İnsan ruhu

Quranda ruh


Quranda ruh

Ruh həyat, idrak və hərəkətin mənbəyi, mənəvi varlıq, vəhy, Allah`ın kəlamı, Qurani- kərim, qüvvət, vəhy mələyi Cəbrayıl (ə.s), hiss, duyğu və s. mənalarda işlədilir. (Raşid el-İsfahânî, el-Müfredât) Garibil-Kur'ân, Mısır 1961, "ruh" md.) Ruh sözü Quranda bir neçə yerdə müxtəlif mənalarda istifadə edilir:

“Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)

  1. Allah hz. Adəmi torpaqdan yaratmış, ona Öz ruhundan üfləyərək can vermişdir. Yenidən insanı ana bətnində yaratdıqdan sonra ona Öz ruhundan üfləmiş və ona ruh bəxş etmişdir. Quranda bu barədə xəbər verilir:

    “Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”” (Sad surəsi, 71-72)
  2. Ruh kəlməsi Quranda "Ruhul-Qüds” ve "Ruhül-Əmin" mənaları ilə Cəbrayıla (ə.s) işarə edir.

Ruh Ruhül-Qüds mənasında dörd yerdə işlədilir:

"Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. (Bəqərə surəsi, 87)

"Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. (Bəqərə surəsi, 253)

"Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. (Maidə surəsi, 110)

"De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102) 

Ruhül-Qüds "ruh" və "qüds" sözlərinin birləşməsindən əmələ gəlib. “Qüds” sözü müqəddəs, mübarək deməkdir. Ruhül-Qüds qüsursuz, müqəddəs və təmiz ruh, vəhy mələyi Cəbrayıl deməkdir. . (Elmalılı Hamdi Yazır, Hak Dini Kur'ân Dili, V, 3125). 

Ruhul-Qüdslə eyni mənada işlədilən Ruhul-Əmin Quranda yalnız bir ayədə işlədilir:

"Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir." Onu Cəbrail (Ruhuləmin) endirdi. (Şuəra surəsi, 192-193)

3) Eyni zamanda ruh sözü ilə uca Allah`ın vəhyi, başqa sözlə, ayələri ifadə edilir. (Doğrusunu Allah bilir.) 

"Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”" (“Nəhl” surəsi, 2) 

Ruhun əsl mənasını isə Allah`dan başqa heç kim bilməz. Uca Allah Quranda bu barədə xəbər verir:
“Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)

Quranda insan ruhu ilə bağlı sirlər

Rəbbimiz Quranda ruh barədə az məlumat verir. Lakin insan ruhu ilə əlaqəli Öz qanunlarını insanlara xəbər verir. Məsələn, Quranda “…Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır.” (“Rad” surəsi, 28) ayəsi ruhun rahatlığa qovuşmasının sirridir. Ayədə bildirildiyi kimi, ruhun əsl sahibi və qəlblərin yaradıcısı uca Allah yaratdığı sistemlərin necə işlədiyini açıq-aydın göstərir. Buna görə də insan yaradılışına uyğun yaşamalıdır. Başqa sözlə, insan həyatını yaradılış məqsədi olan Allah`a qulluq etmək üzərində qurmalıdır.

İnsan iman gətirib gözəl əxlaqa yiyələndikdə, Allah`a həmd, təvəkkül və şükür edəndə həm ruhən, həm də cismən sağlam və çevik olur. Allah`a inanan, Ona qulluq edən, Ona güvənən insanların digər insanlardan həm ruhi, həm də fiziki cəhətdən daha sağlam olmalarının səbəbi yaradılışlarına uyğun yaşamalarıdır. İnsan yaradılışına zidd fəlsəfə və sistemlər isə həmişə kədər, əziyyət və sıxıntı gətirir. Allah`ın qanuna uymadıqda xoşbəxtliyi və rahatlığı tapmaq qətiyyən mümkün deyil. 

İmanın sağlam həyata təsiri

İmanla insan ruhu arasındakı əlaqə tibbdə də müxtəlif tədqiqatlarla sübuta yetirilmişdir.

