Adamlıq DİNİ

Adamlıq dinində evlilik psixologiyasi


Adamlıq dinində evlilik psixologiyasi

Adamlıq dinində evlilik dövrü gənc qız və oğlanın müəyyən  yaşa gəlməsi ilə başlayır. Artıq ata və ana uşaqlarının “mürvətini” görmək və illərlə verdikləri əməklərinin qarşılığını yavaş-yavaş almaq istəyirlər. Ümumiyyətlə, adamlıq dininin evlilikləri eşqbazlıqdan fərqli olaraq təbii tanışlıqlarla olmur. Müəyyən yaşa gəlmiş oğlan və qızların mütləq evlənməsinin lazım olduğu düşünüldüyü üçün bunu təmin etmək üçün bir çox üsullardan istifadə olunur. Əgər şəxslər bunu bacara bilmirlərsə, bu vəziyyətdə iş ailələrinə, qohumlarına və dostlarına düşür. Əvvəlki hissədə bəhs etdiyimiz eşqbazlıq dövrü evliliyə gedən bir addım olaraq görülür. Lakin bu, kəslər tərəfindən yaxşı qiymətləndirilmədikdə  evlilik üçün süni görüşlər və tanışlıqlar nizamlanır. Bu görüşlərin hər yerdə tanınan ustaları olur. Çevrədə gəncləri bir yerə gətirməsiylə məşhur olan bu yaşlı kişilər vaxtlarını uyğun mədəniyyətə,  zənginliyə,  gözəllik və mühitə sahib gəncləri axtarmaqla keçirirlər. Demək olar, hər ailənin belə bir böyüyü və ya tanışı vardır. 

Beləcə, evlilik dövrünün tanışlıq  mərhələsi başlayır. Tanışlıq nizamlandıqdan sonra iki tərəf də bir-birlərini ailələrinin onlara öyrətdiyi süzgəcdən keçirməyə başlayır. Nəhayət, ailəsinin kiçiklikdən bəri onun üçün xərclədiyi zaman və imkanın qarşılığını onlara vermə zamanı gəlmişdir. Yaxşı evlilik həm çevrəsi, həm özü və həm də ailəsi üçün lazımlı və şərtdir. Tanışlıqdan  sonra əgər hər iki tərəf də bir-birinin yaşadığı mühiti, ictimai mövqeyini, paltarının markasını və ya avtomobilini bir-birlərinə uyğun hesab etmişdirsə, tanışlıqdan sonra  yemək və görüş hazırlanır. Bu görüş üçün paltar seçmək olduqca uzun vaxt aparır. Hər iki tərəf davamlı bu görüşdə nə geyəcəyini düşünür. Hətta bu düşünmə hadisəsinə ailələr və yoldaşlar da qatılır və geyiləcək paltar birgə təyin edilir. 

İki tərəfin evliliyə razı olması üçün o qədər uzun zamana ehtiyac olmur. Qadın kişinin özünü dolandıracağına ümid edərsə, evlənər. Kişi də qadının özünü iş və ya ictimai mühitdə yaxşı təmsil edəcəyinə, yanında yaxşı görünəcəyinə razı olmalıdır. Nişan qərarlaşdırılır. Nişan görüşün cəmiyyət tərəfindən təsdiqlənmiş halıdır. 

Səmimiyyətsizlik əvvəldən etibarən hadisənin ən diqqətə çarpan xüsusiyyətidir. Kişi aldığı  çiçək və hədiyyələrlə imkanını daha da çətin duruma salır. Özünü qıza və ailəsinə nümayiş etdirərək zəngin və comərd göstərməyə çalışır. Çünki qızla evlənməsi haqqında zənginliyi ilə əlaqədar əldə edilən imicə bağlıdır. Bu vaxt ərzində pul xərcləməkdən çəkinmirlər, çünki həmin xərc irəlidə iki tərəfə də ev, pul, paltar və s. olaraq artıqlaması ilə qayıdacaq. Ailə qısa zamanda kürəkən haqqında bir növ ictimai araşdırma aparır. Hər kəsin kürəkən haqqındakı fikirlərini öyrənirlər. Əsl məqsədləri “necə adamdır, haqqında nə deyirlər?” sualına cavab tapmaqdır. Kürəkənin gəlir səviyyəsi, malı-mülkü haqqında məlumat toplayıb yaxın çevrəyə danışırlar. Əgər maddi vəziyyəti yaxşıdırsa, xarici görünüşü və əxlaqı o qədər əhəmiyyət daşımır.

Bundan sonra, ailələr görüşməyə başlayır. Bu görüş bir növ alış-veriş görüşüdür. Qızın ailəsi qızlarının qarşılığında nə alacağını hesablayır. Bu, birbaşa pul olmasa belə, şan-şöhrət, ev, mebel kimi bir qarşılıqdır.

Qərar verildikdən sonra toy üçün pul yığılmağa başlanır. Qıza hədiyyələr alınır. Nişanı qız tərəfi edir. Qarşılığında möhtəşəm bir toy gözləyir. Hansı tərəfin bu iş üçün nə qədər pul xərcləyəcəyi əvvəldən müəyyən olunmuşdur. Tam olaraq xərci bölüşürlər. Toydakı içkilərə qədər tərəflərin nəyin pulunu ödəyəcəyi müəyyən edilmişdir. Ailənin maddi durumu xərclərə yetməsə belə, borcla və ya  bir şey satmaqla bunu yoluna qoyurlar. Qarşı tərəfə görə xəcalət çəkib kasıb görünməmək bu mühüm dövrdə çox əhəmiyyətlidir. 

Hər iki tərəfin də yaxın çevrələri pulsuz yeyib-içib əylənmək üçün toyu dörd gözlə gözləyirlər. Lakin bir tərəfdən də gəlin və kürəkənə hədiyyə almaları, zinət əşyaları taxmaları gərəkdiyi üçün sıxıntı çəkirlər. “Ən ucuz hansı hədiyyəni ala bilərik?” problemi başlayır. Gəlinlə kürəkənin atalarından mənfəəti olanlar yaxşı hədiyyə taxır, yaxşı ailə dostu kimi davranırlar.

Adamlıq dininin evliliklə əlaqədar mərasimlərinə baxıldığında dünya həyatının  aldadıcı  bəzəyi olan nümayiş marağı və insanların razılığını qazanma  xəstəliyi ən üst səviyyədə müşahidə edilir. Ailələrin nişan, toy kimi cəlbedici mərasimlər təşkil etməsindəki əsas məqsəd  özlərini insanlara nümayiş etdirməkdir. Məsələn, cehiz açılma günləri bütün qonşular evə çağırılır. Əşyalar nümayiş etdirilib  hər kəsə- dosta, tanışa göstərilir. Qonaqlar isə çox bəyəndiklərinə dair şişirdilmiş reaksiyalar verirlər. Ancaq çox vaxt öz evlərinə döndüklərində  nə qədər pis, işə yaramayan şeylər alındığı haqqında müzakirələr edirlər.