AXİRƏT

AXİRƏT ÜÇÜN “CİDDİ SƏY” GÖSTƏRMƏK


AXİRƏT ÜÇÜN “CİDDİ SƏY” GÖSTƏRMƏK

 

Bir insanın dünyaya gəlməsi, yaşaması Allah’ın istəyi ilə reallaşır. Bu həqiqəti dərk edən insan üçün Rəbbimizə duyulan böyük sevgi və Onun razılığını qazanmaq çox vacibdir. Çünki Rəbbinin razılığını qazanmaq, Onun sevgisinə və rəhmətinə layiq olmağa çalışmaq insanın ən vacib işidir. 

Allah’ın razılığını qazanmaq axirət həyatını qazanmaq üçün bir vasitə olduğu kimi, eyni zamanda insana xoşbəxtlik və hüzur verən yeganə yoldur. Allah’ın əzəmətini, böyüklüyünü lazım olduğu kimi tanıyıb təqdir edə bilməyərək insanların razılığını axtaranlar və ya boş hədəflər ardınca qaçanlar, həqiqətən, heç vaxt xoşbəxt ola bilməzlər. Halbuki, Allah’ın razılığı bir insanın qəlbinin rahatlıq tapacağı ən böyük sevinc və xoşbəxtlikdir. Quran ayələrində bu belə bildirilir: 

Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allah’ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 27-28) 

Bir çox insanın əsl xoşbəxtliyə sahib ola bilməməsinin səbəbi Quran əxlaqını yaşamamaları, dünya həyatının əsl məqsədini və axirətin varlığını unutmalarıdır. Halbuki, Allah sevgisini coşğulu şəkildə yaşayan və cəhənnəmin varlığından əmin olan bir insan dünya həyatının əsl məqsədini heç vaxt unuda bilməz.

Bunu bir nümunə ilə daha yaxşı düşünə bilərik: Sonsuz cəhənnəm odunun yaxınında olub dünya həyatından sorğuya çəkilən bir insan yalnız Allah’dan kömək istəyər və yalnız Allah’ın razılığını düşünər. Tanıdığı hər hansı birinin düşüncəsi və ya özünə yaxınlığı onun üçün bir əhəmiyyət daşımaz.

Cəhənnəm atəşini görən insanlar üçün dünyada sahib olduqları mülkün və ya tanıdığı insanların heç bir əhəmiyyətinin qalmadığı aşağıdakı ayələrdə belə bildirilir:

Dost dostunun halını xəbər almayacaq. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur – (Məaric surəsi, 10-15)

Rəbbimizin Quranda bildirdiyi kimi, bir insan həyatını Allah’ın razılığını qazanmaq üçün yaşamalıdır. Bu isə davamlı olaraq vicdanın səsini dinləmək və Quran əxlaqına tabe olmaqla mümkün olar.

Möminlərin Allah’ın razılığını və cənnətini qazana bilmək üçün həyatları boyu “ciddi səy” göstərmələri onların uca Allah’a olan sədaqətlərinin bir göstəricisidir. Rəbbimiz  Quran-i kərimdə möminlərə Allah’ın razılığını və axirətini qazanmaq üçün “ciddi səy” göstərməklə məsul olduqlarını buyurmuşdur. Möminlər həm öz nəfslərini imani baxımdan yetkinləşdirib Allah’ı razı salmaq, həm də Allah’ın Quran-i kərimdə təsvir etdiyi gözəl əxlaqı insanlara izah etmək üçün “bu ciddi səyi” göstərirlər. Möminlərin səyi onların Allah’a olan təslimiyyətlərinin qazandırdığı  “güc və əzm” sayəsində ortaya çıxır. Allah’a qarşı duyduqları sevgi nə qədər güclü olsa, Allah’ın onların qəlblərinə hiss etdirəcəyi şövq və həyəcan da o qədər güclü olacaq. Beləcə möminlər həm nəfslərini tərbiyə etmiş olacaq, həm də Allah’ın razı olacağı bir insan ola bilmək üçün lazım olan şövqə sahib olacaqlar. Uca Allah Quran-i kərimdə möminlərə Öz yolunda ciddi səy göstərmələrini belə nəsihət etmişdir: 

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19) 

Möminlər ilk olaraq öz nəfslərini Allah’ın razı olacağı bir hala gətirmək üçün ciddi səy göstərirlər. İnsanın öz istəklərinə və ehtiraslarına görə deyil, tamamilə Allah’ın istədiyi şəkildə hərəkət etməyə çalışması, şübhəsiz ki, ancaq Rəbbimizə qarşı duyulan səmimi bir bağlılıqla mümkündür. Möminlər Allah’ın "Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur." (Maidə surəsi, 105) ayəsinin tələbi olaraq, dünyada ən böyük məsuliyyətlərdən birinin öz nəfslərini tərbiyə etmək olduğunu anlayırlar. Həyatları boyu onlara davamlı olaraq pisliyi əmr edən və Allah’ın razılığından uzaqlaşdırmağa çalışan bu azğın güclə mübarizə aparırlar. Nəfslərinin mənfi təlqinlərinə qarşı olduqca diqqətli olur və Allah’ın razılığına uyğun olmayacaq hərəkətlərdən uzaqlaşırlar.

Peyğəmbərimiz də (s.ə.v.) "Möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaqdır. Şübhəsiz ki, Allah Təala işi və sözü çirkin olan və həyasızca danışan kimsəyə nifrət edər" (G. Əhməd Ziyaüddin, Ramiq Əl Hədis, 1-ci cild, Qönçə Nəşriyyat, İstanbul, 1997, 15/9) və "Ruhumu qüdrət altında tutan Allah’a and içirəm ki, cənnətə yalnız gözəl əxlaq sahibləri girər" (Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhyası Ulum'id-din, 2-ci cild, Tərcümə: Dr. Sıtkı Gülle, Hüzur Nəşriyyat, İstanbul 1998, s. 792) hədisləri ilə gözəl əxlaqın vacibliyinə diqqət çəkmiş və möminləri bu mövzuda səmimi səy göstərməyə dəvət etmişdir.

Allah’ın və peyğəmbərimizin (s.ə.v.) gözəl əxlaqla bağlı tövsiyələrini bilən möminlər həm öz nəfslərinə qarşı mübarizə aparmaq, həm də Quran əxlaqını insanlara izah etmək üçün ciddi səy göstərirlər.