Harvard Universitetinin tibb fakültəsindən dr.Herbert Benson din və sağlamlıq arasındakı əlaqəni öyrənmək məqsədilə tədqiqatlar aparmış və bəzi maraqlı məqamları ortaya çıxarmışdır. Tədqiqatlar nəticəsində Benson iman gətirməyən insan olmasına baxmayaraq, Allah`a inamın və ibadətlərin insan sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini müşahidə etmişdir. Nəticədə Benson heç bir etiqadın Allah`a olan inanc qədər zehnə rahatlıq bəxş etmədiyi qənaətinə gəlmişdir. (M. Grant Gross, Oceanography, A View of Earth, 6-cı cild, Englewood Cliffs, Prentice-Hall Inc., 1993, səh. 205) Materializmi dəstəkləyən Benson insan bədəninin və zehninin Allah`a inanmağa uyğun olduğunu bildirdi. (Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2-ci cild, Mosby-Year Book Inc., St. Louis, 1996, səh. 211; Charles R. Noback, N. L. Strominger, R. J. Demarest, The Human Nervous System, Introduction and Review, 4-cü cild, Lea & Febiger, Philadelphia, 1991, səh. 410-411)

İmanın kamilləşməsinin insana qazandırdıqları

Allah insan ruhunu gözəlliklərdən zövq almağa uyğun yaratmışdır. Ancaq bu, insanın estetika anlayışının daha da təkmilləşməsi və imandan qaynaqlanan ağılla birbaşa əlaqəlidir. İmanın kamilləşməsi və cənnətə olan həsrət, Allah`ın icazəsi ilə, insanın gözəlliklərdən daha çox zövq almasına səbəb olur.

Allah Quranda səmimi müsəlmanlara vəd etdiyi cənnətin gözəlliklərindən bəhs edərkən oranı insan ruhunun ən bəyənəcəyi və ən çox zövq alacağı nemətlərlə bəzədiyini müjdələyir. İnsana “ən gözəl surəti” bəxş edən Rəbbimiz onu hər cür gözəllikdən, estetikadan və sənətdən zövq alacağı fitrətdə yaratmışdır. Mömin dünyada cənnət nemətlərinin bənzərini gördükdə çox böyük zövq alır və bu nemətlər üçün Allah`a hər an şükür edir.

İslam alimlərinin ruh haqqında fikirləri

Vücuda can verən ruhun xüsusiyyətlərini, vücudla əlaqəsini Allah`dan başqa heç kim bilməz. (Kurtubi)

Ruh ali, nurani və canlı varlıqdır. Ancaq duyğu orqanları ilə hiss edə bildiyimiz cisimlər kimi deyil. Qismən suyun gül içində dolaşmasına bənzəyir. Bədəndə dolaşdıqca bütün orqanlara həyat verir. (Alusi və Ibn Kayyım el-Cezviyye)

Allah Təala qiyamət gününə qədər Adəmin (ə.s) nəslindən olanların hamısını hüzurunda toplamış, əvvəlcə onların ruhunu yaratmış, sonra surət vermiş və öz nəfislərinə şahid tutaraq “Mən sizin Rəbbiniz deyiləmmi?” deyə soruşmuşdu. (İbni Kesir, Hədislərlə Qurani Kərim Təfsiri)

Elm ərbabı (elm adamları) ruhun vücuddan əvvəl yaradıldığı və Allah`ın onu danışdırıb şahid tutduğu barədə ittifaqdadırlar (həmfikirdirlər). (Ebu Hureyre r.a.)

Ruh ölüm mələyi tərəfindən tutulur, bədəndən çıxarılır, qiyamət gününə qədər müvəqqəti qalacağı Bərzəx aləmində saxlanılır. Dünya ilə axirət arasında keçid olan Bərzəx aləminin mahiyyətini yalnız Allah Təala bilir. Ancaq Bərzəx Aləmində cəza və ya mükafatın ruhlar üzərində təsiri olur. Qəbir ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur. (Tirmizi)

Bədənlərdən fərqli olaraq ruhlar bir-birlərinə heç bənzəmirlər. Bədənlərin oxşarlığı ruhların oxşarlığından daha çoxdur. Vücudu olmayan müqəddəs ruhlar, mələklər bir-birindən fərqləndiyinə, cinlər də bir-birindən fərqli yaradıldığına görə, insan ruhları da, əlbəttə, bir-birindən fərqlidirlər və fərqlənirici xüsusiyyətlərini qoruyurlar. (İbn Kayyım el-Cezviyye)

Ruh qəbirdə cəsədə girər, lakin vücudu canlandırmaz. Qəbirdə ruhun cəsədlə əlaqəsi yuxuda bədənlə əlaqəsi kimidir. (El-Cevahir fi Tefsiril kuran)

Ruh zîhayat (canlı), zîşuur (şüurlu), nurani, vücudu-xarici geydirilmiş (fiziki olmayan), camî (bir çox xüsusiyyəti olan), hakikatdar (gerçək), külliyət kəsb etməyə müsaid (sonsuz olmağa uyğun) bir qanunu-əmridir (Allah`ın qanunudur). (Bədiüzzaman Said Nursi)

Quranda zəka, vicdan və ruh

Zəka nədir?

