltarları olsa da, eyni anda yalnız bir paltarı geyə bilirlər. Allah’ın yaratdığı minlərlə növ yeməyə sahib olasalar belə, ən çox 2-3 qab yemək yeyə bilirlər; daha çoxunu yeməyə çalışsalar bu, onlar üçün işgəncə halına çevrilər…