Zəka dedikdə ağlımıza insanın düşünmə, qavrama, mühakimə etmə və nəticə çıxartma qabiliyyətlərinin məcmusu gəlir. İlk dəfə və ya qəflətən meydana gələn hadisələrə uyğunlaşmaq, qavramaq, öyrənmək, təhlil etmək, beş duyğunun, diqqətin və düşüncənin cəmlənməsi, xırdalıqları sezmək zəka vasitəsi ilə reallaşır. Demək olar ki, bu barədə irəli sürülən nəzəriyyələrin hamısında zəka insanın anadangəlmə sahib olduğu, nəsildən-nəslə ötürülən və mərkəzi sinir sisteminin funksiyalarını yerinə yetirən, təcrübə, öyrənmə və ətraf mühit faktorları ilə formalaşan məfhum kimi qeyd edilir.

Zəka ilk on ildə böyük inkişaf mərhələləri keçir. Ən sürətli inkişaf mərhələri isə ilk iki ildə baş verir. Başlanğıcda davranışları bir neçə refleksdən ibarət olan körpə iki yaşı tamam olanda Allah`ın yaradılış möcüzəsinin təzahürü kimi sərbəst gəzir, danışır, kiçik ehtiyaclarını ödəyir, səbəb-nəticə əlaqəsini qavrayır, sadə planlar qurur, hətta yaddaşa yiyələnir.

Zəkanın yeri: Beyin

Alimlər zəkanın beyində yerləşdiyini hesab edirlər. İnsan beynində 10 milyarddan çox sinir hüceyrəsi var və bunların hər biri təxminən 10000 hüceyrə ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Neyron adlandırılan bu sinir hüceyrələrində siqnallar mürəkkəb elektrokimyəvi reaksiyalar zənciri nəticəsində meydana gələn və sayı saniyədə minə çatan titrəyişlər kimi çatdırılır.

Yeni bir məkanda üzləşdiyi mürəkkəb problemləri həll edən insanın beyninin hansı bölgəsindən istifadə etdiyini öyrənərkən zəkanın iki əsas hissədən ibarət olduğu aşkarlandı: Yeni məlumatı analizetmə sürəti və yaddaşın sürəti. Zəkalı insanlar qısa müddətli yaddaşlarında daha çox məlumat saxlayır və bu məlumatlarla müxtəlif əməliyyatlar həyata keçirə bilirlər.

Tədqiqatlar daha zəkalı insanların beyin fəaliyyətlərini daha kiçik sahəyə sığdıraraq kompleks əməliyyatları həll edə bildiklərini göstərir. Beyindəki aktiv sahələr bu iş üçün ən müvafiq sahələrdir. Nisbətən az zəkalı insanlar isə eyni əməliyyat üçün beyinlərində daha böyük sahəni aktivləşdirir və daha çox enerji sərf edirlər. Bir sözlə, elmi təcrübələr zəka səviyyəsi yüksək beyinlərin daha səmərəli çalışdıqlarını sübuta yetirir. Bəs bunun səbəbi nədir?

Beynin əsas elementləri sinir hüceyrələri, yəni neyronlardır. Digər hüceyrələrdən fərqli olaraq neyronlar dendrit və akson adlandırılan iki hissədən ibarətdir. Dendrit çox sayda qısa protoplazmatik çıxıntılardan ibarətdir və hüceyrənin kökləri vəzifəsini daşıyırlar. Hüceyrənin gövdəsindən çıxan uzun silindrik çıxıntı isə akson adlanır. Aksonlar siqnalların göndərildiyi incə liflərdir və beyinə impulsların çatdırılması funksiyasını yerinə yetirirlər. Beynimizdəki sinir hüceyrələrinin yüz trilyon birləşmə nöqtəsi var. Bu birləşmə nöqtələrində böyük molekulyar nəqliyyat fasiləsiz fəaliyyətdədir. Hər sinir hüceyrəsində məlumatı qəbul edən dendrit və məlumatı ötürən aksonlar mielin adlı maddə ilə örtülüdür. Bu maddə qorumaq funksiyasını yerinə yetirir. Hüceyrələr arasında rabitə neyronlar arasına ifraz olunan xüsusi kimyəvi maddələr (mediatorlar) vasitəsilə əmələ gəlir ki, buna sinaps deyilir. Sinapslar qonşu sinir hüceyrələrinin bir-birlərinə çox yaxınlaşdıqları, lakin toxunmadıqları kiçik hissələrdir.

İnsanların müxtəlif zəka səviyyəsinə malik olması sinir hüceyrəsi əsas götürüldükdə dendritlərin, neyronların, sinapsların sayından, sinapslardaki məlumatın ötürülmə keyfiyyətindən və ya mielinin keyfiyyətindən asılı bilər.

Buna görə də zəkanın bioloji əsaslarını qavramağa kömək edən iki müxtəlif model vardır.

1.Mielin fərziyyəsi

Necə elektrik kabeli daha yaxşı izolyasiya edildikdə elektriki daha sürətli, səmərəli və qısa qapanma təhlükəsini azaldaraq ötürürsə, mielin maddəsi ilə möhkəm örtülmüş aksonlar da daha cəld və itkisiz çalışırlar. Bu fərziyyə insanın inkişafı ilə də təsdiqlənir. İnsanın öyrənmə qabiliyyəti ilk 15-ci ilə qədər daha sürətlidir və 65-ci ildən sonra zəifləməyə başlayır. Bu sistem mielinin formalaşması və dağılması ilə paralellik təşkil edir.

2.Nevroloji fərqləndirmə fərziyyəsi

İnsan beynindəki sinapsların sayı sabit olmur. Böyüdükcə beynimizdə yeni əlaqələr meydana gəlir. Lakin bu əlaqələr müəyyən müddətdən sonra zəifləməyə başlayır. Bu müddət nevroloji fərqləndirmə adlanır. Həyatın ilk beş ilində yaranan əlaqələr 15 yaşa qədər ayırd edilir. Zəka geriliyi olan insanların ölümündən sonra beyinlərində aparılan təcrübələr bu insanların beyinlərində normadan çox sinaps olduğunu, yəni hər şeyin bir-biri ilə əlaqə qurduğunu müəyyənləşdirdi. Bununla əlaqədar dahi adlandırılan şəxslərin beyinlərində, bəlkə də bu təmizləmə və ya ayırd etmə səmərəli şəkildə reallaşmış və yalnız lazımi sinapslar beyində saxlanmış ola bilər. Bu da bu insanların beyinlərinin kiçik bir hissəsini istifadə etdiklərini və daha az enerji sərf etdiklərini açıqlaya bilər.

Sinaps iki neyronun akson kəsişməsinin ucundakı boşluqlara deyilir. İki neyron arasındakı əlaqə sinaps adlanan bu kəsişmə nöqtələrində qurulur. Bunu bir telefon stansiyası vasitəsi ilə eyni anda çox sayda insanın bir-birilə danışmasına bənzədə bilərik. Bir neyron da sinapslar vasitəsi ilə çox sayda neyronla eyni anda xəbərləşə bilir.

Beynimizin də sinir hüceyrələrindən əmələ gəldiyini nəzərə alsaq, öz-özünü araşdıranın, analiz edənin bu hüceyrə əlaqələrindən tamam başqa bir şüur olduğunu açıq-aydın görərik. Əlbəttə, bu şüur nə beyni yaradan sinirlər, nə yağ təbəqəsi, nə də sinir hüceyrələridir. Məhz bu həqiqət hər şeyin maddədən ibarət olduğunu iddia edən materialistləri və darvinistləri çıxılmaz vəziyyətə salır. Çünki bu varlıq Allah`ın yaratdığı ruhdur. Allah bütün bu hissləri hər bir insanın ruhu üçün ayrı-ayrı yaradır. Bu hissləri yaradan Allah mütləq və tək varlıqdır.

Beyinin hissələrinin funksiyaları?

  • Sağ beyin (beyinin sağ yarımkürəsi) yeni ideyalar yaratmağa, duyğulara, səslərə və rənglərə, təxəyyülə, hiss və mücərrəd qavrayışlara uyğun işləyir.
  • Sol beyin (beynin sol yarımkürəsi) məntiqli, sistemli, analitik düşünməyə, yazı və rəqəmlərə, ölçmə, qiymətləndirmə və tənqidə daha uyğun çalışır.

İnsan beyninin bu xüsusiyyətləri fərqli zəka sahələrinin müəyyənləşdirilməsinə, zəka testlərinin müxtəlif kateqoriyalar üzrə hazırlanmasına səbəb olmuşdur.

Zəka testləri və IQ

Stanford-Binet testində zəka yaşı uşağın hansı yaş aralığına uyğun skoru almasına görə bəlli olur. Məsələn, 5 yaşlı uşağın zəka testindəki nəticələri yüksəkdirsə zəka yaşının daha yüksək olduğu güman edilir. 

IQ = (Zehni Yaş / Xronoloji Yaş) x 100 

Zəka bölmələrinin (IQ) qarşılıqları belədir:

IQ 0- 25 arası ağır gerilik 

IQ 26-50 arası orta gerilik 

IQ 51-75 arası zəif gerilik 

IQ 76-90 arası sərhəd zəkalılar 

IQ 91-110 arası normal zəka 

IQ 111-125 arası irəli zəka 

IQ 126-140 arası üstün zəka 

IQ 140-155 arası çox üstün zə

IQ 156-və daha yuxarı dahi

Zəka və ağılın fərqi

Zəka və ağıl çox vaxt eyni mənada işlənsə də tamamilə fərqli məfhumlardır. Zəka səbəb və nəticə arasındakı əlaqəni tapmaq, oxşarlıq və fərqlilikləri müəyyənləşdirməkdir. Ağıllı insan zəkanın bütün üstünlükləri ilə yanaşı zəkalı insanda olmayan qavrayış və bacarığa da sahibdir.

Ağıl insana zəkadan daha üstün xüsusiyyətlər; dərin düşünmə, səhvi düzdən ayırma və bütün problemləri asanlıqla həll etmə qabiliyyəti qazandırır. Eyni zamanda ağıl həyatın bütün sahələrində çox əhəmiyyətli yerə malik olan bacarıqdır. İnsan həyatının hər anında yalnız ağılı vasitəsi ilə doğru düşünə, qiymətləndirə və ən düzgün qərarları qəbul edə bilər. Ağıllı insan qarşılaşdığı hadisələrdə bir çox insanın görə bilmədiyi məqamları sezir, dəqiq diaqnozlar qoyur və hadisələrdən doğru və hikmətli nəticələri çıxarırlar. Gələcəklə əlaqəli planlarda dəqiq fikir söyləyə, qarşılaşa biləcəyi vəziyyətləri əvvəlcədən müəyyənləşdirə və planları qüsursuz icra edə bilir. Eyni zamanda keçmişdəki təcrübələrini də yerində və müvəfəqiyyətlə istifadə edə bilir.

İnsanı bu üstün xüsusiyyətə aparan yeganə yol isə imandır. Allah Ona iman gətirən və Ondan qorxan insanlara qatından xüsusi bacarıq bəxş edir. Quranda Allah qorxusunun insana qazandırdığı bu bacarıq belə ifadə edilir:

“Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.” (Ənfal surəsi, 29) 

Vicdan nədir?

Allah Quranda möminlərə təvazökar olmağı əmr edir. Ancaq mömin necə təvazökar olacağını, bu gözəl Quran əxlaqına necə yiyələnəcəyini ağlına uymaqla özü müəyyənləşdirir. Vicdanına tam tabe olmaqla isə həyata keçirir. 

Mömin gündəlik həyatında tez-tez seçim etmək məcburiyyətində qalır. Qarşılaşdığı variantlar arasında Allah`ın razılığına ən uyğun olanını, dininin mənfəətlərinə ən faydalı olanını seçməklə məsuldur. Bütün seçimlərində Qurana və vicdanına müraciət etməlidir. İstənilən hadisədə, seçimdə ilk vicdan insana Allah`ın rızasına ən uyğun olanı deyir. Daha sonra nəfsi irəli atılır və insanı öz istəklərinə yönəltməyə çalışır. Bu zaman müxtəlif bəhanələrlə insanı vicdandan uzaqlaşdırmağa çalışır. Quranda nəfsin söylədiyi bu bəhanələrə tez-tez diqqət çəkilir.

Mömin nəfsinin fısıldadığı bütün bəhanələrə qulaqlarını tıxamalı və vicdanının ona göstərdiyi ilk doğru yola uymalıdır. İnsan Quranda bildirilən möminlərin vicdanı ilə bağlı nümunələr üzərində düşünməlidir. Bir ayədə Peyğəmbərimizin (s.ə.v.) dövründə müharibəyə qoşula bilmədikləri üçün gözlərindən yaş axan möminlərdən belə bəhs edilir:

“Allah`a və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad üçün) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur). (Tövbə surəsi, 91-92) 

Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdə müharibəyə qoşulmaq olduqca təhlükəli və çətin idi. Buna baxmayaraq, möminlər Allah yolunda savaşmağa can atmışlar. Səhabələr yaralanmaqdan, hətta ölümdən zərrəcə qorxmayaraq müharibədə şövqlə vuruşmuşlar. Bu ayələrdə Allah müsəlmanlara vicdana tabe olmağın gözəl nümunələrini vermişdir.